Elektron məhkəmə sistemində obyektivliyin necə qorunacağı sual doğurur - VƏKİL






"Yaradılacaq elektron sistemdə məhkəmə fəaliyyətinin qiymətləndirilməsi istiqamətində qeyri-obyektivlik ola bilər”.

Bunu "Sherg.az”a Azərbaycanda məhkəmə fəaliyyəti ilə bağlı informasiya-analitik hesabatın elektron sistem tərəfindən avtomatik hazırlanmasından danışarkən vəkil İradə Cavadova söyləyib. 

O bildirib ki, hakimlərin və məhkəmə fəaliyyətinin kim tərəfindən qiymətləndiriləcəyi açıqlanmalıdır:

"Qeyd olunub ki, elektron sistemdə hakimlərin məhkəmədə çıxardığı qərarları və onlarla bağlı Apelyasiya Məhkəməsinin münasibəti əsasında hakimlərin qiymətləndirilməsi meyarından istifadə olunacaq. Bu əslində müsbət qiymətləndirilir.

 Lakin bu prosesin obyektiv təşkil edilməsi, hakimin hakimə qiymət verməsində problemlər yaranmaması vacibdir. Birinci instansiya məhkəməsinə Apelyasiya Məhkəməsi qiymət verir. Bu məhkəmənin qərarında isə kasasiya şikayəti olunur. Buna görə, əslində Ali Məhkəmənin hakimlərinin qiymətləndirilməsi daha düzgün olar. İstənilən halda, sistemin necə qurulacağı tam açıqlanmadan münasibət bildirmək çətindir”.

Elektron qiymətləndirmə sisteminin gələcəkdə vəkillərin fəaliyyətinin qiymətləndirilməsinə tətbiqinə gəlincə, İ.Cavadova söyləyib ki, bu zaman da obyektivliyin necə qorunacağı sual doğurur:

"Vəkillər Kollegiyasının minlərlə üzvü olacaq. Bu qiymətləndirməni kim aparacaq? İstənilən halda, kollegiyanın rəyasət heyəti, yaxud intizam komissiyası tərəfindən hazırlanan qiymətləndirmənin obyektiv olacağına zəmanət yoxdur. Burada meyarların müəyyən olunması da vacibdir”.

Aysel Aslan