Əli Məsimli hökumətə sual verdi - 3-cü şok devalvasiya olacaqmı?




Parlamentdə büdcə müzakirələri zamanı iqtisadcı deputat Əli Məsimli hökumətə suallar ünvanlayıb. 

Sherg.az-ın xəbərinə görə deputat deyib ki, müzakirələrdə hökumət üzvləri bəzi məsələlərə aydınlıq gətirsələr də, bir çox suallar cavabsızdır: 

"Əsas da manatın taleyi ilə bağlı narahatam. Mərkəzi Bankın sədri bəzi suallar cavablandırıldı. Amma cavablandırılmayan vacib suallar qalır.. Bu gün büdcə müzakirəsindən Azərbaycan cəmiyyətinin çox böyük gözləntiləri var. Ona görə də cəmiyyəti maraqlandıran sualları verməliyəm. "Birinci sual budur ki, Azərbaycanda indi getdikcə dərinləşməkdə olan böhran nə zaman səngiyəcək? 3-cü şok devalvasiya olacaqmı? Manat nə zaman etibarlı şəkildə sabitləşəcək? Bazarda qiymətlər sürətlə artır. Belə bir şəraitdə əhalinin aztəminatlı təbəqəsinin həyat səviyyəsi aşağı düşməyə başlayıb. Ona görə də əhalinin aztəminatlı təbəqəsinin sosail müdafiəsi istiqamətində görülən tədbirlərlə yanaşı, büdcədən maliyyələşən və az maaş alan təbəqənin maaşları artacaqmı?

Xarici valyutada olan kreditlərlə bağlı vətəndaşlara konkret güzəştlər ediləcəmi? İqtisadiyyat naziri çox gözəl bir müqayisə apardı. Yoxlamalar 1 il ərzində 67 mindən 67-yə enib. Sahibkarlar bu müdət ərzində 67 min dəfə rüşvət verib. Bəs bu sahibkarları soyan məmur özbaşınalıqlarına son qoyulacaqmı? Vergi yükünün yüngülləşdirilməsi istiqamətində addımlar atılacaqmı? Çünki indiki dövrdə iqtisadi fəallığı artırmaqdan ötrü mütləq vergi yükü aşağı salınmalıdır. Bu suallara yaxşı olar ki, hökumət üzvləri tutarlı cavab versinlər". Ə.Məsimli deyib ki, Dövlət Neft Fondundan vəsait azaldılır, amma əlavə vəsaitlər əldə etmək imkanları aşağıdır: "Əgər bu il 3 faizə qədər enmə olacaqsa, gələn il hiss olunacaq. Yəni büdcəyə artım vasitəsilə vəsait daxil ola bilməyəcək. O zaman nədən istifadə etmək lazımdır? Mövcud resursların ölkə daxilindəki və xaricindəki yenidən bölgüsü olmalıdır. Bu bütün dünya praktikasında ən yaxşı üsullarında biri korrupsiyaya qarşı müabrizənin gücləndirilməsi və korrupsiya pullarının yenidən büdcəyə qaytarılmasıdır. Kölgə iqtisadiyyatının 10 faiz daraldılması Azərbaycan büdcəsinə yarım milyard manatdan çox vəsaitin daxil olmasına gətirib çıxardar".

Anar