Əliməmməd Nuriyev deyib ki, komissiyaya 1000-dən artıq məhbusun müraciəti daxil olub
Ümid edirəm ki, may ayına qədər müraciətlərə baxış yekunlaşacaq və siyahı ölkə başçısına təqdim olunacaq
Bu günlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. Komissiyanın iclaslarının davam etməsi gözlənilir. İclaslar yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq. Sərəncamın Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində imzalanacağı gözlənilir.
Konstitusiya Araşdırmalar Fondunun prezidenti, Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyevin sözlərinə görə, növbəti toplantıda 100-dən artıq müraciətə baxış keçirildiyini və əksəriyyətinə də müsbət rəy verildiyini qeyd edib. Ə.Nuriyev komissiyanın iclasları yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısının prezidentə təqdim ediləcəyini də vurğulayıb. O da hesab edir ki, əfv sərəncamı Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi ərəfəsində imzalana bilər: "Komissiyaya əfv edilməsini istəyən 1000-dən artıq məhbusun müraciəti daxil olub. Onları araşdırmaq, rəy vermək isə zaman tələb edən bir işdir. Hər bir Komissiya üzvünə daxil olan müraciətlə bağlı fikir bildirmək imkanı yaradılır. Sənədlərin hazırlanması da özündə müəyyən proseduraları ehtiva etdiyindən vaxt aparır. Ümid edirəm ki, may ayına qədər müraciətlərə baxış yekunlaşacaq və siyahı ölkə başçısına təqdim olunacaq. Sərəncam imzalayıb - imzalamayacağı isə onun Konstitusion səlahiyyətlərinə daxildir. Ona görə də konkret hansı gün əfv qərarı çıxacağını biz deyə bilmərik. Buna baxmayaraq may ayında Əfv sərəncamının veriləcəyini istisna etmirəm”
Amnistiya ilə bağlı gözləntilərə gəldikdə isə Komissiya üzvü bu barədə məlumatlı olmadığını deyib. Onun sözlərinə görə, amnistiya aktının qəbul edilməsi Milli Məclisin səlahiyyətlərinə aiddir: "Amnistiya ilə bağlı mən də mətbuatda yer alan bilgilərə sahibəm. Ancaq şəxsi qənaətimcə, ehtimal çox azdır. Ötən il Prezident İlham Əliyev "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik edilib. Bu dəyişikliklərin isə 9 min məhkuma şamil edilməsi nəzərdə tutulub. Onların cəza müddətinin dəyişdirilməsi prosesinə də dekabr ayının 1-dən etibarən start verilib. Eyni zamanda Ədliyyə Nazirliyi tərəfindən tərkibi nazirliyin, o cümlədən Penitensiar Xidmətin məsul işçilərindən, eləcə də ictimaiyyətin nümayəndələrindən və hüquq-müdafiəçilərdən ibarət xüsusi Komissiya yaradılıb. Artıq bir neçə ildir səmərəli fəaliyyət göstərən Komissiya tərəfindən mütəmadi olaraq bütün cəzaçəkmə müəssisələrinə baş çəkilir, məhkumların işləri öyrənilərək, onların islah prosesinə qədəm qoyması, o cümlədən davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti ətraflı araşdırılır, fərdi qaydada söhbətlər aparılır. Komissiya məhkumlarla görüş zamanı ünsiyyətdə olduğu məhkumların şəxsi işi və digər aidiyyəti sənədlərini hərtərəfli araşdırıb, vaxtından əvvəl şərti azadetmə institutunun tətbiqi ilə bağlı məhkəmə qarşısında müvafiq vəsatətlər qaldırır. Çox zaman da Komissiyanın müsbət rəyi məhkəmələr tərəfindən nəzərə alınır. Bu günə qədər 7 mindən artıq şəxsin ya cəzası yüngülləşdirilib, ya da cəzadan azad edilib. Qısası, bir neçə ildir davamlı olaraq məhkumların azadlıqdan məhrumetmə cəzasının faiz göstəricilərinin aşağı salınması istiqamətində mühüm aktlar qəbul edilib. Bu qərarların icrası başa çatmamış Amnistiya verilməsi bir qədər mübahisəli məsələdir. Təbii, son qərar yenə də Milli Məclis və deputatların olacaq”.
Siyasi məhbus kimi təqdim edilən şəxslərin adının Əfv siyasında yer alıb-almayacağına gəldikdə isə Ə.Nuriyev deyib ki, Komissiyada müraciətlərə baxılarkən məhkumların siyasi yönümü nəzərə alınmır. Qanun qarşısında hər kəsin bərabərlik hüququ qorunur və cinayətin məzmununa uyğun münasibət sərgilənir. Biz rəy hazırlayan zaman balanslı yanaşma sərgiləyirik. Yekun qərar isə yuxarıda qeyd etdiyim kimi, ölkə başçısının şəxsi iradəsindən asılıdır.
Şəymən