Türk dünyasının böyük mütəfəkkiri, milli ideologiyamızın banisi, Azərbaycan mətbuat tarixində "Füyuzat” jurnalistika məktəbinin əsasını qoyan Əli bəy Hüseynzadə barədə xeyli sayda elmi-tədqiqat əsərləri yazılıb. Bu araşdırmalarda Ə.Hüseynzadənin şəxsiyyəti, fəlsəfi düşüncəsi, dünyagörüşü müxtəlif aspektlərdən izah edilib.
Türk təfəkkürü, düşüncəsi barədə dəyərli əsərlər yazan Hilmi Ziya Ülkən də Ə.Hüseynzadə barədə araşdırmalar aparıb. "Yeni insan” dərgisinin 1969-1970-ci illərdə çap olunan silsilə məqalələrində Əli bəy barədə onun "Həyat” qəzeti və "Füyuzat” dərgisində toxunduğu ana mövzular haqda Hilmi Ziya bəy maraqlı məqamlara toxunub. "Şərq”in oxucularına təqdim olunan bu araşdırmanın Əli bəy Hüseynzadə yaradıcılığına işıq salmaq istəyənlər üçün gərəkli bir mənbəə olacağına əminik.
Əli Turan
(Əvvəli ötən sayımızda)
Əli Turan sonradan yenə Tiflisdə "Füyuzat” adlı bir jurnal nəşr edərək onun da müdirlik və baş yazarlığını edib. Orada da Ağaoğlu Əhməd ilə birlikdə çalışıb. "Füyuzat”da çıxardığı məqalələrin mövzuları tamamilə türkçülüyə aid olub. Son zamanlarda yeni Azərbaycan ədəbiyyatını marksizm metodları ilə araşdıran bir azəri türkü, yeni Azərbaycan ədəbiyyatının mərhələlərindən birinə "Füyuzat ədəbiyyatı” mərhələsi adını verib. Lakin, həqiqətdə Əli Turanın "Füyuzat”ı bağladıqdan sonra kommunist idarəsi zamanında "Yeni Füyuzat” adı ilə çıxan jurnal ilə bunu qarışdırmamaq lazımdır.
"Füyuzat” bağlandıqdan sonra Hüseynzadə yenə Qafqazda "İrşad”, "Tərəqqi”, "Həqiqət” qəzetlərində çalışıb. Hələ "Həyat” qəzeti nəşr olunmazdan əvvəl də Hüseynzadə Qafqaz türklərinin ideya və fikirlərini müdafiə edərək rusca çıxan "Kaspi” qəzetinə bir müddət baş redaktorluq edib.
Əli Turan Bakıda "Səadət” məktəbini açıb və orada dərs hazırlığı verib. Həmin tarixi dönəmdə Rusiya çarlığının təzyiqi artmış, nəşr və yayım güclənmişdi. Həmin illərdə Cəlal Ünsizadə Dağıstanda "Kəşkül” jurnalını (Dağıstanda deyil, Azərbaycanda - A.A.), İsmayıl Qaspralı Krımda "Tərcüman”ı, "Həqiqət”i çıxarıb. Fəqət, Türkiyə türklüyünə əvvəlki cərəyanlardan daha bağlı olan və ağlı hər zaman İstanbulda olan Hüseynzadə Bakı və Tiflisdə daha çox qala bilmədi və müsabiqə imtahanı ilə dəri və frengi xəstəlikləri şöbəsi müdirliyinə təyin edildi.
Hüseynzadə, gördüyünüz kimi, "İttihad və Tərəqqi”nin qurucularından və ilk üzvlərindəndir. Türkiyəyə qayıdandan sonra Mərkəzi Komitə üzvlüyünə gətirildi. Siyasi partiyanın 1910-1918-ci illər arası ən fəal üzvlərindən biri oldu. "Türk Ocağı”nda davamlı söhbətləri, konfransları, mühazirələri ilə gəncləri ətrafına yığan və Göyalpla bərabər o günün millətçi hərəkatını canlandırdı. Lakin nə Göyalp qədər coşqun və verimli, nə Yusif Akçura qədər polemikaçı, nə də Həmdullah Sübhi kimi natiq idi. Göyalp kimi o da tünlükdə danışmazdı. İstanbulda Qafqaz türkləri Maarif Cəmiyyəti idarə heyəti üzvlüyündə (1913), Maarif vəkaləti elmi və milli əsərlər tədqiq cəmiyyəti üzvlüyündə, Yüksək Səhiyyə Məclisində (1916), Türk-macar dostluq yurdu Ümumi Mərkəzi (1916) üzvlüyündə yer alıb.
Balkan savaşı zamanı "Qızılay” xəstəxanalarında çalışıb. Elmi və siyasi vəzifələrlə bir çox yerlərə ezam olunub.
