“Dövlət və İctimai Televiziyanın türk dünyası efirinə çıxması çox vacibdir” – Professor

Cahangir Məmmədli: “Hər iki televizamızın Dağlıq Qarabağla bağlı maraqlı süjetləri, analitik proqramları yeni formatlarla təqdim olunur. Bunları da türk dünyasına çatdırmaq önəmlidir”


Azərbaycanın dövlət və İctimai Televiziyasının türkdilli dövlətlərdə yayımlanması məsələsi gündəmə gəlib. Bununla bağlı Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov maraqlı təkliflə çıxış edib.

O bildirib ki, Azərbaycanın dövlət və İctimai Televiziyası Türk Şurasına üzv dövlətlərdə yayımlansın: "Televiziya sahəsində qarşılıqlı əlaqələr qurulmalı və dövlətlərin milli bayramları da efir vasitəsilə yayımlanmalıdır. Təəssüflər olsun ki, Azərbaycan televiziyalarının nə Qazaxıstanda, nə də Qırğızıstanda yayımlanmasına rast gəlinmir. Təklif edirəm ki, Azərbaycanın dövlət və İctimai Televiziyası Türk Şurasına üzv dövlətlərdə yayımlansın. Eyni zamanda həmin dövlətlərin də dövlət və ictimai televiziyaları Azərbaycanda yayımlansın”.

Azərbaycan televiziyalarının türkdilli dövlətlərdə yayımlanmasının şərəf olduğunu deyən BDU-nun professoru, tanınmış jurnalist Cahangir Məmmədli "Sherg.az”a açıqlamsında deyib ki, əgər təklif irəli sürülübsə, deməli, bu yaxınlarda icra mexanimlərinin də hazırlanması mümkün olacaq.

Professor qeyd edib ki, türk dövlətlərində mütləq televizyalarımızın yayımlanmasını həyata keçirmək lazımdır:

"5-6 il öncə Türkiyədəki "Türk Avaz” televiziyası ilə İctimai Televiziyanın əməkdaşlığı var idi. Hər iki televiziya birgə verilişlər təqdim edirdi. Həmin verilişlər türk dünyasına çıxırdı və buna görə də İctimai Televiziya fərqli formatdan istifadə edirdi. Lakin indi belə bir format yoxdur. 

Düzdür, hazırda İctimai Televiziyanın türk kanalları ilə əlaqələri var, amma bu münətəzm xarakter daşımır. Həqiqətən də Azərbaycan və İctimai Televiziya artıq yeni formatlara keçiblər. Onların proqram formatlarında yeni keyfiyyətlər var. Azərbaycan Televiziyasında studiya dizaynından tutmuş, aparıcı manerasına qədər hər hansı proqrama yeni yanaşma tərzi, güclü tematika ortadadır.

İctimai televizyada da eyni vəziyyət var. Ortaya maraqlı formatlar çıxıb, yeni analitik proqramlar mövcuddur. 

Yəni, hər iki televiziyanın türk dünyası efirinə çıxması çox vacibdir. Bütün bunları sona qədər alqışlayıram. Hər iki televizamızın Dağlıq Qarabağla bağlı maraqlı süjetləri, analitik proqramları yeni formatlarla təqdim olunur. Bunları da türk dünyasına çatdırmaq vacibdir”.

Yeganə Bayramova