"Əlimizdən gələni edirik, amma vəziyyəti..." - Musa Yaqubun kürəkəni





"Musa Yaqubun vəziyyəti əvvəlkindən nə yaxşıdır, nə pisdir”.

Bu barədə "Sherg.az”a xalq şairi Musa Yaqubun ailəsindən məlumat verilib. Şairin kürəkəninin sözlərinə görə, o rahat hərəkət edə bilmir:

"Hətta özü sərbəst yemək də yeyə bilmir. Köməksiz vəziyyətdə gəzə, ayağa qalxa bilmir. Son bir neçə gündə həkimlərə apardıq. Türkiyədən gələn ürək həkimi də baxdı. Musa müəllimin əziyyət çəkdiyi parkinson xəstəliyinin təsirindən əlləri əsir, ayağı, qolları tutulur. Danışanda səsi belə çıxmır. Artıq aylardır, yataq rejimindədir”.

Şairin kürəkəni M.Yaqubun yaddaşının qaydasında olduğunu, ailə üzvlərini, gələn qonaqları tanıdığını söyləyib:

"Yaddaşı normaldır. Yazıları ilə bağlı nəyi isə soruşanda çətinliklə də olsa cavab verir. Yazı yaza bilir. Amma fiziki cəhətdən çox zəifləyib. Həddindən artıq çəki itirib. Ayağa qalxa bilmir.

Həkimlərin müalicəsini vaxtlı vaxtında tətbiq edirik. İynələr, dərmanlar – hamısını həkimlərin məsləhətilə etdik. Ən yaxşı həkimlər – Türkiyədən gələn mütəxəssislər baxdı. Əlimizdən gələni edirik, amma vəziyyəti eyni olaraq qalır. Musa müəllimin dostları da gəlir, baş çəkirlər. Sadəcə allaha ümid edib, həyatda qalmasını diləyirik”.

Aysel Aslan