Ərdoğanın ittihamları gecikmiş açıqlamalardır

“ABŞ-da hökumət dəyişəcək. Ona görə də gedən komandanın bütün paxırları üzə çıxarılır”


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Suriyada İŞİD də daxil olmaqla terror qruplaşmalarına dəstək verməsini təsdiqləyən dəlillərin olduğunu bəyan edib. Ərdoğan koalisiya qüvvələrinin İŞİD-lə mübarizəyə dair öhdəliklərini icra etmədiyini bildirib:

"Onlar bizi İŞİD-ə dəstək verməkdə ittiham edirlər. Amma hazırda koalisiya İŞİD, PYD, YPG-də daxil olmaqla digər terror qruplaşmalara dəstək verir. Bu, gün kimi aydındır. Bizim əlimizdə şəkillər, fotolar və videolarla təsdiq olunacaq dəlillər var”. ABŞ Dövlət Departamenti isə Türkiyə Prezidentinin Amerika İŞİD-ə dəstək verməsi barədə bəyanatını gülünc adlandırıb. Mark Toner deyib ki, Ankaranın bu cür bəyanatlar verməyə əsası yoxdur: "Bu ittiham cəfəngiyyatdır”. Rusiya Dövlət Dumasının senatoru Aleksey Puşkov da Ərdoğanı dəstəkləyən bəyanatla çıxış edib. O, Ərdoğanın ABŞ-ın başçılıq etdiyi koalisiyanın İŞİD-i dəstəkləməsi ilə bağlı verdiyi açıqlamanı haqlı sayıb: "Ərdoğan haqlıdır! ABŞ-ın terrorçu təşkilatları dəstəkləməsi ilə bağlı çoxlu faktlar var. Dövlət Departamentinin açıq-aydın olanları təkzib etməsi yersizdir”. 

İddialarla bağlı "Şərq”ə danışan politoloq Tofiq Abbasov deyib ki, 2017-ci ilin yanvar ayında ABŞ-da hökumət dəyişəcək. Ona görə də gedən komandanın bütün paxırları üzə çıxarılır: 

"Yaranmış fürsətdən yararlanan bəzi dövlət rəhbərləri müəyyən həqiqətləri açıqlayırlar. Xeyli müddətdir gizlədilən reallıqlar bütün çılpaqlığı ilə ortaya çıxır. Yaxın Şərqdə vəziyyətin gərgin olaraq qalmasının, müharibənin sonunun görünməməsinin kökündə ABŞ-ın yeritdiyi siyasət dayanır. Məsələ ondan ibarətdir ki, Amerika okeanın o biri tayındadır. Onların ərazisi Yaxın Şərq regionundan, yəni təhlükəli bölgədən çox uzaqdır. Amma Avropa ölkələri, xüsusən Yaxın və Orta Şərq dövlətləri həmin bölgədə gedən savaşlardan çox əziyyət çəkirlər. Con Kennedinin gözəl bir ifadəsi var. O deyirdi ki, "qələbənin yüzlərlə valideyni olur, amma məğlubiyyət həmişə yetimdir”. O mənada hesab edirəm ki, Ərdoğanın ittihamı tamamilə həqiqətdir.  Bu etiraf olduqca lazımlı idi. Bir qədər gecikmiş açıqlama olsa da, zərərin yarısından qayıtmaq belə faydalıdır”. 

Politoloq bildirib ki, əslində Ərdoğanın dedikləri daha əvvəldən cəmiyyətə bəlli idi: 

"Qərb dövlətlərinin İŞİD və digər terrorçulara dəstək verməsi ilə bağlı dəlil-sübutlar çoxdan mövcuddur. 2 il vaxt keçməsinə rəğmən Qərb koalisiyası terrorçu qruplara qarşı heç bir iş görməyib. Amma Rusiyanın rəhbərliyi ilə yeni yaranmış Şərq koalisiyası Suriyada daha çox iş görüb. Hələb şəhəri terrorçulardan azad edildi. Artıq terrorçu şəbəkənin beli qırılmaq üzrədir. Türkiyə dövləti bölgə siyasətinə ciddi korrektələr etməyə hazırlaşır. Moskva-Ankara arasında müttəfiqlik formalaşır və əlaqələr möhkəmlənir. ABŞ-ın bundan narahat olmaması mümkünsüzdür. Araşdırsaq, rus səfirinin öldürülməsi layihəsi də okeanın o tayına gedib çıxacaq”.

İsmayıl