Əhalinin rahatlığını pozan kafe və restoranlar niyə cərimələnmir ? - İDDİA

Vaqif Qarayev: "Yüksək səs insanın sinir sistemində, ürək-damar sistemində, mədə-bağırsaq sistemində ağır fəsadlar yaradır"Eyyub Hüseynov:"Heç bir dəfə şahidi olmusunuz ki, hansısa dövlət qurumundan şadlıq sarayına bir məmur gəlsin və səsin normada olmasını tələb etsin?!"
Yaşayış binalarına yaxın ərazilərdə, bəzən hətta binaların alt mərtəblərində yerləşən kafe və restoranlar, gecə klubları, «ailəvi» əyləncə mərkəzləri, evlərə az qala bitişik tikilmiş şadlıq saraylarından gələn hay-küy əhalini həqiqətən də narahat edir. Gecə saatlarında bu iaşə obyektlərindən ucalan səslər yaxınlıqda yaşayanların rahatlığını dincliyini, rahatlığını pozur. Hüquqşünasların rəyi bundan ibarətdir ki, saat 00:00-dan 07:00-dək, yəni axşam saat 12-dən səhər 7-yə qədər şəhərdə yüksək səs effekti yaratmaq qadağandır. İnsanların istirahətinə mane olmaq hüquq pozuntusudur və İnzibati Xətalar Məcəlləsində bununla bağlı konkret cərimələr nəzərdə tutulur. Məsələn, nəinki gecə saatlarında, günorta vaxtları da şəhərdə, ictimai yerlərdə səs-küy salan vətəndaşlar İXM-nin müvafiq maddələri ilə 150 manatdan 200 manatadək, vəzifəli şəxslər isə 2000 manatdan 2500 manatadək cərimə edilə bilər.
Belə olan halda, əhalinin rahatlığını pozan kafe və restoranlar, əyləncə mərkəzləri, şadlıq sarayları niyə cərimələnmir?
Ümumdünya Səhiyyə Təşkilatının qaydalarına görə 50 desibeldən yuxarı səs, insan həyatı üçün də, ətrafdakı tikililər üçün də təhlükə daşıyır.
Bu yaxınlarda Gürcüstanın paytaxtı Tiflisdə şəhər meri əyləncə yerlərində səsin sanitar normasını 55 desibel təyin edib və bundan yüksək səs olan müəssisələrin məsuliyyətə cəlb olunacağını bəyan etmişdi.
Pediatr Vaqif Qarayev də hesab edir ki, yüksək səs insanın sinir sistemində, ürək-damar sistemində, mədə-bağırsaq sistemində ağır fəsadlar yaradır:
- Toylarda yaşlı insanların qəfil ölümünün bir səbəbi də budur! «Bizim toyxanalarda da 55 desibel məsələsi həll olunsaydı, əhali rahatlanardı. Yüksək səs effekti xüsusən uşaqlar üçün hədsiz ziyanlıdır.
Paytaxtda səs normasını tənzimləmək mümkün deyilmi?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov «Şərq»ə açıqlamasında bildirdi ki, 
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi hələ bir neçə il əvvəl şadlıq sarayları, restoranlarla bağlı standartları müəyyənləşdirib. Agentlik tərəfindən təsdiqlənən qaydalarda şadlıq sarayları, restoranlar, əyləncə mərkəzləri ilə bağlı bütün normalar, o xümlədən səs effektinin diapozonu barədə də müddəalar əksini tapıb. Lakin:
- Buna əhəmiyyət verən yoxdur. Milli Məclis çox yaxşı qanunlar qəbul edir. Amma nə dövlət qurumları, nə də sahibkarlıq subyektləri bunlara əməl edir. Heç bir dəfə şahidi olmusunuz ki, hansısa dövlət qurumundan şadlıq sarayına bir məmur gəlsin və səsin normada olmasını tələb etsin?! Bunu müşahidə edə bilməzsiniz. Şadlıq saraylarının fəaliyyətinə insanların xeyrinə səbəb olacaq müdaxilə edən yoxdur. 
Çünki dövlət qurumları vətəndaş cəmiyyəti ilə birgə çalışmır. Əhalinin davranışları da çoxsaylı və xoşməramlı qanun və qaydalarda əksini tapmır. Şadlıq saraylarının iş prinsipi bundan ibaərtdir; gəlinlə-bəyin gəlişindən tutmuş, gedişinə qədər hər şey ona hesablanıb ki, toya gələnlər tez rədd olub getsinlər. Şadlıq sarayının akustikası, səs gücləndiricilər, kondisionerlər, yeməklər, hər şey buna hesablanıb. Bizim toylar dincəlmək yeri deyil, məşəqqət çəkmək yeridir.
Nəinki gecə saatlarında, günün istənilən vaxtında küçəyə çıxsan, baxara getsən, hər yerdə yüksək səs effekti ilə rastlaşırsan. Metrostansiyaların keçidlərinə yaxın ərazilərdə, dayanacaqlarda, xırda ticarət yerlərində, hətta avtobuslarda da yüksək səslə mahnılar səsləndirir, əhalini narahat edirlər. İrad bildirəndə, deyirlər, mahnıdı, oxutdururuq, xoşun gəlmir, qulaq asma. Halbuki, yüksək səs insanın beyninə nüfuz edir. Bu məsələ ilə bağlı ciddi ölçü götürülməlidir.
Məlahət Rzayeva