Erməni nazirin açıqlaması blefdir

Tonoyanın bəyanatı Azərbaycan xalqını qorxuda bilməz
"Erməni tərəfi əslində danışıqlar prosesini pozmağa çalışır, yəni döyüşlərin yenidən başlanmasını provokasiya etmək niyyəti güdür"


Vyana görüşündən dərhal sonra Ermənistanın müdafiə naziri David Tonoyan Nyu-Yorkda erməni icması qarşısında çıxış edərək, İrəvanın Azərbaycana heç bir torpaq qaytarmayacağını bildirib. O, həmçinin "sülh naminə ərazi” formulu əvəzinə "yeni ərazilər uğrunda yeni müharibə prinsipinə üstünlük verəcəklərini, hücum bölmələrinin sayını artıracaqlarını” açıqlayıb. Tonoyanın səsləndirdiyi sərsəm bəyanatı Ermənistanın hakim "Mənim Addımım” Blokunun üzvləri də müxtəlif vasitələrlə dəstəkləməyə başlayıblar. 

Jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin Müdafiə və Təhlükəsizlik Komissiyasının sədri Andranik Koçaryan da Azərbaycanı sülhə məcbur etdiklərini deyib. Tonoyanın bəyanatına Azərbaycanın müdafiə və xarici işlər nazirliklərindən sərt reaksiyalar verilib. Nazirliyin mətbuat xidmətinin rəisi, polkovnik Vagif Dərgahlı bildirib ki, erməni tərəfi öz əlaltılarını ortaya atmaqla onları ermənilərin çaldığı mahnını oxumağa sövq edir: 

"Ermənistan öz ordusunda daim baş verən neqativ halları, qeyri-döyüş itkilərinin sayının durmadan artması, ordunun zəif təminatı və təchizatı faktlarını beynəlxalq ictimaiyyətdən gizlətmək məqsədilə Azərbaycan Ordusunun uğurlarına kölgə salmaq üçün dəridən-qabıqdan çıxır. Vaxtilə erməni ordusuna bel, kürək və digər ləvazimatların alınması üçün ondan-bundan maliyyə vəsaiti toplayan, indi isə bu məharətini ABŞ-dakı erməni diasporundan pul dilənməkdə peşəkarcasına nümayiş etdirən müdafiə naziri David Tonoyanın Azərbaycan Ordusuna qarşı çıxış etməkdən başqa heç bir əlacı qalmayıb. Heç bir real fakta əsaslanmayan, ümumi sözlərlə ifadə olunan xəbərləri yayanların məqsədi güclü Ordumuza və onun vətənpərvər şəxsi heyətinə qarşı Azərbaycan cəmiyyətində inamsızlıq hisslərinin 
formalaşdırılmasına cəhd etməkdir. Biz bu kimi xəbərləri qəti surətdə təkzib edir, onları qərəzli hesab edir və düşmən təbliğatının tərkib hissəsi kimi dəyərləndiririk”.

Azərbaycan Xarici İşlər Nazirliyi də vurğulayıb ki, Tonoyanın fikirləri bu ölkənin işğalçı və qəsbkar siyasətinin Ermənistanın yüksək səviyyəli rəsmisi tərəfindən növbəti dəfə etiraf edilməsidir. Nazirliyin bəyanatında bildirilib ki, Vyana görüşündən sonra erməni müdafiə nazirinin belə bir çıxışı təhrikçi xarakter daşıyır:

 "Ermənistan tərəfinin diqqətinə çatdırırıq ki, bu gün Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü orduları sırasında yer alır. Beynəlxalq hüququn ona verdiyi özünümüdafiə haqqı ilə Azərbaycan işğal edilmiş torpaqlarını qısa müddətdə azad etmək iqtidarındadır. Azərbaycan Ermənistan kimi digər dövlətlərin ərazilərinə iddialarla çıxış etmir və əraziləri zəbt etmək fikrində deyil. Azərbaycanın tələbi BMT TŞ-nin müvafiq qətnamələrinə uyğun olaraq, onun beynəlxalq tanınmış ərazilərindən işğalçı Ermənistan qüvvələrinin dərhal, tam və qeyd-şərtsiz çıxmasıdır. Bütün bu illər ərzində beynəlxalq ictimaiyyətin dəstəyi ilə aparılan səylərimiz məhz bu məqsədə yönəlib. Əks təqdirdə, Azərbaycan beynəlxalq hüququn müvafiq norma və prinsiplərini rəhbər tutaraq öz torpaqlarını bütün digər vasitələrlə erməni işğalından azad etməyə hazırdır”.

Ermənistan müdafiə nazirinin açıqlamasını "Şərq”ə şərh edən politoloq Həsrət Rüstəmov bildirib ki, Tonoyanın son bəyanatı başdan ayağa blefdir. Onun fikrincə, əslində bu bəyanatın mahiyyəti "yeni ərazilərin işğalına” hazırlıq deyil:

 "Ermənilər Azərbaycan xalqını qorxuda bilməz. Bu, bir informasiya savaşıdır. Danışıqların müəyyən nəticələrə gəlməsi, yaxud ən azından belə bir görüntünün nümayişi üçün "sülh əvəzinə ərazilərin qaytarılmasının” vacibliyini erməni tərəfi yaxşı başa düşür. İşğal altında olan əraziləri azad etmədən danışıqların uzun müddət davam etdirilməsi mümkün deyil. Ona görə də erməni müdafiə nazirinin bəyanatını bu cür dəyərləndirmək lazımdır. 

Erməni tərəfi əslində danışıqlar prosesini pozmağa çalışır, yəni döyüşlərin yenidən başlanmasını provokasiya etmək niyyəti güdür. Erməni nazirin bəyanatına beynəlxalq reaksiyaların verilməsinə nail olmaq lazımdır. Beynəlxalq təşkilatlara ermənilərin təcavüzkar olduğunu bir daha sübut etməliyik. Ən azı informasiya müharibəsində irəliləmək üçün bu bəyanatdan yararlanmaq vacibdir”.

İsmayıl