Əlilləri özümüzdən ayırmamalıyıq...
Onlar da hamı kimi işləmək, qazanmaq, öz əməyi ilə fəxr etmək istəyirlər
Türkiyənin Baş naziri Binəli Yıldırım, Ankarada Əngəlli Koordinasiya Mərkəzini ziyarət edərək, çalınan telefon zənginə cavab verib.
Kahramanmaraşdan axtaran əngəlli bir vətəndaşla danışan Baş nazir Yıldırım, fevral ayında min
500 əngəlli müəllimin işə təyin olunacağını söyləyib. Telefonun o başındakı əngəlli xəbərdən
sevincini gizlədə bilməyib, duyğulanıb. Bizdə də əlilliyi olan minlərlə insan var. Və qanunvericiliyə
görə, əlilliyi olan şəxsin də digər insanlarla birlikdə bərabər hüquqları var. Lakin bu gün əlillərin
cəmiyyətə inteqrasiyasında ciddi problemlər mövcuddur. Ən böyük problemlərdən biri də onların
məşğulluğudur. Əlillərin işlə təmin olunması kvotası haqqında qanuna əsasən, bütün idarə və
təşkilatlar əmək qabiliyyəti olan əlilləri işlə təmin etməyə məcburdurlar. Qanuna əsasən, müəssisə
və təşkilatlarda çalışan işçilərin 3 faizini əlilliyi olan şəxslər təşkil etməlidirlər.
Amma "Şərq”ə açıqlama verən ekspertlər müvafiq qanunvericiliyin icrası ilə bağlı ciddi problem
olduğunu deyib və buna səbəb kimi də şəhər infrastrukturunu göstəriblər.
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov əlilliyi olan
insanların əmək fəaliyyətinə cəlb olunması ilə bağlı vəziyyətin qənaətbəxş olmadığını deyib:
"Hərəkət məhdudiyyətli insanların işləməsi üçün xüsusi şərait lazımdır. Bizdəki müəssisələrdə isə
buna şərait yoxdur. Yeni tikilən çoxmərtəbəli binaların heç birində əlilliyi olan insanlar nəzərə
alınmayıb. Binaların heç birində xüsusi pilləkənlər, samuzellə, liftlər yoxdur. Bu da nəinki əlilliyi
olan işçilərin adi əlil vətəndaşların belə dövlət qurumlarına təkbaşına gedib-gəlməsi üçün çətinliklər
yaradır. Allah uzaq eləsin, hansısa nazirliyin əməkdaşı qəza keçirib, hərəkət imkanını itirdiyi zaman
belə çıxır ki, onu işdən azad edəcəklər? Əks halda onun nazirliyin binasına getmək imkanı
olmayacaq. Bax, problemin əsas kökü buradan qaynaqlanır. Əgər günü sabah hökumət tərəfindən
ciddi kvota müəyyən olunsa, əlilliyi olan adamların işlə təmin olunub-olunmayacağı sual altındadır.
Çünki əlil insanların üfüqi və vertikal hərəkəti üçün lazım olan infrastruktur bizdə təşkil olunmayıb.Hətta qapılar belə əlil arabalarının maneəsiz keçməsi üçün əlverişli deyil. Avtobuslara, binalara pantuslar qoyulmalıdır ki, əlillər daxil ola bilsinlər. Avtobus dayanacaqlarında da şərait yoxdur. Əlillərin arabalarda burda dayanması mümkünsüzdü”.
S.Məmmədovun sözlərinə görə, əlilliyi olan insanların iş təminatına mane olan amillərdən biri də
kvotalarla bağlıdır:
"Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov BMT-nin əlilliyi
olan insanların hüquqlarının müdafiəsinə dair Komitəsinin iclasında Azərbaycanda kvota sisteminin
yaxşı işləmədiyini etiraf edərək səbəblərini də açıqladı. Buradan da belə nəticəyə gəlmək olar ki,
problemin həlli kompleks yanaşma tələb edir. Bir qanunla, sərəncamla həll olunası iş deyil”.
