DİM-ə səlahiyyətin verilməsi məntiqidir

Nazir, məmur övladları da çox vaxt özlərini məhz sosial şəbəkələrdəki paylaşımlarla “yandırırlar”. Biri yaxtasını nümayiş etdirir, digəri bahalı avtomobilini
Bu, bəzi qudurğan məmurları “ağıllandırmaq” məqsədi daşıyır

Dövlət qulluqçuları, məmurlar bundan belə hərəkət və davranışlarında daha da diqqətli olmaq zorundadır. Çünki dövlət qulluqçularının etik davranış qaydalarına riayət edib-etmədiklərinə Dövlət İmtahan Mərkəzi nəzarət edəcək. Həmçinin, vətəndaşlar da, məmurların davranışlarından narazı qaldıqda DİM-ə şikayət edə biləcəklər. Yəni, ictimai nəzarət hakimi rolunda Məleykə Abbaszadə çıxış edəcək.

Dövlət İmtahan Mərkəzinə belə bir səlahiyyət verilməsi, şübhəsiz, bəzi məmurların səlahiyyət həddini aşmaları ilə bağlıdır. Son günlər baş vermiş hadisələr, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini, general Novruzəli Orucovun oğlunun avtobus sürücüsünü döyməsi və bundan bir neçə gün sonra generalın vəzifəsindən kənarlaşdırılması dövlət məmurlarının etik davranış məsələsini də gündəmə gətirib. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də Nazirlər Kabinetinin toplantısında səsləndirdiyi fikirlər, dövlət qulluqçuları və məmurların fəaliyyətinə artıq çox ciddi nəzarət ediləcəyinin anonsu idi. Nəticə özünü çox da gözlətmədi və Dövlət İmtahan Mərkəzinə həm dövlət orqanlarında çalışan qulluqçuların etik davranışlara əməl etməsinə nəzarət, həm də vətəndaşların bununla bağlı şikayətlərini qəbul edib araşdırmaq tapşırıldı.

Məsələni "Şərq”ə şərh edən "Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev DİM-ə belə bir səlahiyyət verilməsinin məmur özbaşınalığı, vəzifə səlahiyyətlərinin aşılması, həmçinin dövlət qulluqçularının bəzi hallarda ailə üzvləri ilə tərbiyəvi iş apara bilməməsindən qaynaqlandığını dedi:

- Bu, çox açıqdır ki, DİM-ə əlavə səlahiyyətlərin verilməsi bəzi qudurğan məmurları "ağıllandırmaq” məqsədi daşıyır. Artıq hər bir vəzifə sahibi, hər bir məmur bilməlidir ki, vətəndaş onların qeyri-etik, kobud davranışları ilə bağlı şikayət edə biləcək. Bundan əlavə DİM məmurların etik davranış normalarına nə dərəcədə riayət edib-etmədiklərini də araşdıracaq. Bu səlahiyyətin DİM-ə verilməsi təsadüfi deyil və tamamilə məntiqidir. Çünki dövlət qulluğuna imtahanları məhz DİM keçirir. Mütəxəssislər tərəfindən dövlət qulluqçusunun etik davranış normaları müəyyən edilib və bununla bağlı imtahan tapşırıqları da tərtib edilir. 

Dövlət qulluğuna işə qəbul olunmaq istəyən vətəndaş ixtisası ilə yanaşı, etik davranış qaydaları barədə də test tapşırıqlarına cavab verir. Bununla həm də vətəndaş dövlət qulluğuna qəbul olunacağı təqdirdə etik davranış qaydaları haqqında artıq bilgilər əldə etmiş olur, bilir ki, etik normalar hansı hallarda pozulmuş hesab edilir. Bunu bilən və bu barədə test tapşırıqlarını cavablandırmış birisinin sonradan qaydaları pozması, əlbəttə, yolverilməzdir. Dövlət İmtahan Mərkəzi məhz bu imtahan qaydalarından, imtahanlarda iştirak etmiş şəxslərin göstəricilərinə əsasən barəsində şikayət daxil olmuş şəxslə bağlı rəy hazırlayıb əlaqədar quruma təqdim edə biləcək. DİM mütəxəssisləri tərəfindən etik qaydaların müəyyənləşməsi DİM-ə imkan verəcək ki, onların pozulub-pozulmamasına dair də rəy bildirsin. Bu mənada səlahiyyətin DİM-ə verilməsi tamamilə düzgündür.

M.Əliyev hesab edir ki, bu məsələdə ictimaiyyət də lazımi aktivliyi nümayiş etdirməlidir:

- Bizim cəmiyyət bəzən çox passivlik nümayiş etdirir. "Şikayət etsəm, nə olacaq?! Onu işdən çıxaracaqlar?” deyib haqqını tələb etməkdən vaz keçir. Amma son hadisələr göstərir ki, hansısa nazir, məmur, idarə, müəssissə rəhbərinin vəzifə səlahiyyətlərini aşması üzə çıxdıqda konkret tədbirlər görülür. Vətəndaşlar belə məsələlərdə sosial şəbəkələr vasitəsilə aktivlik nümayiş etdirə bilər. Unutmayaq ki, nazir, məmur övladları da çox vaxt özlərini məhz sosial şəbəkələrdəki paylaşımlarla "yandırırlar”. Biri yaxtasını nümayiş etdirir, digəri bahalı avtomobilini, harada necə, kimlərlə istirahət etdiyini və s. Vətəndaşlar belə paylaşımları fakta çevirə bilər.

Məlahət Rzayeva