Ənənəvi danışıqlar formatı dəyişməyəcək

Ermənistan reallığı dərk edərək əvvəlki iddialarından geri çəkildi
“Rusiya ilə münasibətlərimizin yaxşılaşmasının bu işdə rolu az deyil. Görünür, rəsmi Moskva işğalçı ölkəyə təzyiq göstərib”


Sentyabrın 28-də Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbət oldu. Prezidentin mətbuat xidmətinin məlumatına görə, tərəflər Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildirdilər. Həmçinin, tərəflər müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara aldılar. 

Operativ mexanizmlərin tərəflər arasındakı problemin çözümünə əhəmiyyətli yardım göstərəcəyi və bir sıra məqamların həllinə səbəb olacağı bildirildi. Ekspertlərə görə, Prezident İlham Əliyevlə Paşinyan arasında Düşənbədə baş tutan söhbət rəsmi İrəvanın bugünədək irəli sürdüyü bütün iddiaların üzərindən xətt çəkdi. Nikol Paşinyanın görüşdən dərhal sonra böyük sevinc hissi ilə açıqlama verməsi, atəşkəs rejiminə əməl olunması barədə razılığın əldə edilməsi ilə bağlı Bako Saakyanı məlumatlandırması qondarma rejimin danışıqlar prosesinə qatılması ilə bağlı mülahizələri çürütdü. Həmçinin, Nikol Paşinyanın açıqlaması separatçı rejimin Ermənistan rəhbərliyi tərəfindən idarə olunması faktını bir daha təsdiqlədi. Bu isə danışıqlar prosesinin davam etdirilməsinə maneə yaradan davakar ritorikanı, manipulyativ davranışları, tənzimlənmə prosesinin mahiyyətinə zidd olan əsassız yanaşmaları sıradan çıxardı. Ermənistanın danışıqlar prosesinin əvvəlki formatının dəyişdirilməsi ilə bağlı cəhdlərinə son qoydu. 

Eyni zamanda, bu razılaşma Ermənistanın sülh danışıqlarına daha konstruktiv yanaşmağa başladığını çox aydın ifadə edir. Son 5 ayda bu, Ermənistan rəhbərliyinin Dağlıq Qarabağ siyasətində tam yeni təzahürüdür. Düşənbə razılaşması göstərir ki, Ermənistan rəhbəri ənənəvi danışıqlar formatını dəyişmək və qondarma rejimi müstəqil tərəf kimi danışıqlar prosesinə qatmaq iddiasından geri çəkilib. Sülh danışıqlarının Azərbaycanla Ermənistan arasında aparılmasının yeganə səmərəli variant olması ilə barışıb. 

Düşənbə razılaşmasının başqa bir maraqlı məqamı da ondan ibarətdir ki, sərhədlərdə insidentlər baş verəcəyi hallarda onun qarşısının mümkün qədər tez alınması üçün beynəlxalq vasitəçilərin müdaxiləsindən əvvəl iki dövlətin müvafiq strukturlarının yaratdığı təmas mexanizmi işə düşəcək. Bu, çox maraqlı elementdir və iki ölkənin ali rəhbərlərinin görüşünün çox yaxında baş tuta biləcəyi barədə ümidləri xeyli artırır. Şübhəsiz ki, Paşinyanın danışıqlara münasibətinin dəyişməsində Azərbaycanın sərt, qəti və aydın müqaviməti böyük rol oynadı. 

Paşinyanın mövqe dəyişməsinin Rusiya-Azərbaycan münasibətlərinin böyük sürətlə pozitiv cəhətdən dərinləşdiyi indiki günlərdə baş verməsi də təsadüfi deyil. Görünür, erməni analitiklər proseslər davam edəcəyi halda Ermənistan rəhbərinin daha sıx təcrid vəziyyətinə düşə biləcəyinin fərqinə vardılar. Paşinyan BMT-dəki görüşlərdə özünün əvvəlki Qarabağ davranışına dəstək tapa bilmədi. Əgər Paşinyan konstruktiv ruhda davam edərsə, 2018-ci ilin Düşənbə razılaşması 1994-cü ildəki məşhur Bişkek protokolu kimi tarixə düşə bilər.