Birinci Dünya müharibəsinin sonunda Ə.Hüseynzadə hökumət tərəfindən Qafqaza göndərildi və bu zaman Azərbaycanda yeni milli dövlətin qurulması üçün digər fəallarla birlikdə çalışdı. Həmin vaxt Azərbaycandan Türkiyəyə elçi olaraq Yusif Vəzir Çəmənzəminli göndərildi. Y.Vəzir İstanbul kitabxanasında çalışdığı üçün "Azərbaycan türk ədəbiyyatı tarixi”ni yazdı. Bu vaxt Azərbaycan türklüyünü təbliğ eləməyə çalışanlardan Rəsulzadə Əmin də İstanbula gəldi. Hüseynzadə məni onunla tanış edərək "ikiniz də Siyavuşu yazırsınız.
Biriniz siyasi, digəriniz milli-insani qayə ilə. Tanış olun” dedi. Rəsulzadənin həmin ildə "Əsrimizin səyavuşu” (1921) adlı əsəri Türkiyədə çıxdı. Bu əsərdə Azərbaycanın siyasi taleyi millətçilik ilə kommunizmin arasında əzilmiş olaraq göstərilir və bu türk ölkəsinin taleyi Səyavuşun dramına bənzədilir. Ondan bir az sonra kommunist idarəsinin Azərbaycanda türk idarəsini yıxması ilə əlaqədar Yusif Vəzir və Rəsulzadə Parisə getdilər və orada gücləri çatdığı qədər "Prometey” adlı bir fransızca jurnal çıxararaq mübarizələrini davam etdirdilər.
Birinci Dünya müharibəsi zamanı Əli bəy Hüseynzadə, Yusif Akçura və daha bir neçə yoldaş "Turan heyəti” adı ilə Orta Avropaya türklük üçün bir təbliğat səyahətinə çıxdılar. Ondan sonra da Dr. Akıl Muxtar və Nəsim Muslih bəylərlə birlikdə Stokholmda toplanan millətlərarası sosialist konqresinə göndərildi. 1926-cı ildə isə Bakıda toplanan türkoloji qurultaya Fuad Köprülü ilə bərabər Türkiyədən nümayəndə olaraq qatıldı. Qurultay müzakirələrinə sona qədər qatılan və bir çox əsaslı müdaxilələr edən Hüseynzadə konqresə aid müntəzəm qeydlər alaraq bu qeydləri saxlayıb. O, rusca, fransızca, almanca, ərəbcə və farscanı mükəmməl bilirdi. İngilis, əski yunan və latıncadan da bilgiləri vardı. Hüseynzadə həm də rəssamlıqla məşğul olub və klassik rəsm anlayışına uyğun olan bir çox yağlı boya tablo çəkib.
Evinin bağçası böyük bir botanika muzeyi idi. Onun təbiət elmlərinə və təbiətə olan sevgisi nəzəri olaraq qala bilməzdi. Günlərinin bir qismini bağçada yetişdirdiyi çiçək və bitkilər içərisində keçirir, qonaqlarına onları göstərir, hər biri haqqında latınca adları da daxil olmaqla ətraflı izahatlar verirdi. Yaddaşımda qaldığına görə, üç övladı vardı. Elm və siyasət həyatında, türkçülük idealında olduğu qədər ailə həyatında da misilsiz bir ata idi. Möhtərəm zövcəsi Ədhiyə xanım bu ailənin bir sevgi və hörmət yuvası olmasını təmin edən ən mühüm amil idi. İlk uşağı və oğlu Səlim Turan atasından rəsm qabiliyyətini alıb. Bu gün Fransada tanınmış rəssamlardan biridir. Qızı Səidə Turan Lyon Universitetində fizika təhsili alıb. Balaca qızı Feyzavər Turan idi. Atasının rəssamlığı oğluna, təbiət elmi qabiliyyəti də qızına miras qaldı. Səidə xanım sonra İstanbulda Atatürk Qız Lisesində müəllim işlədi.
Atamla birlikdə bir gün "İctihat” evinə getmişdik. Abdulla Cevdət, Hüseynzadə, Fuad Göprülü də orada idi. Bir dəfə görüşümüzdə də Baltacıoğlu vardı. Əli Turan tibbiyə dərslərindən kənar humanizmə, türkçülüyə xidmətə o qədər çox vaxt ayırırdı ki, onun bəzən həkim olduğu yaddan çıxırdı. Bununla belə, bizi burada maraqlandıran ətraflı çalışmalar xaricində tibdə mühüm xidmətləri vardı. Bunlardan biri hazırladığı böyük "Tibb lüğəti” idi ki, yarımçıq qalıb. Ömrünün son illəri Adam Smitin "Millətlərin zənginliyi” adlı əsərinin tərcüməsi və "Tibb lüğəti”nin hazırlanması ilə keçib. 1940-cı ilin 17 martında vəfat edib. Səlimiyyə təkkəsi qarşısında Qaracaəhmət məzarlığındakı ailə qəbiristanlığında dəfn olunub.
