"Ermənilər Bakıda Xocalı abidəsi qarşısında baş əyirlərsə..."

"Bu, bizim üçün təbliğat nöqteyi-nəzərdən vacib addımdır "


"Savaş xalqa deyil, orduya qarşı aparılır”.

Bunu Sherg.az-a "xalq diplomatiyası” fonunda Oksana Altunyan adlı erməni qadının Bakıya qonaq gətirilməsinin siyasi tərəflərini izah edərkən millət vəkili Fazil Mustafa deyib.

 O bildirib ki, istənilən xalqın tarixinə baxsaq, bu kimi hadisələrin mövcud olduğunu görərik:

"Bu gün bir alman və bir fransız küçədə qarşılaşanda 1944-cü ilin hadisələrini xatırlayıb, bir-birinə şillə vursa, o zaman mədəniyyətdən kənar vəziyyət ortaya çıxar. Bu gün ermənilərlə yazıçılar, şairlər, ictimai xadimlər müəyyən məkanlarda təmasda olursa və bu Azərbaycanın maraqlarına zidd deyilsə, imtina etmək yanlışdır. Belə məsələdə patriotik yanaşmalarla qiymət vermək olmaz.

Ermənilər gəlib, bizim maraqlarımıza uyğun hansısa mesaj verir, Xocalı abidəsi qarşısında baş əyirlərsə, bu, bizim üçün təbliğat nöqteyi-nəzərdən vacib addımdır. Ona görə, dar çərçivədən yanaşmamalıyıq. Biz sadəcə Ermənistan ordusu ilə vuruşmalı, Ermənistanı sıradan çıxarmaq üçün bütün vasitələrə əl atmalıyıq. Eyni zamanda diplomatik vasitələrdən imtina etmək kimi davranışımız olmamalıdır”.

Qeyd edək ki, "Azərbaycanla Ermənistan arasında sülh naminə platforma”nın fəalları Oksana Altunyan adlı erməni qadını Bakıya qonaq gətirib. Alxanlı kəndində iki yaşlı Zəhra Quliyevanın faciəsindən sonra erməninin Bakıya qonaq qismində gətirilməsi ictimaiyyət üzvləri tərəfindən qınanılıb.

Aysel Aslan