DİQQƏT! :Dərman allergiyası çox təhlükəlidir ! - Nəfəs yollarını bağlayıb öldürür

Şəmsiyyə Namazlı:"Tibb müəssisəsinə vaxtında çatdırılmadıqda, xəstəyə ilkin tibbi yardım göstərilmədikdə bu şok halları fəsadlar yarada bilir. Hətta bəzən bu problemdən dolayı xəstəni itirə bilirik"
"Müxtəlif qidalardan, o cümlədən dərman vasitələrindən allergiya faktlarının təməlində əksərən genetik xüsusiyyətlər dayanır”.
Bu sözləri "Sherg.az”a insan orqanizminin dərmandan allergik reaksiyalarının səbəblərini izah edərkən tibb və fəlsəfə üzrə fəlsəfə doktoru, dietoloq Şəmsiyyə Namazlı söyləyib. 
Onun fikrincə, tibbi texniki imkanların genişlənməsi sayəsində hazırda bu faktorları müəyyən etmək mümkünləşib:
"Məsələn, ailədə ananın müxtəlif problemləri varsa, qız uşaqlarını yoxladıb, həmin problemlərin genetik keçmə riskini öyrənmək mümkündür. Nəticədə problemin yaranmasını gözləmədən narahatlıq aradan qaldırılır. Geniş anlamda irsiyyətin bu kimi məsələlərdə rolu var.
Hər hansı dərmanın orqanizmdə yaratdığı reaksiyalara gəlincə, bu orqanizmin xüsusiyyətindən asılıdır. Hər hansı dərmana qarşı orqanizmin reaksiyası ola bilər. Hətta bu ani şoklar saniyələr ərzində baş verir. Bəzi hallarda ilkin tibbi yardım göstərərək, xəstənin həyatını xilas etmək mümkündür. Tibb müəssisəsinə vaxtında çatdırılmadıqda, xəstəyə ilkin tibbi yardım göstərilmədikdə bu şok halları fəsadlar yarada bilir. Hətta bəzən bu problemdən dolayı xəstəni itirə bilirik.
Tavmatik şoklar çox zaman ildırım sürətilə baş verir. Burada yuxarı tənəffüs yolları şişir, nəfəsalma çətinləşir, kəskin tənəffüs çatışmazlığı baş verir. Nəticədə ağ ciyərlərin zədələnməsi fəsadları yarana bilər”.
Ş.Namazlı məsləhət görüb ki, hər hansı dərmandan və ya iynədən istifadə etməzdən əvvəl mütləq onun əks təsiri olub-olmadığı yoxlansın:
"Hər hansı antibiotik, dərman vurulan zaman ilk öncə sınaq qoyulur. Bədən reaksiya vermədikdə dərmanı istifadə etmək olar. Orqanizmin göstəricilərindən asılı olaraq, hər hansı dərman qəbul edildikdə belə reaksiya verə bilər. Bu tip allergiyaların müalicəsi mümkün deyil.
Adi dişin müalicəsi zamanı belə vurulan novokainə qarşı reaksiya verən orqanizm olur. Bu kimi hallarda ciddi fəsadlarla qarşılaşmamaq üçün insanlar yaxşı olar, öz orqanizminin xüsusiyyətini, allergiyası olduğu dərmanları bilsin. Bununla bağlı həkimi xəbərdar etmək də mütləqdir. Bu hallar təbabətdə həmişə olub, olacaq”.
Ayyət Əhməd