"Nikol Paşinyan siyasətdə naşıdır. Bu baxımdan Azərbaycan onun proqramından qeyri-adi, konstruktiv dəyişiklik gözləmirdi”.
Bunu "Sherg.az”a tanınmış jurnalist, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət söyləyib.
O vurğulayıb ki, hakimiyyətinin ilk günlərindən Paşinyanın Ermənistanı daha gərgin dönəmə sürükləyəcəyi deyilirdi:
"Həqiqətən, baş nazir ölkənin problemlərinin həll edilməsi üçün real proqram təklif edə bilmir. Eyni zamanda iddialı şəkildə müddət ortaya qoyub, problemlərin həlli üçün atacağı addımları dəqiqləşdirə bilmir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, erməni işğalı ilə bağlı məsələlərə onun yanaşması populist çıxışlardan başqa bir şey deyil. Paşinyanın təklif etdiyinin əksinə, işğal olunmuş torpaqlarımız Ermənistanın nəzarətində olduğundan Azərbaycan ancaq Ermənistanla danışıqlar aparacaqdır.
Paşinyan dediklərində səmimidirsə, Ermənistan işğal etdiyi torpaqlardan çıxmalıdır. Yeganə Dağlıq Qarabağda separatçı qüvvələr qalmalı və ondan sonra Azərbaycan öz vətəndaşları ilə masa arxasında oturub, söhbət apara bilər. Amma baş nazir bu proseduru inkar edir, qarışıq açıqlamalar verir. Özünü inkar edən açıqlamalar verən erməni rəhbərlə heç bir razılaşma əldə edə bilmərik”.
A.Həsrət bəyan edib ki, Erməni xalqı düşmənimiz də olsa, Paşinyan kimi səriştəsiz siyasətçinin idarəçiliyində yaşamağa məcbur olduqlarına görə, onlara yazığı gəlir:
"Ermənilər 20-30 ildir, zülm altında yaşayırlar. Torpaqlarımızı işğal altında saxladıqlarına görə, bütün erməni xalqı bir parça çörəyə həsrətdir. Ölkədə sabitlik, sabaha ümidlər yoxdur. Paşinyanın yerinə kim gəlir gəlsin, Dağlıq Qarabağ münaqişəsi həll olunmadan, işğal altındakı torpaqlar Azərbaycana qaytarılmadan Ermənistanın problemləri həllini tapmayacaq”.
Qeyd edək ki, Ermənistanın yeni baş naziri Nikol Paşinyanın dövlət proqramında yeniliklər edəcəyi, ölkənin siyasətini müəyyən qədər dəyişəcəyi ilə bağlı ümidlər var idi. Amma baş nazirin proqramı açıqlandıqdan sonra keçmiş prezident Serj Sarkisyanın strategiyasından fərqlənmədiyi ortaya çıxdı.
Aysel Aslan