Əbülfəs Qarayev söz verdi, əməl etmədi

“Yayda bizə bildirdi ki, sentyabrda bu məsələ həllini tapar. Ancaq ilin sonu gəldi, hələ də heç bir xəbər yoxdur”
“Əgər Rəmiş Prezident təqaüdü alsa, onun müalicələrini də vaxtında edə bilərəm. Bu, onun ömrünü uzada bilər”




Xalq artisti, tanınmış gitara ifaçısı Rəmişin dolanışıq vəziyyətinin ağır olduğu barədə mətbuatda yazılar yer almışdı. Rəmişin həyat yoldaşı ilə əlaqə yaratdıq. "Şərq”ə açıqlama verən Gülü xanım mətbuatda gedən məlumatın bir qədər səhv olduğunu bildirdi:

"Mətbuata hər zaman hörmətimiz olub. Sadəcə, bu sahədə də peşəkarlar, qeyri-peşəkarlar var. Yazıblar ki, guya biz demişik ki, acından ölürük. İnanın, heç bir mətbuat işçisinə belə bir açıqlama verməmişik. Demişik ki, təqaüd ilə birtəhər dolanırıq. Ayda evə cəmi 347 manat gəlir. 100 manat Rəmiş "xalq artisti” adına görə alır. 66 manat təqaüdüdür. Mən isə 187 manat təqaüd alıram. Ayda 100 manat işıq pulu veririk. 60 manat benzinə xərcləyirik. Rəmişin dərmanları isə 200 manat edir. Allah xalqımıza kömək olsun. Onlar sənətkarı ac qalmağa qoymaz. Rəmişin ciyərinə oksigen çatmır deyə, müalicə alır. Müalicələrinə imkanımız çatmır. Əgər Rəmiş Prezident təqaüdü alsa, onun müalicələrini də vaxtında edə bilərəm. Bu, onun ömrünü uzada bilər. Biz dövlətimizdən razıyıq. Evimiz yox idi. Cənab Prezident bizə ev verdi. Bircə Prezident təqaüdü də alsaydı, onun müalicələrini vaxtlı-vaxtında edə bilərdim. Təqaüdlə müalicəyə pul çatdırmaq olmur. Biz bununla bağlı mədəniyyət naziri Əbülfəs Qarayevin də qəbulunda olduq. Yayda bizə bildirdi ki, sentyabrda bu məsələ həllini tapar. Ancaq ilin sonu gəldi, hələ də heç bir xəbər yoxdur. 

Bizim sadəcə bir xahişimiz var ki, Rəmişə Prezident təqaüdü verilsin ki, o, müalicələrini, dava-dərmanını ala bilsin. Başqa istəyimiz yoxdu. Rəmişin 70-dən artıq yaşı var. Öləndən sonra ona diqqət göstərilməsin. Sağ ikən o diqqəti göstərsələr, ömrü uzanar. Əvvəllər toylara, el məclislərinə gedirdi, 5-3 manat qazana bilirdi. İndi toylar da azalıb. Olanda da bəziləri imkan vermir. Deyirlər Rəmiş daha toya getmir. Niyə getmir ki? Sonradan təsadüfən toy sahibi bizi görüb deyir ki, filankəsdən soruşduq, dedilər Rəmiş toylara getmir. Rəmiş hələ elə əldən düşməyib ki, gitara ifa edə bilməsin. Niyə onun çörəyinə bais olursuz?”.

Tahirə