“Əhalinin sayı ilə məmur sayı arasındakı balans təmin olunmalıdır”

Belədə şişmiş büdcələrdən, böyüdülmüş aparatlardan xilas olacağıq
Qurumlar nə qədər çoxdursa, büdcə vəsaitinin sümürülməsi baş verir

Milli Məclisdəki büdcə müzakirələri zamanı millət vəkili Qüdrət Həsənquliyev məmurların sayının 30 faiz azaldılmısını təklif edib. Millət vəkili bildirib ki, istər Nazirlər Kabinetində, istərsə də yerli icra orqanlarında məmurların sayı həddindən artıq çoxdur: "İnkişaf etmiş ölkələrdə, hətta inkişaf etməkdə olan ölkələrdə məmurların sayı bizdəkindən iki dəfə azdır.

Heç olmasa, gəlin, inzibati idarəetmədə, Nazirlər Kabinetində 30 faiz ixtisar aparaq ki, buradan ələd
olunacaq vəsaiti daha səmərəli proqramlara, işlərə sərf edə bilək. Biz bu ixtisarla həm büdcəyə
qənaət etmiş olarıq, həm də digər məmurların - həqiqi işləyən məmurların normal maaş almasına
şərait yaradarıq”. Millət vəkilinin "30 faiz ixtisar” təklifi, gözlənildiyi kimi cəmiyyətdə heç də sakit
qarşılanmayıb. Xüsusən də, adıçəkilən strukturların işçiləri "nə oldu, elə hamının gözü bizi görür?!”
deyə gileylənməyə başlayıblar. İdarəetmə sistemində islahatlar lazımdır. Və yəqin ki, hökumət
bunun ən doğru, optimal yolunu da bilir. Bununla belə, ortaya sual da çıxır; 30 faiz məmur ixtisarı
büdcəyə nə verəcək? İkinci bir tərəfdən, ixtisara düşəcək məmurlar həm də işsizliyi 30 faiz
artırmayacaqmı? Digər bir məqam isə "həqiqi işləyənlə, başqasının hesabına əmək haqqı alanın
ayırd edilməsidir: hansı üsulla?

Deputat həmkarının təklifini dəstəklədiyini söyləyən millət vəkili Zahid Oruc eyni məsələni son 10 ildə parlament iclaslarında ardıcıl qaldırdığını vurğuladı:

- Parlamentdəki müzakirələrdə dövlət idarəetmə sistemində islahatlar, biri-birini təkrarlayan
qurumların ləğvi ilə bağlı ardıcıl təkliflərlə çıxış etmişəm. Burada məqsəd hansısa faiz göstəricisinə
nail olmaq, yaxud ixtisar aparmaqla büdcə gəlirlərini artırmaq deyil. Burada bir çox gözləntilər var.
Birincisi, əhali sayı ilə məmur sayı arasındakı balansı təmin etməkdir. Bu problem bütün postsovet
ölkələri üçün aktual olub. Lakin müxtəlif ölkələr bu problemin müxtəlif həll yollarını tapıblar.
Dövlət strukturları mobil, məhdud tərkibdə olmalıdır. Bu, bürokratik əngəlləri də aradan qaldırır.
İkinci səbəb odur ki, biz özəlləşdirməni, dövlət inhisarında olanların səhmdar cəmiyyətlərə
çevrilməsi prosesini sürətləndirməliyik. Niyə iri səhmdar cəmiyyətlər dövlət büdcəsindən vəsait
almalıdır? Onların istehsal sahələri olmalı, özləri qiymət müəyyənləşdirməlidir. O zaman Tarif
Şurasının qiymət müəyyən etməsinə də ehtiyac qalmayacaq. Tarif edilən xidmətin müqabilində
formalaşmalıdır. Belədə şişmiş büdcələrdən, böyüdülmüş aparatlardan xilas olacağıq. Nə qədər
ASC-lər var ki, yalnız büdcə vəsaitlərinə dayanırlar. Axı onlar həm də istehsalçı olmalıdırlar ki,
büdcə gəlirlərinin formalaşmasında iştirak etsinlər. Bilirsiz, qurumlar, idarələr nə qədər çoxdursa,
yoxlamalar üçün də "geniş imkanlar” yaranır. Qurumlar nə qədər çoxdursa, büdcə vəsaitinin
sümürülməsi baş verir. Baxın, Gürcüstan bizə qonşu dövlətdir, oxşar coğrafiyaya malikik, lakin
Gürcüstanın təbii resursları bizimkindən dəfələrlə azdır. Lakin Gürcüstanda Saakaşvili zamanında
dövlət idarəçiliyində misilsiz islahatlara nail oldular. Bizdə niyə olmasın?! Əhaliyə xidmət göstərən
qurumların sayı az olmalıdır. Dünyada əhali sayına görə məmurların, tibb işçilərinin, müəllimlərin
kvota göstəriciləri mövcuddur. Məsələn, bizdə hər 20 şagirdə 1 müəllim düşür, normal kvata isə 7,5-dir. Məmur sayı da əhalinin 100 min nəfərinə nisbətdə götürülür. Bizdə 100 min nəfərə düşən
məmur sayı qat-qat çoxdur. Belədə cəmiyyət mütləq qeyri-effektiv nəticələrlə üzləşəcək. Məmur
sayı ilə bağlı optimallaşmaya nail olunmalıdır. İş yerlərini itirənlərə gəlincə, əgər, idarəetmədə
struktur islahatları həyata keçirilsə, özəlləşdirmə sürətləndirilsə, iş yerini itirənlər üçün alternativ iş
imkanları yaranacaq. Peşəkar kadrları qorumaq üçünsə, hüquqi tərəfləri işlənib hazırlanmalıdır ki,
işəgötürmədə insan faktoru aradan qalxsın. İdarəetməyə açıla biləcək qurumlarla bağlı struktur
islahatları tədricən aparılmalıdır. Bizdə "Asan Xidmət” kimi unikal bir struktur formalaşıb. Amma
bununla yanaşı "Asan Xidmət”in həyata keçirdiyi funksiyaları icra edən qurumlar da qalmaqdadı.
Enerji resursları ilə bağlı bir neçə qurum fəaliyyət göstərir; Azərbaycan Dövlət Neft Şirkəti,
Energetika Nazirliyi, "Azərenerji”, "Azərişıq”, "Azəriqaz”... Biri-birini təkrarlayan qurumlar
birləşdirilməlidir, daha optimal idarəetməyə nail olunmalıdır.

Məlahət Rzayeva