Əlillik dərəcəsi alan xəstələrin yenidən yoxlanması ciddi bir problem yaradacaq

Səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi və təhlil”inə həsr olunmuş Kollegiya iclası keçirilib.
İclasda bildirilib ki, əlillik dərəcəsinin alınması ilə bağlı əhalinin narazılığına səbəb olan problemlərin aradan qaldırılması istiqamətində nazirlik tərəfindən ciddi addımlar atılacaq. Bu işdə əhalinin rahatlığının təmin edilməsi üçün Bakı şəhəri klinik xəstəxanalarının stasionar şöbələrində, rayon mərkəzi xəstəxanalarında ambulator şəraitdə mövcud sıxlığın aradan qaldırılması məqsədilə vətəndaşlara əlilliyin müəyyən edilməsi üçün müayinələrin keçirilməsi nəzərdə tutulur.
Nazirlər Kabinetinin 1993-cü ildə 9 nömrəli Qərarı ilə təsdiq edilmiş sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydaları haqqında təlimatın hazırda yeni variantının hazırlanması məqsədilə işçi qrup yaradılıb. İclasın sonunda əlilliyin təyini ilə bağlı vətəndaşlara Tibbi-sosial ekspert komissiyalarına göndərişlərin (F-088U) verilməsinin ciddi nəzarətə götürüldüyü bildirilib. Müayinələrin keçirilmə şəraiti ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, hər bir xəstənin müəyyən analizləri var və bu analizlərdə lazımlı məlumatlar əks olunur. Professor bildirib ki, xəstənin keçirdiyi əməliyyatlar və hazırkı xəstəliyi ilə onun əmək qabiliyyətinin itirilmə dərəcəsini təyin eləmək mümkündür: "Əlil olan şəxslərin yenidən müayinədən keçməsi nəzərdə tutulursa və ya insanda əmək qabiliyyətinin itirilmə dərəcəsinin təyinindən danışılırsa, hər iki halda xəstənin şəxsi məlumatları əks olunur. Sadəcə konkret olaraq əlillik dərəcəsi alan xəstələrin yenidən yoxlanması ciddi bir problem yaradacaq. Yəni, burda müəyyən subyektiv amillər rol oynaya bilər. Hər halda bu cür məsələlərin həll olunması zamanı əvvəlcə sosial tərəfi düşünmək lazımdır”.
Yeganə Bayramova