Amerikalı həmsədrin adı yaxın vaxtlarda məlum olacaq
Ceyms Uorlik ABŞ-ın ATƏT-in Minsk qrupundakı həmsədri vəzifəsindən gedir. APA-nın məlumatına görə, bu barədə diplomat özünün "Twitter” hesabında yazıb. O, həmsədr kimi səlahiyyətlərinin bu il dekabrın 31-də başa çatacağını bildirib. "Mənim üçün 30 il Dövlət Departamentində xidmət etmək böyük şərəfdir”, - deyə C. Urolik qeyd edib. O, həmçinin bildirib ki, Rusiyanın ən böyük və nüfuzlu hüquq firmalarından olan "Yeqorov, Puqinski, Afanasyev və tərəfdaşları” şirkətinin tərəfdaşı olacaq.
ATƏT-in Minsk qrupunun müvəqqəti amerikalı həmsədrinin adı yaxın vaxtlarda məlum olacaq.
Bu barədə APA-ya ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin ofisindən məlumat verilib. Ceyms Uorlikin həmsədrlikdən istefa verdiyini də ofisdən rəsmən təsdiqləyiblər.
XİN Uorlikin həmsədrlikdən getməsini şərh edib
"ABŞ-dan olan həmsədr Ceyms Uorlikə gələcək fəaliyyətində uğurlar arzu edirik”. APA-nın məlumatına görə, bu sözləri Xarici İşlər Nazilriyinin mətbuat katibi Hikmət Hacıyev deyib. O bildirib ki, Azərbaycanın ATƏT-in Minsk Qrupunun həmsədrlərindən gözləntisi fərdi deyil, institusional xarakter daşıyır: "Belə ki, instutusional olaraq ATƏT Minsk Qrupunun həmsədrləri mandatlarına uyğun olaraq münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və Helsinki Yekun Aktı əsasında həllini təmin etməlidirlər. Nəticə etibarilə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin dövlət başçıları səviyyəsində qəbuledilməz və qeyri-davamlı hesab etdikləri status kvo dəyişdirilməlidir. Status kvonun dəyişdirilməsi isə işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan qoşunlarının çıxarılmasını tələb edir. Təəssüf ki, ötən 20 ildən artıq müddət ərzində Azərbaycan əraziləri işğaldan azad edilməyib və regionda davamlı sülh və təhlükəsizlik təmin edilməyib”.
"O rusiyalı həmkarını təkrarlayırdı”
"Ceyms Uorlik də o biri həmkarlarından heç nə ilə fərqlənmədi”. Bunu isə Sherg.az-a onun ABŞ-ın ATƏT-in Minsk qrupundakı həmsədri vəzifəsindən getməsinə münasibət bildirərkən politoloq Elxan Şahinoğlu bildirib. Ekspertin sözlərinə görə, amerikalı diplomat elə rusiyalı həmkarının dediyini təkrarlayırdı: "O, gah dedi ki, Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır. Bu fikir xoşumuza gəldi. Üstündən aylar keçdi tvit yazdı ki, paralel olaraq Dağlıq Qarabağın status müzakirələri də başlamalıdır. Bilmədik ki, amerikalı diplomat münaqişənin "mərhələli”, yoxsa "paket” həllinin tərəfdarıdır. Ancaq onu bildik ki, amerikalı diplomat elə rusiyalı həmkarının dediyini təkrarlayır. Rusiyalı həmkar demişkən, Uorlikin diplomatik fəaliyyətini yekunlaşdırdıqdan sonra Rusiyanın ən böyük və nüfuzlu hüquq firmalarından olan "Yeqorov, Puqinski, Afanasyev və tərəfdaşları” şirkətinin tərəfdaş olaraq çalışması da çox nəsnədən xəbər verir.
Ayyət Əhməd