Düşənbə görüşünün nəticələrini "Şərq”ə dəyərləndirən Azərbaycan Diplomatik Akademiyasının (ADA) professoru, siyasi təhlilçi Elnur Soltan deyib ki, qondarma "DQR”-nın danışıqlar masasından çıxması dilpomatiyamızın uğuru deməkdir. Ekspertin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinə dair danışıqlar prosesinin Ermənistan və Azərbaycan tərəfləri arasında aparılmasının özü bir diplomatik nailiyyətdir:

 "Bunun dipolmatik mənası odur ki, artıq Ermənistan işğalçı olduğunu etiraf edir. Qondarma Dağlıq Qarabağ rejiminin danışıqlar masasından çıxması o deməkdir ki, düşmən ölkə Azərbaycanın ərazilərini işğal edənlərin Qarabağda yaşayan ermənilər deyil, məhz Ermənistan olduğunu etiraf edir. Bu, bizim üçün diplomatik uğurlardan biridir. Diplomatiyada belə bir məqam da var ki, hakimiyyətlər dəyişəndə dövlətin siyasətini qorumağa çalışırlar. Paşinyan da Qarabağ ermənilərini masaya qaytarmağa çalışdı. Amma Rusiya-Azərbaycan münasibətlərinin dinamik inkişafı bizə kömək etdi. Rusiya ilə münasibətlərimizin yaxşılaşmasının bu işdə rolu az deyil. Görünür, rəsmi Moskva işğalçı ölkəyə təzyiq göstərib. Amma Rusiya olmasa belə, bizdə həmişə imkanlar var”.

Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə də "Şərq”ə deyib ki, Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan dialoq və bir neçə məsələdə əldə edilən razılaşmalar Qarabağ konfliktinin həllində yeni mərhələyə gətirə bilər: 

"Paşinyanın BMT tribunasından Azərbaycan əleyhinə hədyan və qeyri-konstruktiv bəyanatlarından bir neçə saat sonra Düşənbədə əvvəlki ritorikaların əksinə olaraq Prezident İlham Əliyevlə razılaşması, hətta operativ rabitə əlaqəsinin yaradılması barədə təklifi göstərir ki, onun əvvəlki bəyanatları daxili auditoriyaya və Qarabağ klanını sakitləşdirməyə yönəlmişdi. Gedən prosesdən belə qənaət hasil olur ki, bundan sonra Paşinyan Rusiyanın iştirakı olmadan birbaşa Azərbaycan rəhbəri ilə danışıqlar aparmaq niyyətindədir. Onun Qarabağ separatçılarını danışıqlarda tərəf kimi irəli sürməyəcəyi də artıq məlum oldu. 

Bununla etiraf etdi ki, Ermənistan tərəfi işğalçı və əsas tərəfdir. Əgər İrəvan-Bakı arasında operativ əlaqə olacaqsa, tərəflər razılaşacaqsa, o zaman Minsk Qrupunun fəaliyyətinə də ehtiyac qalmayacaq. 20 il ərzində Minsk Qrupu yalnız münaqişəni öz monopoliyasında saxlayaraq, status-kvonu qoruyub saxlayıb. Bundan əlavə, hazırda bu formatda həmsədr olan ABŞ və Rusiyanın bir formatda qarşılıqlı anlaşmaya gələcəyi qeyri-mümkündür. 

Hər iki tərəf münaqişənin həlli ilə bağlı ayrı-ayrı planlara malikdir. ABŞ, Rusiya və Fransa münaqişəni öz maraqlarına uyğun həll etməyə çalışır. Bu da münaqişənin nizamlanmasını əngəlləyir. Azərbaycan tərəfi Ermənistanın yeni rəhbərliyinə şans verməklə, danışıqların substantiv və real irəliləyişə söykənə biləcəyi situasiyaya şərait yaratdı. Nikol Paşinyan bu verilən şansdan istifadə edərək, ilk növbədə ölkəsində Rusiyanın dayaqlarını zəiflətməli və ictimaiyyəti ərazilərin boşaldılmasına hazırlamalıdır. Münaqişənin həll edilməməsinin əksi müharibədir. Azərbaycan da daima bu fürsəti gözləyir”.

İsmayıl