Dövlət Departamenti və pentaqon Trampın səhvini düzəltməlidir

Qətnaməyə səs verən ölkələri maliyyə sanksiyaları ilə hədələmək beynəlxalq birliyə savaş açmaqdır





ABŞ Prezidenti Donald Tramp Qüdslə bağlı Amerikanın mövqeyini dəstəkləməyən ölkələri maliyyə yardımının kəsiləcəyi ilə hədələyib.

Qüdsün statusu ilə bağlı BMT-nin Baş Assambleyasında müzakirə edilən məsələyə münasibət bildirən Tramp təşkilata üzv ölkələri nankorluqla suçlayıb: "Onlar bizdən milyonlarla, hətta milyardlarla dollar vəsait alır, sonra isə əleyhimizə səs verirlər. 

Əladır, qoy səs versinlər. Biz bunu nəzərə alıb xeyli pula qənaət edərik”. Xatırladaq ki, Vaşinqton BMT-nin Qüdslə bağlı qərarına veto qoymuşdu. Ekspertlərin fikrincə, Trampın siyasətə uyğun gəlməyən növbəti sərt və düşünülməmiş açıqlaması ABŞ-la BMT ölkələri arasında uçurumu bir qədər də dərinləşdirəcək.


Məsələ ilə bağlı "Şərq”ə danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması BMT-nin qətnamələrinə qarşı siyasi demarşdır. Onun sözlərinə görə, bu qərar beynəlxalq hüququn pozulmasına və Yaxın Şərqdə ciddi siyasi problemlərin dərinləşməsinə səbəb oldu: 

"Qüds beynəlxalq hüquqa görə həm İsrailin, həm də Fələstinin paytaxtı olmaqla Qərbi və Şərqi Qüdsə bölünüb. 

Ancaq Fələstin münaqişəsinin həll edilməməsi beynəlxalq Qüds problemini açıq saxlayır. Trampın qərarının müsəlman aləmində, həmçinin, beynəlxalq siyasi arenada narazılıqla qarşılanması labüd idi. ABŞ-ın vetosuna baxmayaraq, BMT-nin Təhlükəsizlik Şurasında Qüds probleminin qaldırılması beynəlxalq birlik tərəfindən Trampın qərarına sərt reaksiyanın nəticəsidir. Trampın qətnaməyə səs verən ölkələri hədələməsi, maliyyə yardımının kəsilməsini vurğulaması siyasətdən kənar gedişdir. Bu, Trampın qeyri-iradi siyasətindən irəli gəlir. 

Hesab edirəm ki, bu qərar beynəlxalq birliyə savaş açmaqdır”. Ekspertin sözlərinə görə, BMT üzvləri ilə bağlı verilən açıqlama və maliyyənin kəsilməsi ABŞ-ın beynəlxalq nüfuzunun ciddi zədələnməsi ilə nəticələnər: "Trampın siyasətinə qarşı Konqresin öz mövqeyini ortaya qoyması gözlənilir. Dövlət Departamenti və Pentaqon Prezidentin bununla bağlı açıqlamalarını düzəltməlidir. Trampın maliyyə sanksiyaları yeni böhrana səbəb ola bilər. BMT-nin bir qurum kimi fəaliyyətinə zərbə dəyər”.

İsmayıl