Azərbaycan Gözdən Əlillər Cəmiyyətindən isə bildirilib ki, ölkədə 40 mindən yuxarı gözdən əlil
insan olsa da, onların sadəcə 2 faizi işləyir: "Gözdən əlillər üçün təşkil olunan rabitə, masaj
kurslarını bitirən 15 nəfərdən biri və ya iki nəfəri işlə təmin olunur. Onlar da müvafiq qurumlarda
tanışı olanlardır”.
Cəmiyyətdən verilən məlumata görə, kursu bitirən insanlar xeyli bilik, bacarığa yiyələnirlər və
müxtəlif sahələrdə işləyə bilərlər. Həmin gözdən əlillərin telefonlara cavab verməsi və ya poçtda
işləməsi mümkündür: "
Məşğulluq İdarəsi tərəfindən kurslar təşkil olunanda yaş məhdudiyyəti
qoyulur. Belə ki, 45 yaşdan yuxarı insanlara kurslarda iştirak etməyə icazə verilmir. Başqa bir
problem SSRİ vaxtında müəyyən kursları bitirib diplom alan insanlarla bağlıdır. Onların diplomu
indi tanınmadığı üçün işlə təmin olunmalarında problem yaranır. SSRİ dövründə masaj kurslarında
oxuyanlar iki il yarım təhsil alıblar. Hazırda isə kurslar bir neçə aylıq olur. İki il yarım təhsil alan
mütəxəssislər işlərində daha peşəkar olduqları halda onların diplomu qəbul olunmur”.
Azərbaycan Gözdən Əlillər Cəmiyyəti əlillərin işlə təminatında Rusiya təcrübəsindən istifadə
olunmasını təklif edir: "Rusiyada xüsusi olaraq əlillərin çalışdığı sexlər var. Həmin sexlərin
məhsullarını alan təşkilatlar var. Müqavilə bağlayırlar və həmin təşkilat özünə lazım olan məhsulu
əlil insanların çalışdığı müəssisələrdən alır. Bu yolla əlillərin məşğulluq problemi həllini tapır”.
Azərbaycanda əlilliyi olan insanların işə qəbulu ilə bağlı müəyyən problemlər olduğunu vurğulayan sosioloq Əhməd Qəşəmoğlunun sözlərinə görə, sovet dövrünə baxanda müəyyən irəliləyişlər olsa da, yenə də mövcud vəziyyət ürəkaçan deyil: "
Dövlət və cəmiyyət çalışıb əlilliyi olan insanlara özlərini 3-4-cü dərəcəli təbəqə kimi hiss etdirməməlidirlər. Əksinə, mümkün olduğu qədər həmin insanlara əlilliklərini unutdurmağa, onları bu kompleksdən azad edib, cəmiyyətə adaptasiyasına nail olmalıdırlar. Kifayət qədər potensiala sahib əlillərimiz var ki, dövlətin onların bu potensiallarından faydalanması əhəmiyyətlidir. Onlar da adi adamlar kimi işləmək, qazanmaq və öz əməyi ilə fəxr etməklə cəmiyyətə yararlı olduğunu görmək istəyirlər. İnsanlar da şüuraltı olaraq dərk etməlidirlər ki, onlar bizlərdən biridir. Cəmiyyət belə insanlara mənəvi dəstək durmalıdır ki, onlar özlərini insanlardan təcrid etməsinlər. Onsuz da şəhərin infrastruktur quruluşu əlilliyi olan insanların həyatını yetəri qədər çətinləşdirir. Nə dayanacaqlarda, nə avtobuslarda, nə də binalarda onlar üçün xüsusi imkanlar yaradılıb. Onların cəmiyyətə adaptasiyası birinci növbədə, nəqliyyat sistemindən başlayır. Düzdür, Azərbaycan qanunları əlillərə güzəştlərin, imtiyazların, mənzillərin verilməsi və onların hüquqlarının müdafiəsi baxımından böyük dəstək olur və son zamanlar bu istiqamətdə müəyyən işlər görülür, amma azdır. Bu addımları sürətləndirmək lazımdır”.
Şəymən