Düşmənin hərbi təlimi daxili auditoriyaya hesablanıb

Ermənistanın siyasi hakimiyyəti də çox gözəl bilir ki, bu cür təxribatları ancaq daşa, qayaya dəyir



Ermənistan hərbi birləşmələri işğal altında olan Azərbaycan torpaqlarında növbəti hərbi təlimlərə başlayıblar. Təlimlər Ağdam rayonunun Uzundərə adlanan ərazisində keçirilir. Ağır artilleriya qurğularından atılan mərmi səsləri cəbhə xəttinə yaxın olan yaşayış məntəqələrində eşidilir.

Politoloq Natiq Mirinin sözlərinə görə, Ermənistanın bu təlimləri keçirməkdə əsas məqsədi erməni cəmiyyətinə ismarıc ünvanlamaqdır. Ermənistan hər nə qədər güc nümayiş etdirsə də, Azərbaycan Silahlı Qüvvələrinin keçirdiyi hərbi təlimlər səviyyəsində təlim keçirmək qüdrətində deyil. Onların atdığı bu addım ictimai rəyə hesablanıb: "Daxildəki gərginliyi və Qarabağdakı erməniləri sakitləşdirmək üçün adekvat təlimlər keçirmək istəyirlər. Ancaq onların keçirdiyi kiçikhəcmli təlimlər heç bir halda qüdrətli Azərbaycan ordusunun keçirdiyi təlimlərlə müqayisəyə gələ bilməz. Hətta Dağlıq Qarabağda hərbi əməliyyatlar başlasa da, erməni ordusu Azərbaycan Silahlı Qüvvələrinin qarşısında bir həftədən artıq duruş gətirə bilməz. Bu cür acizanə təlimlərlə Azərbaycana qarşı "əzələ” nümayiş etdirirlər. Halbuki Ermənistan siyasi dairələrində, ictimai rəydə və Ermənistana havadarlıq edən ölkələrdə belə bu təlimlər ciddi qəbul olunmur”.

N.Mirinin sözlərinə görə, Ermənistan Silahlı Qüvvələrinin işğal etdikləri Azərbaycan torpaqlarında hərbi təlim keçirməsi ilə bağlı rəsmi notalar verilsə belə bunun bir faydası olmayacaq. Etiraz müraciətləri etməkdənsə, Azərbaycan Ordusu lokal müharibələrə başlayıb bir neçə yaşayış məntəqəsini azad etsə, daha yaxşı olar.

Hərbi-siyasi icmalçı Ramil Məmmədli isə hesab edir ki, erməni ordusunun işğal olunmuş Azərbaycan ərazilərində keçirdiyi hərbi təlimlər düşmənin cəbhədə mövqelərini möhkəmləndirmək istəyindən xəbər verir. Onun sözlərinə görə, Ermənistan ordusunun Dağlıq Qarabağda yerləşən bölmələri vaxtaşırı olaraq Azərbaycanın işğal altında olan ərazilərində hərbi təlimlər keçirirlər. Bu təlimlərin miqyası isə hər dəfə müxtəlif olur.

R.Məmmədlinin sözlərinə görə, ermənilər Azərbaycan ərazilərini məhz hərbi təlimlərin keçirilməsi və digər hərbi məqsədlər üçün istifadə edirlər. Daha dəqiq desək, Ağdam, Füzuli, Cəbrayıl ərazilərindən poliqon əvəzi yararlanırlar: "Ermənistan ordusunun hərbi təlim keçirməkdə məqsədi ölkədəki daxili vəziyyətə hesablanıb. İctimai-siyasi vəziyyət fonunda erməni cəmiyyətinə yönəlmiş bir addımdır. Ermənistan ordusuna olan inamı artırmaq da qarşıya qoyulan məqsədlərdən biridir. Təbii ki, ölkəmizə qarşı "əzələ nümayişi”ni də unutmamaq gərək. Azərbaycan cəmiyyətində müharibə xofu yaratmaq, xalqı narahat etməkdir.

Biz bilirik ki, Ermənistan ordusunun hərbi-texniki imkanları, döyüş hazırlığı və döyüş bacarığı, psixoloji durumu hansı vəziyyətdədir. Belə olan təqdirdə Azərbaycanın Ermənistan ordusunun keçirdiyi hərbi təlimlərdən narahat olması inandırıcı deyil. Biz onların gücünə çox bələdik. 

Ermənistanın siyasi hakimiyyəti də çox gözəl bilir ki, bu cür təxribatları ancaq daşa, qayaya dəyir. Biz 2016-cı ildə Ermənistan ordusunun müdafiə və hücum qabiliyyətini gördük. Hazırda da bu orduda ciddi dəyişiklik yoxdur. Bir sözlə, bu təxribat heç bir halda Azərbaycanı narahat etməməlidir”.

Ekspert deyib ki, Ermənistan Silahlı Qüvvələrinin işğal etdikləri Azərbaycan torpaqlarında hərbi təlim keçirməsinin qarşısını almaq üçün Azərbaycan hökuməti dəfələrlə beynəlxalq təşkilatara müraciət edib. Çox təəssüflər olsun ki, bu təxribatların qarşısını almaq üçün əsaslı addımlar atılmayıb. Hətta ATƏT-in Minsk Qrupu belə ortaya kəskin reaksiya qoymayıb: 

"Fikrimcə, erməni təxribatlarının qarşısını almaq üçün Azərbaycanın yeganə yolu işğal altında qalan torpaqlarımızda terrora qarşı mübarizə əməliyyatlarına başlayıb, erməni ordusunu torpaqlarımızdan çıxarmaqdan ibarətdir. İkinci bir alternativimiz yoxdur”.

Şəymən