Ərdoğanın lirə ilə bağlı çağırışı proseslərə ciddi təsir etməyəcək

“Türk vətəndaşları valyuta və qızıl məsələsində bazarı çox yaxşı bilirlər”
Rusiya və Türkiyə arasında ticarətin milli valyuta ilə aparılması mümkünsüzdür

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan əhaliyə müraciət edərək milli valyuta olan lirəyə dəstək istəyib. İstanbulda çıxış edən ölkə başçısı deyib ki, milli valyutaya üstünlük verənlər iqtisadi zərərlə üzləşməyəcək: "Yastığınızın altındakı xarici valyutanı lirəyə və qızıla çevirin. Bizi yıxmaq istəyənlərə qarşı çıxın və milli valyutamıza dəstək verin”.

Ərdoğan əlavə edib ki, o, Rusiya Prezidenti Vladimir Putinə ticarət dövriyəsində yerli valyutadan
istifadə etməyi təklif edib: "Təklif etdim ki, Rusiyadan məhsulları rublla alaq, Rusiya isə
Türkiyədən aldığı məhsullara görə lirə ilə ödəniş etsin. Təklifi Çin rəhbərliyinə də etmişəm. Tərəflər
bu təklifi müsbət qarşılayıb”. Türkiyə rəhbəri qlobal böhranın ölkəyə az təsir etdiyini vurğulayıb:
"2008-ci ildəki böhrandan necə çıxmışıqsa, indiki böhrandan da o cür keçəcəyik”. Ekspertlər bu cür
addımlarla qlobal böhrandan çıxmağın mümkünsüz olduğunu iddia edirlər. 

Türkiyədəki prosesləri yaxından izləyən iqtisadçı-ekspert Natiq Cəfərli "Şərq”ə deyib ki, türk lirəsi getdikcə dəyərdən düşür. Onun fikrincə, siyasilərin açıqlamaları populist xarakterlidir: "Türk vətəndaşları valyuta və qızıl məsələsində bazarı çox yaxşı bilirlər. Mövcud problemləri əhalinin hesabına həll etmək ideyası ağlabatan deyil. Dekabrın 14-də FED-in faiz artımı bəlli olacaq. Ondan sonra dünyada dolların bahalaşması daha da sürətlənəcək. Bu isə öz növbəsində qızılın qiymətini aşağı salacaq. Əhali bazarda təkrarlanan proseslərdən xəbərdardır. Ölkə mediası hər gün ictimaiyyəti məlumatlandırır.

Ona görə də Ərdoğanın lirə ilə bağlı çağırışının ümumi prosesə ciddi təsir edəcəyini düşünmürəm.
Türkiyənin çox ciddi struktur problemləri var”.

İqtisadçı bildirib ki, Rusiya və Türkiyə arasında ticarətin milli valyuta ilə aparılması
mümkünsüzdür: 

"İki dövlət arasındakı ticarət dövriyyəsinə baxsaq, görərik ki, Rusiya Türkiyəyə
ildə 26 milyard dollarlıq, Türkiyə isə Rusiyaya 5.5 milyard dollarlıq mal satır. 26 milyard dollarınəvəzində təklif edilən rublu Ankara hökuməti necə əldə edəcək, özü pul kəsməyəcək ki?! Həmin rublu ancaq dollar satmaqla əldə etmək olar. Bu isə "sağ qulağı sol əllə qaşımaq” kimi bir şeydir.

Nəzərə almaq lazımdır ki, Rusiyanın Türkiyəyə satdığı məhsulların başında qaz enerjisi durur. İldə
təqribən 18 milyard dollarlıq qaz ixrac edilir. Bu müqavilələrin hamısı beynəlxalq hüququn tərkib
hissəsi olaraq dollarla qeydiyyata alınır və neftin qiymətlərinə uyğun olaraq, müəyyən formulla
hesablanır”. 

N.Cəfərlinin sözlərinə görə, türk lirəsi və rus rublu tez-tez məzənnə dəyişikliklərinə
məruz qalır: 

"Bu pul vahidləri gah bahalaşır, gah da ucuzlaşırlar. İtkilərlə qarşılaşan iş adamları isə
özlərini sığortalamaq üçün ticarətlərini ya dollar, ya da avro üzərindən həyata keçirirlər. Ola bilsin
ki, qızılla alış-verişi müəyyən müddət reallaşdırmaq mümkün oldu. Amma dünya ticarət
dövriyyəsində və sivil banklarda pul keçidləri qızılla yox, kağız valyutalarla aparılır. Qızılla ticarət
XIX əsrə qədər öz əlverişliliyini qoruyub, amma XXI əsrə uyğun deyil”.

İsmayıl