"Kamran Əsədov:"Test tapşırıqları keçmiş TQDK-da olan zaman dövlət büdcəsinin vəsaiti hesabına alınıb. İmtahan keçirilən binalar üçün DİM nə Təhsil Nazirliyinə, nə də digər qurumlara vəsait ödəyir"
Mühafizə xidmətçiləri də əlavə vəsait almırlar. DİM yalnız imtahanda nəzarətçilərə və imtahan rəhbərlərinə pul ödəyir ki, bu da adambaşına 30-50 manat təşkil edir. İmtahanda nəzarətçilərin sayı isə 400-600 arası olur
"İmtahanlar üçün müəyyən edilmiş xidmət haqları yüksəkdir və reallığı əks etdirmir”.
Bu barədə "Sherg.az”a ötən gün keçirilən magistr imtahanları haqqında danışarkən təhsil eksperti, tarix üzrə fəlsəfə doktoru Kamran Əsədov bildirib.
O vurğulayıb ki, magistr imtahanının birinci mərhələsi üçün 50, ikinci mərhələsi üçün 60 manat xidmət haqqının müəyyən olunması real xərclərdən dəfələrlə çoxdur:
" 2017-ci ildə Dövlət İmtahan Mərkəzi (DİM) göstərdiyi xidmət və keçirdiyi imtahanların qiymətini elan etdi. Xidmət haqları bakalavrların imtahanlarda iştirakına ciddi şəkildə təsir göstərib. 2016-cı ildə imtahanda iştirak etmək üçün 24110 bakalavr ərizə təqdim etmişdi. Halbuki 2016-cı ildə xidmət haqqı 3 manat idi. 2017-cı ildə qiymətlər kəskin artandan sonra iştirakçılar da kəskin azaldı. Beləliklə, 2017-ci ildə 13073 bakalavr sənəd qəbulunda iştirak etdi.
Hesab edirəm ki, magistr imtahanının birinci mərhələsi üçün 50, ikinci mərhələsi üçün 60 manat xidmət haqqının müəyyən olunması reallığı əks etdirmir. Adambaşına düşən xərclər heç də o qədər məbləğ edə bilməz. Nəzərə alsaq ki, imtahanda iştirak edənlər yüksək xidmət haqqı ödəsə belə, onlara sual kitabçaları verilmir.
Bununla yanaşı, istifadə olunmuş test tapşırıqları yeni sifarişlə deyil, keçmiş TQDK-da olan zaman dövlət büdcəsinin vəsaiti hesabına alınıb. Yəni DİM hazırda ciddi məbləğdə vəsait xərcləmir. İmtahan keçirilən binalar üçün DİM nə Təhsil Nazirliyinə, nə də digər qurumlara vəsait ödəyir. Xidmət aparan mühafizə xidmətçiləri də xidmətlərini yerinə yetirir, əlavə vəsait almırlar. DİM yalnız imtahanda nəzarətçilərə və imtahan rəhbərlərinə pul ödəyir ki, bu da adambaşına 30-50 manat təşkil edir. İmtahanda nəzarətçilərin sayı isə 400-600 arası olur. Bu da böyük xərc tələb etmir.
Ümumiyyətlə, hesab edirəm ki, imtahanlar üçün müəyyən edilmiş xidmət haqları yüksəkdir və reallığı əks etdirmir”.
Qeyd edək ki, ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul imtahanının birinci mərhələsində iştirak üçün 12387 bakalavr ərizə təqdim edib. İmtahanın xidmət haqqı 1-ci mərhələ üçün 50 manatdır. Beləliklə, DİM imtahanın birinci mərhələsindən 619,350 manat gəlir əldə edib.
Aysel Aslan