Dünyadan nümunə götürmək lazımdır

“Qadın hamilə oldu, onu hətta gəlib evdə yoxlayırlar, dərhal qeydiyyata götürürlər və hamiləliyin hər ayında qadın müayinə metodlarından keçir”
“Qanuna dəyişiklik edilməsi ilə ana və uşaq ölümlərinin sayını azaltmaq mümkün deyil”



"Reproduktiv sağlamlıq haqqında” qanun layihəsinə dəyişiklik nəzərdə tutulub. Bundan sonra xəstəxana müdriyyəti və müalicə həkimi ana və körpənin təhlükəsizliyinin təmin olunmasına görə şəxsən məsuliyyət daşıyacaqlar.

Qanuna görə, hamiləlik, doğuş və doğuşdan sonrakı dövrdə qadına və körpəsinə tətbiq edilən tibbi müdaxilə növləri və üsullarının həyat və sağlamlıq üçün maksimum təhlükəsizliyi təmin edilməlidir.
Son zamanlar doğuş zamanı ana ölümlərinin sayının artması yəqin ki, qanuna dəyişiklik edilməsinə şərait yaradıb. 

Maraqlıdır, həkimlərin və tibbi müəssisənin məsuliyyətə cəlb olunması xoşagəlməz halların aradan qalxmasına şərait yaradacaqmı? Ümumiyyətlə, yeni dəyişiklikləri ədalətli hesab etmək mümkündür?

Ana və uşaq ölümləri zamanı kimin məsuliyyət daşıdığını müəyyən etmək üçün tibbi ekspertizanın əsas olduğunu deyən tibb elmləri doktoru, professor Adil Qeybulla "Şərq”ə bildirib ki, məsələyə ədalətli yanaşmaq lazımdır. Onun sözlərinə görə, hər bir qadın hamilə olmazdan qabaq və hamiləlik boyu yoxlanışlardan keçməli, hansısa problemlərin olub-olmadığını bilməlidir. Hamiləlik ərəfəsində heç bir tibbi yoxlamalardan keçməyən və məsuliyyətsizlik edən pasiyentə görə həkimin və xəstəxananın günahlandırılması obyektiv deyil: 

"Əgər xəstə hansısa bir böyrək xəstəliyi və ya ayrı bir xəstəliyi ola-ola hamilə qalıb və hamiləliyin sonunda kritik duruma düşürsə, niyə bu hadisədə xəstəxana rəhbərliyi, yaxud həkim məsuliyyət daşımalıdır? Məncə, bu işi dünya ölkələrində olduğu kimi etməliyik. Yəni ki, xəstələr hamilə qalmağı əvvəlcə planlaşdırsınlar, vaxtaşırı müayinələrdən keçsinlər, həkimlə məsləhətləşsinlər. Yoxsa hamiləliyin sonunda gəlirlər və problemlər baş verir. Bu məsələlərin hər biri ədalətli həll olunmalıdır. Əlbəttə ki, xəstəxananın günahı varsa, məsuliyyət daşımalıdır. Amma günah xəstənindirsə, burda məsuliyyəti həkim və ya xəstəxana daşımalı deyil. Bu problemi konkret olaraq bir tərəfin üstünə yıxmaq düzgün deyil. Hesab edirəm ki, biz ittiham üstündə yox, qayğı üstündə səhiyyə qurmalıyıq”.

Professor hesab edir ki, qanuna dəyişiklik edilməsi ilə ana və uşaq ölümlərinin sayını azaltmaq mümkün deyil: 

"Problemin həlli üçün administrativ tədbirlər həyata keçirilməli deyil. Ana və uşaq ölümlərinin sayını azaltmaq üçün bu halın mühafizəsinin təşkili işi qurulmalıdır. Dünya ölkələrində bu iş necə qurulubsa, bizdə də elə. Qadın hamilə oldu, onu hətta gəlib evdə yoxlayırlar, dərhal qeydiyyata götürürlər və hamiləliyin hər ayında qadın müayinə metodlarından keçir. Mütləq bu proseslər yerinə yetirilməlidir, hamiləliyin dinamikasına nəzarət olunmalıdır. Bu işlər olmayınca, biz ana və körpə ölümlərinin sayını aşağı sala bilmərik. Səhiyyə işinə, ana və uşağın müalicəsinin təşkilinə yenidən baxılmalıdır. Bu iş qərb standartlarına uyğun şəkildə qurulmalıdır”.

Yeganə Bayramova