"Dünya ermənilərin “seçki”ləri boykot etdiyini gördü" - Anti-demokratik seçki






"Görünən budur ki, fantastik saxtakarlıq şəraitində keçirilən seçki şousunda Paşinyan "qalib” oldu”.

Bunu "Sherg.az”a açıqlamasında siyasi şərhçi Anar İmanov deyib.

Analitik bildirib ki, saxtakarlıqlar o qədər idi ki, hətta bunu rəsmi səviyyədə etiraf edirdilər:

"Seçkilərə gəlincə, bütün dünya gördü ki, proses antidemokratik şəraitdə keçirildi. Ancaq dünya gördü və susdu. İndiyə qədər bir çox ölkələrin demokratik seçkilərinə burunlarını soxub, onları "anti- demokratik" adlandıran beynəlxalq ictimaiyyət susmağa üstünlük verdi. Paşinyan tələsirdi, çünki olmayan nüfuzunun daha da aşağı düşməsindən ehtiyat edirdi.

Ona görə də opponentlərə imkan və vaxt verilmədi. Lakin həm küçə eyforiyasından "seçki”lərə tələsən Paşinyan, həm də dünya xalqın "seçki”ləri boykot etdiyini gördü.

Sonuncu "seçki”lər ən zəif seçkilər oldu. Gülməli rəqəmlər də sübut edir ki, Ermənistanın demoqrafik vəziyyəti acınacaqladır, ölkədə əhali azdır və hansısa siyasi oyunlarda iştirak etmək istəmir”.

Analitik bəyan edib ki, "seçki”lərdən öncə Paşinyan əhaliyə xeyli vəd verib ki, onların bəziləri iqtisadiyyatın yüksəlişi ilə bağlı idi: "Vədlərlə bərabər Paşinyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı anlaşılmayan, bir-birini təkzib edən açıqlamaları da gündəmə gəlib. Hazırda Paşinyan test rejimindədir və bu rejim onun vədlərini necə yerinə yetirəcəyini göstərəcək”.

Qeyd edək ki, Ermənistanda aylardır gözlənilən parlament seçkisi saxtakarlıq və qanun pozuntuları ilə baş tutub. Budəfəki seçki Ermənistanın müstəqillik tarixində seçicilərin ən az iştirak etdiyi seçki kimi tarixə düşüb. Seçici aktivliyi 48,63 faiz olub və Paşinyanın bloku 70 faizdən çox səs toplayıb. Seçki barajını isə "Mənim Addımım Bloku”ndan başqa Çiçəklənən Ermənistan və İşıqlı Ermənistan partiyaları aşa bilib. Sarkisyanın Respublikaçılar Partiyası da daxil olmaqla, seçkidə iştirak edən 8 siyasi güc parlamentdən kənarda qalıb.

İsmayıl