Əhali arasında çaşqınlıq yaranıb
Dövlət xəstəxanaları pullu olmayacaq, amma işin içində qaranlıq məqamlar var
Dövlət və bələdiyyə adından yaradılan tibb müəssisələrinə publik hüquqi şəxs statusu verilməsi anlaşılmazlıq yaradıb. İctimaiyyətdə belə qənaət formalaşıb ki, dövlət tibb müəssisələri publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcəyi halda tibbi xidmət pullu olacaq. Qeyri-rəsmi onsuz da belədir, amma statusun dəyişməsi ilə pullu xidmətin də rəsmiləşəcəyi gözlənilir.
Anlaşılmazlığa səbəb isə Nazirlər Kabinetinin "Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə etdiyi dəyişiklikdir. Dəyişikliyə əsasən bugünədək dövlət adından yaradılan tibb müəssisələri qeyri-kommersiya hüquqi şəxs kimi fəaliyyət göstərirdisə, bundan sonra publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək.
Bu da dövlət xəstəxanalarının qismən pullu xidmətə keçəcəyi anlamına gəlir. İndiyə qədər dövlət xəstəxanalarının vəzifəsi pulsuz tibbi xidmət göstərmək olub. Bu müəssisələrin yalnız növləri Nazirlər Kabineti tərəfindən müəyyən edilən ixtisaslaşdırılmış pullu tibbi yardım göstərmək hüququ var idi. Dəyişikliyə əsasən isə bundan sonra dövlət xəstəxanaları yalnız "Əhalinin sağlamlığının qorunması haqqında” qanunla müəyyən edilmiş hallarda pulsuz xidmət göstərəcək. Eyni zamanda, dövlət adından yaradılan müəssisələrdə əvvəlki qaydada növləri Nazirlər Kabineti tərəfindən müəyyən edilən ixtisaslaşdırılmış pullu tibbi yardım xidməti olacaq.
Nə pullu, nə pulsuzdu?
NK-nin "Əsasnamə”ni "Nizamnamə” ilə dəyişməsi haqlı suallar ortaya çıxarıb; bundan sonra hansı xidmətlər pullu, hansılar pulsuz olacaq?
Açıqlamada qeyd edilir ki, "Əhalinin sağlamlığının qorunması haqqında” qanun pullu və pulsuz tibbi xidmətlərlə əlaqədar istisnaları müəyyən edir. Qanuna əsasən Azərbaycan ərazisində daimi yaşayan əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin onkoloji müəssisələrdə müayinə və müalicəsi ödənişli əsaslarla həyata keçirilir, onlara təxirəsalınmaz onkoloji yardım isə pulsuz göstərilir. İdmanla məşğul olan uşaqların, yeniyetmələrin, tələbələrin, əlillərin və pensiyaçıların, məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin dövlət tibb müəssisələrində pulsuz tibbi nəzarət olunmaq hüququ var. Hər bir vətəndaş ailənin planlaşdırılması, ətrafdakılar üçün təhlükə törədən xəstəliklərin mövcudluğu məsələlərinə və ailə-nikah münasibətlərinin tibbi-psixoloji cəhətlərinə dair, habelə nəsildə mümkün olan irsi xəstəliklərə yol verməmək məqsədilə yaşayış yerindəki dövlət və bələdiyyə tibb müəssisələrində pulsuz məsləhətlər almaq, müayinədən keçmək və dispanser nəzarətində olmaq hüququna malikdir. Hər bir qadın hamilələk dövründə, doğuş və doğuşdan sonrakı dövrdə dövlət səhiyyə sisteminin müəssisələrində ixtisaslaşdırılmış tibbi yardımla pulsuz təmin olunur. Məişət zorakılığından zərər çəkmiş şəxslər dövlət səhiyyə sisteminin müəssisələrində ixtisaslaşdırılmış tibbi yardımla pulsuz təmin edilir. Yetkinlik yaşına çatmayanların peşə yararlığı müəyyənləşdirilərkən pulsuz tibbi məsləhətlər almaq hüququ var. Pensiyaçıların evdə, dövlət səhiyyə sistemi müəssisələrində tibbi yardımla, eləcə də sosial müdafiə sistemi müəssisələrində tibbi-sosial yardımla pulsuz təmin olunmaq, tibbi rəy əsasında
sosial sığorta və ya sosial-müdafiə orqanlarının vəsaitləri hesabına güzəştli şərtlərlə sanatoriya-kurort müalicəsi almaq və reabilitasiya olunmaq hüquqları var.
