Əflatun Amaşov jurnalistin təklifini alqışladı:"Bu, sadə vətəndaşlar üçün nümunə olacaq"





Tanınmış jurnalist Elçin Bayramlı maraqlı təkliflə çıxış edib. Həmkarımız jurnalistlər binasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyini fərqli qeyd etməyi təklif edib.
O bildirib ki, binada yaşayan jurnalistlər mayın 28-də evlərinin pəncərələrindən Azərbaycan bayrağını asa bilərlər.

Bu təklif sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib. İstifadəçilər tək jurnalistlərin deyil, bütün paytaxt sakinlərinin bu addımı atmalı olduğunu düşünürlər.

"Sherg.az”a fikirlərini bölüşən, Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov da sözügedən təklifi müsbət qiymətləndirir.

Deputat deyib ki, bu addım xalqın öz şanlı tarixinə, dövlət simvollarına verdiyi yüksək dəyərin nümunəsi olar:

"Bəzi ölkələrdə sakinlər hətta evlərinin pəncərələrindən asdıqları bayraqları həmişəlik saxlayırlar. Elə qardaş ölkə Türkiyədə də evlərin pəncərələrində bayraqlara tez-tez rast gəlinir. Ona görə, bu təklifi bir vətəndaş kimi yüksək qiymətləndirirəm. Bu addım şanlı tarixdən - 28 maydan xəbərdar olmayan şəxslərin maariflənməsinə də kömək olacaq. Alqışa layiqdir”.

Ə.Amaşov əlavə edib ki, jurnalistlər öz binalarında evlərinin pəncərələrindən bayrağımızı asmaqla sadə vətəndaşlar üçün nümunə olacaq.

Aysel Aslan