"Əmanətlərin Sığortalanması Fondu prosesi düzgün qura bilmədi"





"Əmanətlərin Sığortalanması Fondunun yaradılmasında məqsəd banklar bağlandığı təqdirdə vətəndaşların depozitlərinin bir hissəsini qorumaq idi”.

Bunu "Sherg.az”a sözügedən dövlət fondunun fəaliyyətində nöqsanlar aşkarlanmasından danışarkən iqtisadçı -ekspert Natiq Cəfərli deyib.

O qeyd edib ki, əmanətçilər öz vəsaitlərini sığorta edərkən müəyyən faizlə fonda köçürürdü:

"Əslində fond zamin rolunu oynamalı, banklarda problem yaşanarsa, vətəndaşların qoyduğu depozitlər geri qaytarılmalı idi. Xarici ölkələrdə belə strukturlar daha ciddi qurumlara çevrilirlər. Onlar həm investor qismində çıxış edir, həm də qiymətli kağızlar bazarında aktiv olurlar ki, qazanc əldə etsinlər. Bununla, öz gəlirlərini təmin edib, əmanətlərin sığortalanmasını həyata keçirirlər. 

Azərbaycanda isə Əmanətlərin Sığortalanması Fondu bu prosesi düzgün qura bilmədi. Fond formal quruma çevrildi və banklar ard-arda bağlandıqda strukturun vəziyyəti pisləşdi.

Belə dövlət qurumları, özü-özünü maliyyələşdirməli olan fondlar dövlətə çox arxayın olur, dövlət vəsaitinə biganə yanaşırlar. Həmin strukturların hesabatlılığı olmalıdır, açıq şəkildə fəaliyyət göstərməlidirlər ki, istənilən şəxs onlar haqqında məlumat əldə edə bilsin.

 Hesabatlılıq olmadığından, idarəetmədəki problemlər indiyə qədər həll edilmədiyində daha ciddi nöqsanlar ortaya çıxır. Əslində, dəfələrlə fondun fəaliyyətində nöqsanlar olduğu barədə xəbərdarlıq edilib. Görünür, heç bir tədbir görülmədiyindən qanun pozuntuları daha ciddi formada, açıq ifadə olunur”.

Qeyd edək ki, ləğv prosesində olan "Zaminbank”, "Kredobank”, "Yunayted Kredit Bank”, "Bank of Azerbaijan”, "Gəncəbank”, "Parabank”, "Bank Technique”, "Royalbank”, "Dekabank”, və "Atrabank” ASC-lərdə Əmanətlərin Sığortalanması Fondu tərəfindən (ləğvedici) həyata keçirilən əmanətçilərə kompensasiya ödənişləri üzrə ciddi maliyyə və hüquqpozmaları aşkarlanıb. "Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında” adlı hesabatda bildirilir ki, Hesablama Palatası qanunvericiliyə uyğun olaraq hesabat ilində başa çatdırılmış nəzarət tədbirləri üzrə müvafiq materiallar Baş Prokurorluğa göndərilib.

Aysel Aslan