“Yaxın müddətdə Ərəbistandan çox maraqlı təklif almalıyam”
Dünyada tanındı
“Əl-Cəzirə” telekanalı Anar Ağakişiyevdən veriliş hazırlayıb
“Yaxın müddətdə Ərəbistandan çox maraqlı təklif almalıyam”
“Yaxın müddətdə Ərəbistandan çox maraqlı təklif almalıyam”
Tanınmış azərbaycanlı stilist Anar Ağakişiyev son günlər sosial şəbəkələrdə müzakirə obyekti olub. Belə ki, azərbaycanlı stilist haqqında Azərbaycanın hüdudlarından kənarda da danışmağa başladılar. Xanımlara etdiyi vizajlar tək azərbaycanlıları deyil, dünya məşhurlarını da yaxşı mənada təəccübləndirə bildi. Dünyanın tanınmış ulduzları və professional telekanallar Anar Ağakişiyevlə əlaqə yaradıblar.
Dünyaca tanınan stilist "make up” sahəsində etdiyi yeniliklərlə bağlı "Şərq”ə danışdı.- Dəyişdiyin məşhurları illər ərzində eyni imicdə, tərzdə görürdük. Özləri də dəyişikliyə risk etməyən tanınmışlar idi. Necə oldu ki, onları dəyişməyə razı oldular?
- Mən təkliflərimi etdim. Təbii ki, onlar Anar Ağakişiyevin peşəkarlığına inanmasaydılar, yəqin ki, razı olmazdılar. Razılaşdılar. Onları fərqli tərzdə təqdim etməyə çalışdım. Nəticə göz önündədir.
- Bunun üçün tanınmışlardan müəyyən qonorar tələb edirsən, ya sadəcə işindən zövq aldığın üçün bu layihəyə start vermisən?
- Mən işimdən zövq aldığım üçün bu layihəyə start verdim. Bu günə qədər bir çox xanımları dəyişməyə çalışdım. Mən qonorar hesabına etməmişəm. Bəlkə də Anarın istedadına bəziləri bələd deyildi. Məhz bu layihə onları məni tanıda bildi. Əslində tanıyanlar da bu və ya digər səbəbdən mənim istedadımı qəbul etmək istəmirdilər. Amma bu layihələr məni onlara tam tanıda bildi. Onlar istəsələr də, istəməsələr də, məni qəbul etməyə məcburdular. Çalışmışam ki, qeyri-adi işlərimlə maraq yarada bilim.
- Bir çox ölkələrin telekanalları, dünya ulduzları üzü yanmış xanıma etdiyin "make-up”-dan sonra sənin haqqında materiallar hazırladılar, dünyanın xəbər proqramlarında stilist olaraq sənin işinə münasibət bildirildi. Maraqlıdır, bundan sonra xarici ölkələrdən təkliflər necə, gəldimi?
- Əslində son vaxtlar bəzi xanımları inanılmaz dərəcədə dəyişərək sosial şəbəkələrdə etdiyim paylaşımlardan sonra marağı hiss etdim. Bilirsiniz ki, dünya ulduzları belə laqeyd qalmadılar. Bəli, bir çox dünyanın məşhur telekanalları, Türkiyənin, SNN və bir çox kanallarda mənim işlərim təqdim edildi. Kanallarında barəmdə verilişlər hazırlandı. Bir sirri də açım ki, bu günlərdə Ərəbistanın məşhur "Əl-Cəzirə” telekanalında mənim haqqımda veriliş hazırlanıb. Çox güman ki, yaxın müddətdə Ərəbistandan çox maraqlı təklif almalıyam.
- Anar bəzilərindən fərqli olaraq çox pafoslu danışıqlara ehtiyac duymadan, hansısa telekanallara pul tökmədən ancaq işi ilə diqqət çəkə bildi. Bir çoxları stilistəm deyib danışdı, Anar isə işi ilə peşəkar stilist dəsti-xətti göstərdi. Dünyanın bir çox telekanallarının xəbərlərində azərbaycanlı stilistin yaratdığı möcüzədən danışdılar...
- Mən hər zaman Azərbaycan adının yüksəlməsi üçün çalışmışam. Dünyanın bbs kimi telekanalından tutmuş bir çox ölkələrdə mənim stilist olaraq qeyri-adi istedadımdan danışıldı. Mən imkan qədər təvazökar olmuşam. Bunu məni tanıyanlar bilir. Ancaq elə həqiqətlər var ki, onu deməliyəm. Çünki burda təkcə stilist Anarın adının çəkilməsi deyil, azərbaycanlı stilistin adının çəkilməsinin marağında olmuşam. Mənim işim rəqibsizdir. Bunu bu gün çox cəsarətlə, təvazökarlıqdan uzaq olsa belə deməliyəm. Mən əvvəl öz gözümdə özümə adi görünürdüm. Anlamırdım. Amma indi artıq anlayıram. Hiss edirəm ki, mənim işim fərqlidir. Nəinki Azərbaycanda, hətta Azərbaycandan kənarda olan stilistlərin işindən çox fərqlidir. Bunu dərk etdim. Bunu özüm də qəbul etməyə başladım.
- Əvvəllər bunun fərqində deyildin. Özün-özünü kəşf etmiş oldun deyirsən.
- Bəli. Mən özümü özümdə tapa bildim. Əvvəllər fərqində deyildim. Sadəcə işimi görürdüm.
