"Ən yaxşı çıxış yolu uşaq mediasının inkişaf etdirilməsidir" - Qadağa işə yaramayacaq





"Universal mediada yayımlanan uşaqlar üçün zərərli məlumatların onlara çatdırılmamasına valideynlər nəzarət etməlidirlər”.

Bunu "Sherg.az”a "Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsini dəyərləndirərkən əməkdar jurnalist, filologiya üzrə elmlər doktoru, professor Qulu Məhərrəmli deyib. 

Onun fikrincə, yalnız uşaqlardan ötrü medianın hansısa qanadına məhdudiyyət qoymaq doğru deyil:

"Uşaq nəşrləri, uşaq mediası ilə bağlı müəyyən ölçülər isə mütləq nəzərə alınmalıdır. Amma universal mediada belə qadağa qoyulması, məsələn, hansısa qəzet, jurnal ilk səhifədə məhdud şəxslər üçün nəzərdə tutulan məlumatı yayımlamasın, bu yanlışdır. Sadəcə, belə problemlərin aradan qaldırılması üçün addım atılmalıdır. Bu isə ölkədə uşaq mətbuatının inkişaf etdirilməsindən başlayır. Uşaqlar üçün nəzərdə tutulan nəşrlərin artırılması, televiziya kanallarının sayının çoxalması daha məqsədəuyğun olar. Hazırda "Günəş” telekanalı uşaqlar üçün verilişlər hazırlayır. Kanalın fəaliyyəti qənaətbəxşdir, yaş məhdudiyyətini, uşaqlar üçün nəzərdə tutulan, tutulmayan informasiyaları nəzərə alırlar. Hesab edirəm ki, bu tipli uşaq mediasının inkişafı labüddür”.

Q.Məhərrəmli hesab edir ki, valideynlər övladlarına düzgün nəzarət edərsə, telefon, planşet kimi vasitələrdən səmərəli istifadəni, sosial şəbəkələrin zərərlərini təbliğ edərsə, mətbuata qadağa tətbiq edilməsinə ehtiyac qalmaz:

"Əsasən nəzarətsiz uşaqlar bu kimi vasitələrə meyl edir, internet saytlardan istədikləri məlumatı əldə edirlər. Belə uşaqlar texnoloji vasitələrə bağlı olduğundan həyatı virtual aləmdəki kimi qavrayır. Əslində, qorxulu olan budur. Bu məsələdə də, ən yaxşı çıxış yolu uşaq mediasının inkişaf etdirilməsidir. Uşaq mətbuatı sahəsindəki problemlər aradan qaldırılmalıdır”.

Qeyd edək ki, sözügedən qanun layihəsində uşaqlar üçün zərərli informasiyanın növləri müəyyənləşib. Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyaya zorakılığı və qəddarlığı təbliğ edən, cəmiyyət əleyhinə və hüquqazidd hərəkətləri, o cümlədən cinayətləri təbliğ edən, uşaqların həyat və təhlükəsizliyinə potensial təhlükə yaradan əməlləri təbliğ edən, ailə institutunu nüfuzdan salan, əxlaqdan kənar leksik (söyüş) məzmunlu, pornoqrafik xarakterli, qorxu məzmunlu, erotik məzmunlu informasiyalar aiddir.  Uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiya məhsullarının uşaqların ola biləcəyi yerlərdə inzibati, texniki proqram və avadanlıq vasitələrinin tətbiq edilmədən yayılmasına yol verilmir.

Aysel Aslan