Nabatəli Qulamoğlu:"Konstitutsiyada din və dövlət ayrıdır. Təhsil müəssisələri dövlətin qurumudursa, orada dini dərslər keçirilə bilməz"
"Dini məktəbləri açmaq tamamilə ayrı məsələdir. Məsələn, müəyyən qrup toplanır və yerli orqanlara müraciət edirlər"
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı ölkəmizdəki ali və orta məktəblərdə dini dərslər keçiriləcəyini deyib. Komitə sədri Qeyd edib ki, Qafqaz Musəlmanları İdarəsi Quran kurslarına icazə verib:
"Dövlət də Quran kurslarının olmasını lazım bilir. Gələn ilin sentyabrından bütün ali məktəblərdə İslam dini və digər dinlər haqqında icbari dərs keçiriləcək”.
Təhsil üzrə mütəxəssis Nabatəli Qulamoğlu "Sherg.az”a açıqlamasında komitə sədri ilə razılaşmadığını söyləyib.
Ekspert vurğulayıb ki, orta və ali məktəblərdə dini dərslərin keçirilməsi qanunla qadağandır:
"Ümumiyyətlə, Konstitutsiyada din və dövlət ayrıdır. Əgər təhsil müəssisələri dövlətin qurumudursa, orada dini dərslər keçirilə bilməz. Dini məktəbləri açmaq tamamilə ayrı məsələdir. Məsələn, müəyyən qrup toplanır və yerli orqanlara müraciət edirlər. Onlar istəyir ki, övladları dini təhsil alsın. Bu zaman həmin şagirdlər üçün dini məktəblər açıla bilər. Amma ümumtəhsil məktəblərində dinin tədrisi qanunla qadağandır”.
N.Qulamoğlu Mübariz Qurbanlının fikirlərinin nöqsanlı olduğunu düşünür:
"Cəmiyyətimiz üçün bu fikirlər tamamilə zərərli tendensiyadır. Ümumiyyətlə, imkan vermirlər ki, öz hüquqlarını başa düşən, mübariz vətəndaş yetişsin. Fikrimcə, dini dərslərin təbliğində məqsəd normal vətəndaşlar yetişməsinə mane olmaqdır.
Açıq şəkildə deyirəm ki, bu dəqiqə məktəblərin özündə də dövlətin təbliğatçıları var. Həmin təbliğatçılar istəyirlər ki, məktəblərdə dini dərslər keçirilsin.
Bu çox təəssüfləndirici haldır. İnanmıram ki, cəmiyyət bunu qəbul etsin. Əgər dini dərsləri məcburi şəkildə keçəcəklərsə, təhsil eksperti kimi mən məhkəmə qarşısında iddia qaldıracam. Çünki bütün bunlar qanuna-ziddir”.
Yeganə Bayramova