"Elşən Musayev, danışanda bir az diqqətli ol"




Milli Məclisdə büdcə müzakirələri zamanı spiker Oqtay Əsədov deputat Elşən Musayevin turizmlə bağlı fikirlərinə sərt reaksiya verib. 

Sherg.az bildirir ki, deputat turizm sahəsinin ən yaralı yer olduğunu, bu sahədə heç bir inkişaf getmədiyini söyləyib:

 "Hesab edirəm ki, biz ölkəyə turist cəlb etməliyik. Amma əksinə turizm inkişaf etmədiyindən əcnəbilərin bura marağı azalır. Dəfələrlə AZAL-ın qiymətlərinin bahalığından şikayət edilib, iradlar bildirilib. Biz AZAL-a dotasiya ayırırıq ki, qiymətlərdə endirim etsin və bu sahədə inkişaf olsun. Amma biletlərin qiyməti azalmır. Əgər biz bunu etməsək, Azərbaycan turizm sahəsində Gürcüstandan qat-qat geri qalacaq. Çünki turistlər Gürcüstan üzərindən uçuşlar edəcəklər”.

Deputata cavab verən spiker isə - "Elşən Musayev, birincisi danışanda, bir az diqqətli ol. Necə yəni ölkədə turizm inkişaf etməyib?! Deyirsən ki, Azərbaycan Gürcüstandan geri qalar. Bu nə sözdür? Azərbaycanda turizmin inkişafı başqa sözdür, turizmin daha da inkişaf etdirilməsinə mane olan amillər başqa sözdür. Bu il rayonlarımızda turist əlindən tərpənmək olmurdu. Görmürdünüz bunları?! Gürcüstan Azərbaycanın bir əyaləti boydadır, necə yəni onlardan geri qalacağıq?! Yenə də deyirəm ki, danışanda diqqətli olun”.

Anar