"Eleni Teoxarus da Lapşinin aqibətini yaşaya bilər" - Millət vəkili




"Dağlıq Qarabağa qanunsuz səfərlərin qarşısı yalnız torpaqlarımız işğaldan azad edildikdən sonra alına bilər. Hazırda torpaqlarımızın 20 faizi düşmən işğalında olduğu üçün Azərbaycan bu ərazilərə qanunsuz səfər edənləri cəzalandırmaqdan başqa heç nə edə bilmir”.

Bunu "Sherg.az"a Avropa Parlamentinin (AP) Kipr Respublikasından olan üzvü Eleni Teoxarusun Azərbaycanın işğal edilmiş ərazilərinə etdiyi qanunsuz səfərlərini şərh edərkən millət vəkili Elman Məmmədov bildirib.

Onun sözlərinə görə, E.Teoxarus ölkəmizin qanununlarını pozur, beynəlxalq hüquq normalarına əməl etmir:

"Azərbaycanın "Dövlət sərhədi haqqında” qanunu var və bu qanununa görə, ərazilərimizə qanunsuz səfər edənlər cəzalandırılmalıdır. Hazırda əsas problem həmin şəxslərin Azərbaycana təhvil verilməsidir. Təbii ki, belə məqamlarda Azərbaycan Baş Prokurorluğu həmin ölkələrə müvafiq sənədlər hazırlayıb göndərir ki, həmin şəxsləri bizə təhvil versinlər. 

Yalnız bundan sonra Azərbaycan tərəfi həmin şəxsləri cəzalandıra bilir. Amma hazırkı vəziyyətdə torpaqlarımızda Azərbaycan əsgəri dayanmayıb, həmin ərazilərimizə düşmən nəzarət edir. Belə olan halda, indiki şəraitdə problemi kökündən həll etmək çətindir”.

E.Məmmədov onu da əlavə edib ki, Azərbayanın işğaldakı ərazilərinə qanunsuz səfərlər edən mülki və siyasi şəxslər diqqətli olmalıdırlar:

"Onlar Lapşin məsələsini unutmamalıdırlar. Nə vaxtsa onlardan da sərhədlərimiz pozmalarının niyəsi sorşulacaq. Eleni Teoxarus bu haqda ciddi düşünməlidir. Əks halda o da Lapşinin aqibətini yaşaya bilər".

Qeyd edək ki, Avropa Parlamentinin üzvü, Dağlıq Qarabağa qanunsuz səfərlər edən ermənipərəst Eleni Teoxarus Albaniya hökuməti tərəfindən də arzuolunmaz şəxs elan olunub. Erməni diasporunun sifarişi əsasında ölkəmizin işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə səfərlər edənTeoxarus Albaniya Respublikasının Konstitusiyasına, təhlükəsizliyinə və ölkədə asayişə təhlükə yaradan ekstremist və nifrət çıxışı səbəbindən Albaniyanın Avropa və Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə qərarı ilə ölkəyə girişi arzu olunmaz şəxs elan edilib.

Ayyət Əhməd