Azərbaycan tezliklə Qarabağ münaqişəsini istədiyi kimi həll edəcək
Cəbhədəki təxribatlar da Ermənistana kömək edə bilməyəcək
ATƏT-in Minsk Qrupunun həmsədləri Ermənistanı tərk edər-etməz düşmən tərəf dərhal cəbhə xəttində gərginliyi artırmağa başladı. Ermənistan silahlı qüvvələri bir həftə ərzində iki dəfə, əvvəlcə Füzuli, daha sonra isə Qazax istiqamətində təxribata əl atdılar. Amma Azərbaycanın Milli Ordusu dumanlı havadan yararlanmaq istəyən erməni diversiya qruplarını itki verərək geri çəkilməyə məcbur etdi.
Vasitəçilərin gedişindən dərhal sonra Ermənistanın təxribat törətməsi diqqət çəkməyə bilməzdi. Vurğulayaq ki, xarici işlər nazirlərinin həmsədrlərlə birgə keçirdikləri görüşdə danışıqlar prosesinin seçkilərdən sonra davam etdirilməsi barədə razılıq əldə olunub. Bir sıra ekspertlərə görə, düşmən tərəf seçkilərdən sonra danışıqların aktiv fazaya keçməsindən və Ermənistana təzyiq olunacağından bərk narahatlıq duyurlar. Məhz bu səbəbdən həmin vaxta qədər mümkün qədər üstünlüyü ələ almağa, təmas xəttində gərginliyi saxlayaraq "söz sahibi” olmağa cəhd edir. Əslində Ermənistan bu taktikasını uzun müddətdir həyata keçirir.
Nə zaman həmsədrlər danışıqlara başlamaq üçün regiona səfər etsələr, yaxud da münaqişənin həlli ilə bağlı pozitiv açıqlamalar versələr, düşmən ölkə dərhal təxribat maşınını işə salır. Ermənistan həmsədrlərin səfəri fonunda cəbhədə provakasiya yaratmaqla "danışıqlar bizə lazım deyil” mesajını verir. Həm də İrəvan aşkar şəkildə bəyan edir ki, əldə olunmuş bütün razılıqları pozur. Şübhəsiz ki, Ermənistan nə lokal, nə də genişmiqyaslı əməliyyatlara hazır deyil, sadəcə, özünün "güclü” olması haqqında mif yaratmaq istəyir. Xüsusən, 2016-cı ilin aprel döyüşlərində darmadağın olmuş imicini bərpa etməyə çalışır. Bakı isə istər diplomatik, istərsə də hərbi strategiyası ilə Ermənistanı məngənəyə salır, onu bütün regional və beynəlxalq layihələrdən təcrid edir. Əgər Ermənistan provakasiyalara davam edərsə, Bakının da sərt mövqeyində dəyişiklik olmayacaq. Bu isə ilk növbədə Ermənistanın özünə ziyandır.
Münaqişə ətrafında cərəyan edən prosesləri "Şərq”ə dəyərləndirən siyasi elmlər namizədi, tanınmış politoloq Zaur Məmmədov deyib ki, Azərbaycan tərəfi ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsini istəyir. Məhz bu səbəbdən Minsk Qrupunun həmsədrlərini aktiv olmağa çağırır:
"Təəssüflər olsun ki, həmsədrlər vaxt uzatmaqla, mənasız turist səfərləri həyata keçirməklə məşğul olurlar. Vasitəçilər elə zənn edirlər ki, səbri tükənmək üzrə olan Azərbaycan bu biganəliyə və ədalətsizliyə çox dözəcək. Yaddan çıxarırlar ki, siyasi proseslərdə hər dövrün öz xüsusiyyətləri olur. Növbəti onillik ərzində Azərbaycan sosial-iqtisadi və siyasi-hərbi baxımdan mühüm rıçaqlar əldə edəcək.
Ölkəmizin hərtərəfli güclənməsi, regional layihələrlə bölgənin söz sahibinə çevrilməsi istər-istəməz münaqişənin Azərbaycanın xeyrinə həll olunmasına gətirib çıxaracaq. Zaman keçdikcə Azərbaycan öz istədiyi kimi, münaqişənin haqlı və ədalətli həlli istiqamətində çox mühüm addımlar atacaq. Hələlik danışıqlar davam edir. Lakin bu cür danışıqlar uzun müddət gedə bilməz. Yaxın illərdə Ermənistan və onun arxasında duran güclər Bakının və Azərbaycan Ordusunun nəyə qadir olduğunu görəcəklər”.
Siyasi ekspert bildirib ki, Ermənistandakı rəhbərlik bilərəkdən cəbhə bölgəsində təxribatlara əl atır. Məqsəd qəsdən ölkə daxilində vəziyyəti gərginləşdirməkdir:
"Seçkilər öncəsi erməni xalqı Sarkisyan hakimiyyətindən ciddi narazıdır. Cəmiyyəti seçkiyə kökləmək və səs əldə etmək üçün süni şəkildə müharibə xofu yaradırlar. Qarabağ klanından yaxa qurtarmaq istəyən erməni xalqı Qərbə inteqrasiya etmək, sosial və iqtisadi vəziyyətlərini düzəltmək arzusundadır. Əslində onlara Qarabağ lazım deyil. Amma Sarkisyan öz hakimiyyətinin ömrünü uzatmaq üçün Qarabağ münaqişəsinin uzun müddət qalmasında maraqlıdır”.
İsmayıl