Düşənbə toplantısı məhsuldar olub

Dövlət və hökumət başçıları iclasda müzakirə olunmuş bir sıra sənədləri imzalayıblar




Dünən Düşənbədə MDB Dövlət Başçıları Şurasının nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə iclası olub. İclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib. Tacikistan Prezidenti Emoməli Rəhmon ölkəsinin sədrliyi dövründə Şuranın fəaliyyəti haqqında məlumat verib. O, bu iclasın nəticəsi olaraq qəbul ediləcək qərarların Şuranın gələcək fəaliyyətinə töhfə verəcəyinə əminliyini ifadə edib. 

E.Rəhmon 2019-cu ildə MDB-yə sədrliyin Türkmənistana keçməsi barədə Şura iclasının qərarını bildirib. MDB-nin növbəti sammiti 2019-cu il oktyabrın 11-də Aşqabadda keçiriləcək. Bu qərar Türkmənistan tərəfinin təklifi ilə qəbul edilib. 2019-cu ildə Türkmənistan sədr, Tacikistan və Özbəkistan isə qurumun həmsədrləri olacaq. Türkmənistan Nazirlər Kabinetinin sədr müavini Purli Ağamuradov MDB-yə sədrliyin Türkmənistana keçməsi ilə bağlı qəbul edilən qərara verdikləri dəstəyə görə dövlət başçılarına minnətdarlığını bildirib. 

O, sədrlik dövründə Türkmənistanın MDB məkanında əməkdaşlığın daha da genişlənməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb. 

Rusiya Federal Məclisi Federasiya Şurasının sədri, MDB Parlamentlərarası Assambleyasının sədri Valentina Matviyeko kosmik fəzanın sülh məqsədilə tədqiqi və istifadəsi sahəsində əməkdaşlığa dair hazırlanmış Konvensiyanın müddəaları ilə iclas iştirakçılarını tanış edib. Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy isə 1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinin bayram edilməsi ilə bağlı hazırlanmış sənəd barədə məlumat verib. Hər iki sənəd yekdilliklə qəbul olundu.

İclasda bəzi prosedur məsələlərə baxılıb. Sonda dövlət və hökumət başçıları iclasda müzakirə olunmuş bir sıra sənədləri imzalayıblar.

İsmayıl