Təəssüf ki, Hüseynzadədən biliyinin genişliyi, idealizmi və sözlə ifadə etdiyi təsir nisbətindən çox əsər qalmayıb. Doktor Məhəmməd Rəfi ilə birlikdə fransız dilindən tərcümə etdiyi "Vəba mikrobu” kitabı ilə Anton Çexovun rus dilində bir hekayəsinin tərcüməsi də onun fəaliyyətinin məhsuludur. "Siflis” adlı tibb əsəri tamamlanmış olsa da, nəşr olunmayıb. Professor Kamal Cənabla birlikdə yazdığı "Tibb lüğəti”nin birinci hissəsi fakültə dekanlığına verilib.
Adam Smitin "Millətlərin zənginliyi” adlı məşhur əsərini Maarif Vəkaləti Təlif və Tərcümə heyətinin istəyinə uyğun tərcümə edib, lakin əsər dövlət mətbəəsində nəşr olunan zaman hərf inqilabı üzündən yarımçıq qalıb.
Yuxarıda qeyd etdiyimiz Azərbaycanda çıxardığı qəzet və jurnallardakı yazılarından başqa Misirdə çıxan "Türk” qəzetində, İstanbulda bir çox qəzetlərdə də daha əvvəl başladığı mövzular haqqında yazıları davamlı nəşr olunub. Bütün bunlarla yanaşı, Ubeydullah əfəndi üçün də bir neçə məqaləsi çıxıb.
Bakıda türkoloji qurultaya qatıldığı zaman orada oxuduğu "Qərbin iki dastanında türk” adlı kiçik bir əsəri həmin şəhərdə nəşr olunub.
Hüseynzadə "Həyat” qəzetinin beşinci sayında "Türklər kimdir və kimlərdən ibarətdir” adlı yazısında müasirləşmə tariximizdə ilk dəfə humanizm haqqında sistemli bir baxış ortaya qoyub və müdafiə edib. Yazı millətçiliyin ən yaxşı ifadəsidir. Lakin "Tarixi cahan” sahibi Süleyman Paşa, Mustafa Cəlalədin Paşa, hətta Şəmsəddin Sami ondan əvvəl yaşasalar və bu mövzuya toxunsalar da, nəticə əldə etməyiblər. Bu qədər türkçülərdən heç biri hələ ki, Qərb mədəniyyəti qarşısındakı vəziyyətimiz, əvvəldən bəri bağlı olduğumuz islam mədəniyyəti ilə bu yeni hərəkatın münasibətlərini elmi terminologiya üzərində Əli bəy qədər düşünməyiblər. Bəllidir ki, hələ türkçülük hərəkatı yaranmadan əvvəl müasirləşmə, qərbləşmə hərəkatı formalaşıb. İlk qərbçilər isə osmanlılar olub. O zaman da yalnız Əli Suavidə islamlaşma, müasirləşmə və türkləşmə yolları arasında bu üç cərəyanın bir-birləri ilə uzlaşa biləcəkləri haqqında bir nəzər, bir ön görüş vardı. Lakin xalqın və dostlarının hücumlarına məruz qalan bu fikir adamı sonrakı nəsillərə unuduldu.
Hüseynzadənin "Həyat”da çıxan ilk yazılarında türkçülüyün modern və islam münasibətini elmi bir şəkildə irəli sürməsi çox vacib bir addım idi.
"Lisanımızı, qovmiyyətimizi, tariximizi, dinimizi ləkələmək istəyən qərəzli nəşriyyata aldanırıq. Bunların nə məqsədlə yazıldığını bilirik. Türk olmağıyla fəxr etdiyi halda türkün kimlərdən ibarət olduğunu bilməyən nə qədər mühərririmiz var. Saad bin əbi Vakkasın medriyete xidmətini iranlılardan deyil, ərəblərdən soruşun. İranlıların qədim mədəniyyətini məhv etdiyi halda islam-ərəb mədəniyyətinə xidməti vardı. Zamanımızda Moltke, Bismark, fransızların fəlakətinə səbəb olan almanların vəlinemətidir. Lord Kitehnerdən Boerlər şikayətçi, ingilislər son dərəcə məmnundur. Teymurun da türk mədəniyyətinə xidmət nişanələri Qıpçaq İran, Osmanlı əhalisinə deyil, Orta Asiya türklərinədir. Bunu Səmərqəndi bəzəyən memarlıq əsərlərindən, onun nəslindən gələn Uluq bəy və Baburun əsərlərindən, Cağatay ədəbiyyatına şərəf verən şeirlərindən soruşulmalıdır. Tarixdəki böyüklərimizə dair həqiqəti meydana çıxarmaq üçün əvvəlcə özümüzü tanımalıyıq. İçimizdə özbəklərin, qırğızların, başqırdların türk olduğunu bilməyənlər var. Bunun üçün də məsələ çox vacibdir. Bu məsələ ilə bu gün yox, əsrlərcə məşğul olmaq lazımdır. Keçmişdə üstündən keçilmiş bu məsələni gələcəyə buraxmadan həll etmək lazımdır”.
(Davamı gələn sayımızda)
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb