Ekspert deputatın fikri ilə razılaşır, amma "əmma" da tapır









"Pay torpaqları əhaliyə paylanandan bəri çox insan bu torpaqlardan istifadə etmir”.

Bunu "Sherg.az”a Milli Məclisin İqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadənin kənd təsəsrrüfatında çalışanların vergiyə cəlb edilməsinə dai fikirlərinə münasibət bildirərkən iqtisadçı - ekspert Nazim Bəydəmirli söyləyib. 

O vurğulayıb ki, regionlarda infrastrukturun zəif olması, kommunal xidmətlərlə təchizatın aşağı olması insanları kənd təsərrüfatı fəaliyyətindən uzaqlaşdırır:

"Bütün bunlar Azərbaycan iqtisadiyyatındakı monopoliya ilə bağlıdır.

Əslində gəlir əldə edən bütün sahibkarlar vergi verməyə borcludurlar. Kənd təsərrüfatı ilə məşğul olanlar da vergi ödəməlidir. Ancaq buna kompleks yanaşmağın tərəfdarıyam. İlkin olaraq, kənd əhalisinin miqrasiyaya məruz qalmasının səbəbləri aydınlaşdırılmalıdır. Statistikada çox görünsə də, əhalinin əksəriyyəti kəndlərdə yaşamır və sahibkarlıqla məşğul olmur. 

O baxımdan Nazirlər Kabinetinin dövlət proqramı qəbul edilməli, kənd əhalisinin, aqrar sahədə çalışmaq potensialı olan əhalinin kəndlərə qayıtması təşkil olunmalıdır. Təbii ki, inzibati şəkildə deyil, iqtisadi metodlarla addım atmaq lazımdır. Həmin sahibkarların müxtəlif resurslara əlçatanlığını təmin etməli, bazara maneəsiz çıxışına şərait yaratmalıdırlar. Bundan sonra kənd təsərrüfatı ilə məşğul olan fermerlərdən vergi tələb etmək ədalətli və ağlabatan olar.

Müxtəlif layihələr - pambıqçılıq və digər məşğulluq kampaniyasına başlandığı yerlərdə vətəndaşların sahibi olduğu pay torpaqları əllərindən alınıb. Bununla bağlı kifayət qədər məlumat var. Akademik Ziyad Səmədzadə bazar iqtisadiyyatının necə təşkil edilməsi ilə bağlı daha müfəssəl məlumat almalıdır. Bundan sonra məsələlər kompleks həll edilə bilər”.

Qeyd edək ki, Z.Səmədzadə bildirirb ki, son 15 ildə büdcə proqnozlarının yerinə yetirilməməsi faktı yoxdur: "Vergi yükünü yox, vergi ödəyicilərinin sayını artırmaq lazımdır. Azərbaycanda əhalinin 35-36%-i kənd təsərrüfatı sahəsində çalışır. Bu də bu sahəni vergidən azad etmişik. Onların vergiyə cəlb edilməsi sahəsində müəyyən addımlar atmalıyıq".

Aysel Aslan