Eyni zamanda, fövqəladə vəziyyət elan olunmuş yerlərdə ziyan çəkmiş və ekoloji şəraitin əlverişsiz olduğu ərazilərdə yaşayan vətəndaşların qanunvericilikdə müəyyən edilmiş qaydada pulsuz tibbi yardım, sanatoriya-kurort, bərpa müalicəsi almaq, dərman vasitələri, immunbioloji preparatlar və tibbi məmulatlarla təmin olunmaq, eləcə də həyat və sağlamlıq üçün təhlükəli amillərin aradan qaldırılması məqsədilə gigiyenik və əksepidemik tədbirlərdən istifadə etmək hüquqları var. Fövqəladə hallarda insanların xilas edilməsində və tibbi yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlar pulsuz müalicə, o cümlədən sanatoriya-kurort müalicəsi və reabilitasiyanın bütün növləri ilə təmin olunmaq, qanunvericilikdə müəyyən edilmiş qaydada müavinət almaq hüququna malikdir. Qanuna əsasən özəl tibbi praktika ilə məşğul olan şəxslər təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan şəxslərə pulsuz tibbi yardım göstərməlidirlər. Siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən ictimai təhlükəli xəstəliklərə tutulmuş vətəndaşlara, qanunvericilikdə nəzərdə tutulmuş hallar istisna olmaqla, dövlət səhiyyə sisteminin müalicə-profilaktika müəssisələrində pulsuz tibbi-sosial yardım göstərilir, onlar qanunvericiliklə müəyyən edilmiş qaydada stasionar müalicə və dispanser müşahidəsi ilə təmin olunurlar.
Səhiyyə Nazirliyi isə təkzib etdi
"Azərbaycanda dövlət xəstəxanalarının statusunun dəyişməsi nəticəsində dövlət müəssisələrinin fəaliyyətində heç bir dəyişiklik olmayacaq”.
Səhiyyə Nazirliyindən APA-nın sorğusuna verilən cavabda bildirilib ki, dövlət xəstəxanaları pullu olmayacaq və bu məsələ gündəmdə deyil.
Nazirlikdən qeyd olunub ki, Azərbaycanda dövlət və bələdiyyə adından yaradılan tibb müəssisələri publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək. Bu isə o deməkdir ki, dövlət tibb müəssisələri əvvəllər Əsasnamə əsasında fəaliyyət göstərirdisə, bundan sonra Nizamnamə əsasında fəaliyyət göstərəcək (?!- red).
SN-dən o da bildirilib ki, dəyişikliyə görə, bələdiyyə xəstəxanaları əsasən pullu fəaliyyət göstərəcək. Bələdiyyələr yerli idarəetmə orqanı olduğuna görə Səhiyyə Nazirliyinin onların fəaliyyətinə müdaxilə etmək səlahiyyəti yoxdur.
Dövlət xəstəxanaları təsərrüfat hesablı xidmətə keçir?
Məsələni şərh edən Azərbaycan Dövlət Tibb Universitetinin professoru Adil Qeybulla məlum dəyişikliyin mücərrəd xarakter daşıdığını və bu səbəbdən də əhali arasında çaşqınlıq yaratdığını bildirdi:
- Dövlət tibb müəssisələri pulsuz olmalıdır. Dəyişiklikdən belə anlaşılır ki, dövlət xəstəxanalarında təsərrüfat hesablı xidmət növləri təşkil ediləcək. Hesab edirəm ki, hazırkı sosial durumda, bu, əhaliyə böyük iqtisadi çətinliklər yaşadacaq. İndiki zamanda əhalinin sosial durumunu ağırlaşdırmaq düzgün addım deyil. Bu, ümumi işin ziyanınadır. Digər tərəfdən tibbi xidmət növlərinin bir hissəsinin pullu olması, manipulyasiya üçün də şərait yaradacaq. Tibb müəssisələrinə müraciət edənlər məlumatsız olduqlarından pulsuz xidmət növü üçün də ödəniş tələbi irəli sürülə bilər. Əhali hansı xidmət növünün pulsuz, hansının pullu olması haqda dəqiq informasiyaya malik olmalıdır. Bələdiyyə xəstəxanalarının pullu olması da düzgün deyil. Çünki bələdiyyə seçkili və dövlət təyinatlı orqandır. Bələdiyyə dövlət strukturudursa, tibb müəssisələri niyə pullu olmalıdır?! Ümumiyyətlə, 4 növ tibbi xidmət var - dövlət, özəl, bələdiyyə və tibbi sığorta. Bunlardan yalnız özəl tibb müəssisələrinin pullu olması anlaşılandır. Digər 3 növ isə əhaliyə pulsuz tibbi xidmət göstərməlidir. İcbari tibbi sığorta paketi təyin edilməli və əhali lazım gəldikdə bundan sərbəst istifadə etmək imkanına və hüququna malik olmalıdır.
Məlahət Rzayeva