Doroxin diplomat kimi ziyalı adam olub

“Amma səfirin iradəsindən kənar olan məsələlər haqqında səfirliyin digər “əməkdaşları” məşğul olublar”



Rusiyanın ölkəmizdəki səfiri Vladimir Doroxinin missiyası başa çatıb. Doroxinlə sonuncu görüşü Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov keçirib. Görüşdə Azərbaycanla Rusiya arasında münasibətlərin hazırkı səviyyəsindən, yüksək səviyyəli səfərlər mübadiləsindən məmnunluq danışılıb. Keçmiş səfir fəaliyyət müddəti ərzində iki dövlət arasında münasibətlərin möhkəmləndirilməsi istiqamətində səylə çalışdığını bildirib.

O, ölkələrimiz arasında münasibətlərin səmimi xarakterinin bundan sonra da davam etdiriləcəyinə, qazanılmış təcrübənin hər iki dövlət və xalqların maraqları naminə istifadə olunacağına əminliyini vurğulayıb. Nazir Elmar Məmmədyarov isə fəaliyyəti müddətində səfir Doroxinin dövlətlər arasında münasibətlərin inkişafına töhfə verdiyini bildirərək, ona təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb. Məlumat üçün deyək ki, Vladimir Doroxin 2009-cu ildən bugünədək Rusiyanın Azərbaycandakı səfiri olub.

Missiyasını başa vurmuş səfirin fəaliyyəti ilə bağlı "Şərq”ə açıqlama verən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib ki, ABŞ və Rusiya kimi ölkələrin səfirləri sadəcə siyasi deyil, hərbi və kəşfiyyat xarakterli məsələlərlə də məşğul olurlar. Ekspertin fikrincə, Rusiyanın ölkəmizdəki səfirliyinin əsas missiyası Azərbaycanda gedən ictimai-siyasi proseslər və xarici siyasət haqqında məlumat toplamaq və Kremli xəbərdar etməkdir: 

"Rusiya kimi ölkələrin səfirliyində kəşfiyyat xarakterli xüsusi strukturlar olur. Onlar hərbi attaşe, yaxud katib adı altında fəaliyyət göstərsələr də, ətraflarında böyük casus kontingenti formalaşır. Onlar öz casusları vasitəsi ilə ölkədə "5-ci kalonu” yaradırlar. Yəni bir yandan ölkə barədə kifayət qədər əhəmiyyətli sayılan məlumatları Moskvaya ötürür, digər tərəfdən isə daxildə öz xeyirlərinə uyğun iş qururlar”.

Politoloq bildirib ki, Doroxin bir insan və diplomat kimi ziyalı adam olub: 

"Onun çıxışları, davranışları xoş təsir bağışlayıb. Həmişə qızışdırıcı bəyanatlar verməkdən çəkinib, Azərbaycan-Rusiya münasibətlərinin yaxşılaşdırılmasına can atıb. Amma səfirin iradəsindən kənar olan məsələlər haqqında səfirliyin digər "əməkdaşları” məşğul olublar. Nəzərə alaq ki, Rusiyanın Azərbaycandakı səfirlik heyəti ən böyük heyətlərdən biridir. Onların içində hər cür peşə sahibləri mövcuddur və xüsusi tapşırıqları icra edirlər. Həmin şəxslər yeni səfirin gəlişindən sonra da fəaliyyətlərini davam etdirəcəklər. Bu baxımdan Azərbaycan xarici ölkə səfirlərinə razılıq verərkən çox həssas və diqqətli davranır”.

İsmayıl