"Diaqnostik qiymətləndirmənin müsahibə mərhələsində boşluqlar var"




"İmtahanlarda insan müdaxiləsinin sıfıra bərabər olması müəllim olmaq istəyən şəxslərin nəticələrinə müsbət təsir edir”.

Bunu "Sherg.az”a müəllimlərin diaqnostik qiymətləndirməsinin nəticələrindən danışarkən təhsil eksperti Kamran Əsədov deyib. 

O bildirib ki, imtahanda iştirak edən müəllimlərin 48 faizdən çoxu yüksək nəticə göstərib:

"Bu onu göstərir ki, insanlar daha yaxşı hazırlaşırlar Bir məqam var ki, müəllim olmaq istəyən şəxslər ali təhsilli, ixtisaslı kadrlar olsalar da, imtahanlara hazırlaşıb, gedirlər. Onların universitetdə əldə etdiyi biliklər demək olar fayda vermir. Bu o deməkdir ki, onlar universitetdə əldə etdikləri biliklərlə işə qəbul ola bilmirlər.

Müsahibə mərhələsində isə boşluqlar var. Müsahibədə iştirak edən namizədlər özlərini sərbəst aparmırlar. Komissiya üzvləri onsuzda biliklərini nümayiş etdirib, test imtahanından keçənlərə yenə öz ixtisaslarından sual verirlər. 

Üstəlik, müəllimlər müsahibəyə məktəbdə geyinməyəcəkləri geyim formasında gəlirlər. Halbuki orta məktəblərimizdə müəllimlərimizin demək olar heç biri "dress code”a əməl etmir. Bəziləri sanki toya gedirmiş kimi geyinir. Müsahibədə heç kimin xoşuna gəlməyə ehtiyac yoxdur. Müəllimlər müsahibə mərhələsinə sadəcə psixoloji hazırlıqla gəlməlidir”.

K.Əsədovun sözlərinə görə, komissiya üzvləri müəllimlərə problemli situasiyadan çıxış haqqında suallar verirlər. O bildirib ki, belə suallar əslində müəllimlər 1 il işlədikdən sonra verilməlidir:

"Ümumilikdə hesab edirəm ki, ən ciddi uğurumuz neqativlərin, sui-istifadə hallarının aradan qaldırılmasıdır. Bilik və bacarıqlara malik olan gənclər artıq orta məktəblərdə çalışmağa başlayacaqlar ki, bu da Azərbaycan təhsilinə müsbət irəliləyişlər vəd edir. Müəyyən nüanslar var ki, nəzərə almaq lazımdır. Yeni işə qəbul edilmiş müəllimlərin fəaliyyəti hər il yoxlanılmalıdır. Uzun müddət çalışanları da unutmamalı, vaxtaşırı onları yoxlamalıyıq. Bütün müəllimlər ən azı ildə bir dəfə xüsusi komissiyalar vasitəsilə yoxlanmalıdır”.

Qeyd edək ki, hazırda müəllimlərin işə qəbulunun ikinci – müsahibə mərhələsi yekunlaşmaq üzrədir.

Aysel Aslan