- Nə zaman bunu hiss etdin ki, mən həqiqətən fərqli bir ruha və istedada sahib stilistəm?
- Son vaxtlar. Çünki mən adətən başımı aşağı salıb işləmişəm. 18 ildi heç kimi dinləmədən, heç kimə reaksiya vermədən işləmişəm. Son vaxtlara qədər anlamırdım nə istəyirəm. Bu yaxınlarda məhz Nərmin xanımdan sonra anladım ki, bu, tanrıdan gələn istedaddı.
- Bunu hiss edəndə nə dəyişdi həyatınızda?
- Həyata baxışım dəyişdi, öz sənətimə olan sevgimi bir də hiss etdim. Əslində insanlığı sevmək lazımdı. İnsanın ruhu təmiz olmalıdı. Mən həyat yolumda bunu öyrəndim.
- Bir çoxlarından fərqli olaraq pafosla danışmasan da, bilənlərə məlumdur ki, vətənpərvərsən, Azərbaycanı sevirsən. Məhz Azərbaycan adı ilə bağlı böyük bir layihə necə, nəzərdə tutulubmu?
- Maraqlı bir layihəyə start veriləcək. İnşallah, bununla bağlı mətbuat konfransı təşkil edəcəm. Mətbuata bu barədə daha geniş açıqlama veriləcək. Mən bu günə qədər əldə etdiklərimi zəhmətimlə qazandım. Bu gün olduğum yerdə qonaq kimiyəm. Yerimin bərkiməyini gözləyirəm. Mən səbrli insanam. Zaman gələcək, əminəm ki, Kardaşyanın bu gün diktə etdiyi səlahiyyətlərə sahib olacam. Mən də kürsüyə oturan sevdiyim Azərbaycanı yüksəklərə qaldıracam. Buna iddialıyam, hələ ki müsafirəm. Amma o gün də gələcək. Məni tanıyanlar bilir ki, qarşıma qoyulan məqsədə çatıram. Yetər ki, bunu istəyim. Çünki zəhmətimlə bu yerlərə çatmışam. 18 il bu sahədə əməyim var.
- Yerli stilistlər necə, Anarın bu işlərindən, dünya telekanallarında dünya ulduzlarının barəndə olan xəbərlərindən sonra narahat olmağa başladılarmı?
- İnanın, xəbərim yoxdu. Heç biri ilə münasibətim yoxdu. Öz işçilərimdən başqa iki-üç nəfər təbrik etdi. Qalanları ilə münasibətim də yoxdu, maraqlanmıram. Onlarla bu gün deyil, 10 il əvvəl də münasibətdə olmamışam. 10 il əvvəl də onlardan bir dəstək görməmişəm. Bu gün də o dəstəyə ehtiyacım yoxdu.
- Anarın tələbələri varmı?
- Yoxdu. Bəlkə zamanım yoxdu. Bəlkə bir az çəkinirəm ki, tələbəmi öyrədərəm, amma adıma layiq tələbə olmaz. İnsanın özünün istedadı olmasa, ona kim ustadlıq etsə də, xeyri yoxdu. Bu bir Allah vergisidir. İnsan bir işi sevərək etməlidir. Bu bir incəsənət növüdür. Mənə qurban olduğum bu istedadı verib. Məsləhət olsa, başqasına verər. Mən yatmamışam, tənbəllik etməmişəm. Çalışmışam, axtarışda olmuşam. Mənim keçdiyim həyat yolunu, inanın, çoxları keçə bilməz. 18 ilimi bu sənətə qurban vermişəm. Yuxusuz gecələrim də olub, saatlarla ayaq üstə qalmışam, üzərimdə çalışmışam. Müğənnilikdə başqa bir istək olur, aktyorluqda başqa. Amma mənim sahəm tamamilə fərqlidir. Mən əlimlə, gözümlə, fantaziyalarımla yenilik axtarışında olmuşam. 18 ildə nə toy görmüşəm, nə yas görmüşəm, əsgər kimi işimin arxasında durmağa çalışmışam. Amma istəyimə nail olmuşam. Vacib olan bu deyilmi? Mən azərbaycanlı stilist olaraq bu gün dünyanın bir çox ölkələrinin, məşhurlarının diqqətini çəkə bilmişəmsə, buna çox sevinirəm. Bu sevinci haqqımla qazanmışam. Kənardan kimin üçünsə asan görünə bilər. Amma inanın, asan olmayıb.
- Kişi sənətçiləri necə, dəyişmək barədə düşünməmisən?
- Yox, qətiyyən. Yalan deyərəm. Mən kişi "make-up” öyrənməmişəm. O, tamamən fərqli bir sənətdi. Mən xanımların üz cizgilərini öyrənmişəm.
- "Make-up” ustası olaraq dünyanın hansı məşhuru ilə maraqlı bir layihə həyata keçirmək istərdin? Hansı dünya məşhuru ilə işləmək iddian var?
- İnşallah, ən böyük arzum Rihanna ilə işləməkdir. Monika Belluçi, Naomi Kembellə çalışmaq istərdim. Amma ən çox Rihanna ilə çalışmağı qarşıma məqsəd qoymuşam. Qurban olduğumun əlindədir. Qismət olsa, onlarla çalışmaq arzum, iddiam var.
Tahirə