Ermənilər Bakıya gəlsin, gəlməsin

Musa Quliyev: “Biz də Ermənistana getməliyik, erməni deputatlar da bura gəlməlidir”
Akif Nağı: “Bu prinsipsizlik, mövqesizlik nə deməkdir, işğalçının paytaxtımızda nə işi var?”


Xəbər verdiyimiz kimi sentyabrın 22-də "Avronest” Parlament Assambleyasının Bakıda tədbiri keçiriləcək. Erməni mətbuatının yaydığı məlumata görə, Bakıdakı tədbirdə Ermənistanın "Avronest” PA-dakı nümayəndə heyətinin rəhbəri Armen Aşotyan və heyətin üzvü Mane Tandilyan da iştirak edəcək.

Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, tədbirdə erməni deputatların iştirakı mümkündür, amma gəlib-gəlməmələri özlərindən asılıdır:

 "Müraciət edərlərsə, müraciətlərinə baxılacaq”. Azərbaycanın "Avronest” PA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Fuad Muradov isə bildirib ki, tədbirin siyahısı həftənin sonuna qədər formalaşacaq: 

"Parlament üzvlərinin konfransda iştirakı sərbəstdir. Erməni mətbuatının məlumatı haradan götürdüyünü dəqiq bilmirəm. Son siyahı hələ bəlli deyil”. Millət vəkili Musa Quliyev "Avronest” Parlament Assambleyasının səmimi və xoş niyyətinə inanmadığını söyləsə də, erməni deputatların Bakıya gəlməsinə normal baxdığını deyib: "Hər hansı siyasi qurumun üzvüyüksə, həmin beynəlxalq təşkilatın qərarlarına, daxili nizamnaməsinə uyğun tədbirlər həyata keçirməliyik. Biz də Ermənistana getməliyik, erməni deputatlar da bura gəlməlidir. Qadağalar qoymaqla Azərbaycanın beynəlxalq nüfuzunu yüksəldə bilmərik. Digər tərəfdən ermənilərə, xüsusilə Qarabağda yaşayan Azərbaycan vətəndaşı olan ermənilərə qarşı tolerant münasibətimiz varsa, bunu da dünyaya nümayiş etdirməliyik. Bir neçə deputatın Bakıya gəlməsi prinsipcə heç nəyi dəyişmir”.

Məsələ ilə bağlı "Şərq”ə danışan Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə ermənilərin Bakıya səfər etmək niyyətinə sərt etirazını bildirib. Qurum rəhbəri deyib ki, Azərbaycanın torpaqları işğal altındadır və bunun səbəbkarı ermənilərdir: 

"Nə dəyişib ki, biz düşməni Azərbaycana buraxaq?! Ermənilər özlərini həyasızcasına aparırlar. Ermənistanın baş naziri Dağlıq Qarabağa gəlir və orada qondarma respublikanın "müstəqillik” gününü qeyd edir. Düşmən tərəf özünü bu cür aparırsa, biz onları hansı əsasla ölkəmizə qəbul edirik? Onlar düşmənimizdir, dövlətimizi və xalqımızı hər yerdə təhqir edirlər. Ermənilər Azərbaycanın tolerantlıq nümunəsinə layiq deyil. QAT olaraq qəti şəkildə buna qarşıyıq və düşmənin Bakıya gəlişini rədd edirik. Ermənistanın heç bir nümayəndəsi ölkəmizdəki tədbirlərə qatılmamalıdır”.

A.Nağı ermənilərin tədbirə qatılacağı təqdirdə atacaqları addımlardan söz açıb:

"Əgər ermənilər Bakıya gələrsə, QAT həmin tədbirə qarşı sərt aksiyalar keçirəcək və ermənilərin tezliklə rədd olub getməsi üçün əlimizdən gələni edəcəyik. Parlament nümayəndələri deyirlər ki, ermənilər müraciət edərsə, qəbul etməyə hazırdırlar. Niyə hazırsız axı? Bu prinsipsizlik, mövqesizlik nə deməkdir, işğalçının paytaxtımızda nə işi var? Hesab edirəm ki, Azərbaycan rəsmiləri bu məsələdə prinsipial mövqe sərgiləməlidir”.

İsmayıl