"Erməni əhalisi faktiki olaraq seçkini rədd etdi" - Şərh





"Hər şeyi bir yana qoyub, seçicilərin fəallığı məsələsinə toxunmaq istəyirəm. Erməni əhalisi faktiki olaraq seçkini rədd etdi”.

Bunu "Sherg.az”a açıqlamasında siyasi şərhçi, tanınmış jurnalist Azər Həsrət deyib.

Ekspert bildirib ki, seçici fəallığının həddindən artıq az olması əhalinin keçmiş Sarkisyan-Koçaryan hökumətlərinə bağlı olması anlamına gəlmir. Səbəb odur ki, ermənilər gələcəyə ümidlərini büsbütün itiriblər: 

"Ermənilər birmənalı başa düşürlər ki, Paşinyan və ya başqası Ermənistanı bu vəziyyətdən çıxara bilməyəcək. Anlayırlar ki, onların nicatı, xoşbəxt gələcəyi yalnız və yalnız Azərbaycanla münasibətləri yoluna qoymaqdan keçir. Bu, baş verməyəcəyi təqdirdə Ermənistanda kimin hakimiyyətə gəlməsinin heç bir əhəmiyyəti yoxdur. Məhz bu səbəbdən seçicilər biganə yanaşdılar. Paşinyan və tərəfdarları isə əllərindən gələni etdilər ki, "qaalibiyyətlərini” rəsmiləşdirsinlər. Saxtakarlıqlar, qanun pozuntuları bütün dünyanın gözü qarşısında baş verdi. Şübhə etmirəm ki, beynəlxalq qurumlar susqun qalacaq, yaxud bir-iki bəyanatla məsələni qapadacaqlar. Məsələ ondadır ki, ermənilərlə bərabər artıq beynəlxalq ictimaiyyət də başa düşür ki, Ermənistanın hansı formada seçki keçirməsinin əhəmiyyəti yoxdur. Çünki Ermənistan asılı və başqasının əlinin altında olan bir ölkədir”.

Qeyd edək ki, Ermənistanda aylardır gözlənilən parlament seçkisi saxtakarlıq və qanun pozuntuları ilə baş tutub. Budəfəki seçki Ermənistanın müstəqillik tarixində seçicilərin ən az iştirak etdiyi seçki kimi tarixə düşüb. Seçici aktivliyi 48,63 faiz olub və Paşinyanın bloku 70 faizdən çox səs toplayıb. Seçki barajını isə "Mənim Addımım Bloku”ndan başqa Çiçəklənən Ermənistan və İşıqlı Ermənistan partiyaları aşa bilib. Sarkisyanın Respublikaçılar Partiyası da daxil olmaqla, seçkidə iştirak edən 8 siyasi güc parlamentdən kənarda qalıb.

İsmayıl