Ermənistan dəyişməsə ABŞ təzyiqləri artıracaq

"Paşinyan hakimiyyəti heç vaxt iki stulda otura bilməyəcək"



Ermənistanın Rusiyadakı səfiri Vardan Toqanyan ABŞ Prezidentinin müşaviri Con Boltonun İrəvana səfəri zamanı "Ermənistan tarixi ənənədən imtina etməlidir” fikrini şərh edib. Erməni diplomat tarixi yaddaşa hörmət edərək "yeni Ermənistan” qurduqlarını deyib. Toqanyan iddia edib ki, Ermənistanın xarici siyasətində ölkəni geosiyasi döyüşlərin və ya geosiyasi rəqabətin arenasına çevirmək barədə heç bir göstəriş yoxdur: "ABŞ Prezidentinin müşavirinin nə dediyini başa düşmürük. Bütün millətlər kimi ermənilər də reallığın tarixi hissəsində öz gələcəyini qurub. Mənim fikrimcə, tarixə hörmət etmək lazımdır. Buna baxmayaraq, uzun müsahibəsində cənab Bolton Ermənistan-Türkiyə sərhədinin açılması ehtimalı haqqında danışdı. Güman ki, Ermənistan-Türkiyə münasibətləri ilə əlaqədar fikirlərini tarixi keçmişə əsaslandırır. Rusiyalılarla əlaqələrimizdən danışarkən, nəzərə almaq lazımdır ki, bizim ortaq keçmişə bağlı olan bir neçə əsrlik mənəvi və mədəni əlaqələr tariximiz var. Strateji tərəfdaşlıq səviyyəsindəki hərbi-siyasi, mənəvi və mədəni sahələrdəki əlaqələrimizi də nəzərə alsaq, bizim qurduğumuz xarici siyasətin istiqamətini görmək o qədər də çətin olmamalıdır”. Toqanyan Ermənistanın xarici siyasət istiqamətində Rusiyanın yerini dəyişdirməyəcəyini vurğulayıb və əlavə edib ki, Ermənistan üçün Rusiya ilə strateji münasibətlər toxunulmazdır. Məlumdur ki, Paşinyandan sonra Ermənistanın durumu xeyli gərginləşib. Çünki qeyri-müəyyən siyasət yeridən Paşinyan Qərbə və Rusiyaya yönəlik ikili yanaşmaları ilə Moskvanın və Vaşinqtonun narazılığını artırıblar. Hər iki dövlət Ermənistanın yeni hakimiyyətinin konkret mövqe sərgiləməsini tələb ediblər. Ancaq Toqanyanın hiyləgər açıqlamasından da görünür ki, İrəvan hələ də qeyri-müəyyənliyini və yalan üzərindən siyasət yürütməyini davam etdirmək niyyətindədir.

Erməni səfirin açıqlamasını "Şərq”ə şərh edən "Sülh və Münaqişələrin Həlli” Mərkəzinin rəhbəri Məhəmməd Əsədullazadə deyib ki, Ermənistanın indiki hakimiyyətinin qeyri-müəyyən siyasəti ABŞ və Rusiya tərəfindən birmənalı qarşılanmır: 

"Con Boltonun İrəvanda verdiyi mesajlar, məhz tarixdən imtina edib, reallıqlarla barışmağı indiki hakimiyyətə tövsiyə edir. Çünki Rusiya ilə strateji tərəfdaşlıq bu ölkəni forposta çevirib. Əlbəttə, ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi və Türkiyəyə qarşı əsassız ərazi iddiası Vaşinqtonu narahat edir. Bolton tövsiyə edir ki, İrəvan bunlardan imtina etməli, hüquqi və demokratik cəmiyyət qurmalıdır. Ermənistanın Rusiyadakı səfiri xəstə erməni təxəyyülü ilə danışır. Toqanyan Rusiyanın öz ölkəsində nüfuzunun qorunub saxlanılmasında maraqlıdır”.

Ekspertin sözlərinə görə, ABŞ Ermənistanın siyasətində bu kimi dəyişikliklər görməsə, İrəvan təzyiqləri artıracaq: "Paşinyan hakimiyyəti heç vaxt iki stulda otura bilməyəcək. İki dilemma arasında qalan Paşinyan öz siyasi fiaskosunu gətirəcək. Ermənistanın tarixi ənənələrdən imtina etməməsi bu ölkənin müasir dünya ilə əməkdaşlığına mane olacaq”.

İsmayıl