Ana 5 yaşlı övladına işgəncələr verir“Əgər həmin valideyn xəstə deyilsə və normal insandırsa, deməli, onun bu qədər qəddar olması yalnız öz uşağına yox, başqa şəxslərə də yönələ bilər”
Ölkəmizdə daha bir uşaq valideyn vəhşiliyinin qurbanı olub. Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin sözlərinə görə, rayonların birində ana 5 yaşlı uşağının əl-ayağını bağlayaraq ona işgəncələr edir.
"Məndə olan məlumata görə, uşağın ayağını anası bağlayıb. Baxın, görün buna nə ad vermək olar? Şəkillərə baxmaq olmur, burada başqa məsələlər var. Uşaqla özüm görüşəcəm. Yalnız ondan sonra nəsə demək mümkündür. Sadəcə, dəhşətə gəlmişəm, danışa da bilmirəm”.
Övladına qarşı işgəncələr edən valideynlərlə hər zaman qarşılaşsaq da, təəssüf ki, belə xoşagəlməz halların ardı kəsilmək bilmir. Xarici ölkələrin əksəriyyətində valideyn uşağına qarşı vəhşilik edirsə, o yalnız cinayət məsuliyyətinə cəlb edilmir, eyni zamanda valideynlik hüququndan tamamilə məhrum olur. Cəmiyyətimizdə isə bəzi "valideyn”lər "uşaq mənimdir, özüm bilərəm” kimi ifadələr işlətməklə özlərinə haqq qazandırmağa çalışırlar. Hətta onların müdafiəsinə qalxanlar da var. Bəs belə valideynləri qanunvericilikdə nə kimi cəzalar gözləyir?
Hüquqşünas İradə Cavadova "Şərq”ə açıqlamasında bildirib ki, baş vermiş məsələdə valideyn olub-olmamaq fərq etmir. Onun sözlərinə görə, əsas odur ki, məlum hadisədə insan faktoru var: "Əgər valideyn tərəfindən uşağa işgəncə verilirsə, o, heç bir məsuliyyətdən azad olunmur, təbii ki, həmin valideyn məsuliyyətə cəlb olunacaq. Hansısa xəsarətdən asılı olaraq valideynin cəzası müəyyən ediləcək. Nəinki xarici ölkələrdə, həmçinin bizdə də bu məsələlərə ciddi nəzarət olunur. Qəsdlə sağlamlığa ağır zərər vurmaya görə hər bir insan məsuliyyət daşıyır. Hesab edirəm ki, həmin valideyn ikiqat məsuliyyət daşıyacaq. O həm valideyn olduğu üçün, həm də hadisədə işgəncə faktoru aşkarlandığı üçün mütləq cinayət məsuliyyəti yaranır.
Çox təəssüf edirəm ki, valideynlər tərəfindən uşaqlara qarşı bu cür vəhşiliklər olur. Belə valideynlərin psixoloji durumunun yoxlanılması zərurəti yaranır.
Bəlkə bu valideynin psixoloji durumu yerində deyil və ya əsəb xəstəsidir. Əgər həmin valideyn xəstə deyilsə və normal insandırsa, deməli, onun bu qədər qəddar olması yalnız öz uşağına yox, başqa şəxslərə də yönələ bilər. Bütün bu məsələlər araşdırılmalıdır. Əgər uşaq azyaşlıdırsa, həmin qadının valideyn hüquqlarından məhrum edilməsi məsələsi ortaya çıxır. Onda müvafiq icra hakimiyyətinin qəyyumluq idarəsi hökmən bu məsələyə münasibət bildirməlidir. Beləliklə, həmin şəxs valideyn hüquqlarından məhrum olunmalıdır. Əgər digər valideyn yoxdursa, o zaman uşaq dövlətin himayəsinə verilir”.
Yeganə Bayramova