Ermənistan meydanda tək qalacaq

Çalışmalıyıq ki, Qarabağ məsələsində Moskvanı erməni cəbhəsindən öz yanımıza çəkək
Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri və ölkəmizdə səsləndirdiyi fikirlər göstərdi ki, Moskva rəsmi Bakı ilə münasibətlərin intensivləşməsində maraqlıdır. Rusiya lideri səfəri çərçivəsində ölkəmizlə bir çox sahələrdə əməkdaşlıq etmək niyyətində olduğunu da dilə gətirdi. 
Dövlət başçısı İlham Əliyev də bütövlükdə regionun inkişafında, onun təhlükəsizliyinin təminatında, həmçinin biznesin, iqtisadi əlaqələrin davamlı olmasında Rusiya ilə yüksək səviyyəli əməkdaşlığı mühüm amil kimi qiymətləndirdi. Səfər fonunda Azərbaycanla Rusiya arasında bir sıra əhəmiyyətli sahələri əhatə edən çoxtərəfli müqavilələr, sazişlər imzalandı. 
Ekspertlərin fikrincə, Azərbaycan və Rusiya dövlət başçılarının mütəmadi xarakter alan görüşləri regionun təhlükəsizlik mühiti üçün yeni imkanlar açır. Sirr deyil ki, regionda həm Rusiya, həm də Azərbaycan aparıcı dövlətlər sırasında dayanır. Bu amilin özü belə qənaətə gəlməyə əsas verir ki, reallaşdırılan layihələr və irəli sürülən təşəbbüslər ölkələrimiz arasındakı sıx təmasları daha da artıracaq. Xüsusilə, son zamanlar Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki fəaliyyətini və Ermənistanın yeni hakimiyyətinin Kremlə münasibətlərini nəzərə alsaq, bu zaman Bakı görüşünün münaqişənin həllinə müsbət təsirlərini göstərə biləcəyini ifadə edə bilərik. Əməkdaşlığın sıxlaşması Rusiyanın həmsədr ölkə olaraq, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı atdığı addımları müsbət istiqamətə doğru yönəldə bilər.
Putinin Azərbaycana səfəri ilə bağlı "Şərq”ə danışan millət vəkili Zahid Oruc deyib ki, dövlət başçılarının sentyabr ayında iki dəfə görüşməsi öz-özlüyündə dövlətlərarası münasibətlərin xarakterini və onun nə qədər strateji mahiyyət daşıdığını ortaya qoyur. Deputatın sözlərinə görə, 1990-cı illərdə bunu ağla gətirmək mümkün deyildi: 
"O dövrdə hər iki dövlətin rəhbərliyində yanlış siyasətin aparılması, eləcə də Qərbin bu düşmənçiliyi təşviq etməsi səbəbindən Moskva-Bakı arasında tarixi əlaqələr pis duruma düşmüşdü. Son yüz ildə bizim rəhbərlər sırasında heç kim Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev qədər yaxşı işləyə bilməyib. Mərhum Heydər Əliyevə həm Qorbaçov, həm də Boris Yeltsin tərəfindən xəyanət edildi. Amma Putinin gəlişi fonunda Azərbaycanla əlaqələrdə müsbət mənada köklü dəyişiklik yarandı. Əgər bu gün öz ixracımızı daha çox Rusiyaya edə biliriksə, soydaşlarımızın mühüm hissəsi Rusiyada çalışır və yaşayırsa, Azərbaycanın xarici siyasətini müəyyən edən şəxslər təbii olaraq Moskva ilə münasibətləri normal saxlamalıdırlar”.
Z.Orucun sözlərinə görə, Putinin Bakıya səfəri Cənubi Qafqazda gedən müəyyən dəyişikliklər fonunda baş verdi:
 "Son üç-dörd ayda Ermənistanda gedən proseslər, dəyişən hakimiyyət və Paşinyan hökuməti tərəfindən Moskva ilə əlaqələrin korlanması regionda proseslərə yeni çalar verib. Bir ölkəni barmaqla göstərib, "bu dövlət Rusiyanın forpostudur” deməklə iş bitmir. Onsuz da Ermənistan forpost olması ilə fəxr edir. Biz bunu deməklə heç nə qazanmırıq. 
Əsas məsələ Ermənistanın müttəfiqlərini əlindən almaq, həmin dövlətlə daha yaxşı münasibətlər qurmaqdır. Çalışmalıyıq ki, Paşinyan forpost rolunu ifa etməkdən boyun qaçırsın. Belə olan təqdirdə, hərbi-siyasi meydanda Ermənistan tək qalacaq. Rusiyanın nəzarətindən və himayəsindən çıxan Ermənistan normal dövlət ola bilməz. Çünki düşmən ölkənin bütün iqtisadi infrastrukturu Rusiya tərəfindən qurulub. 
Ermənistanın sərhədlərini rus əsgərləri qoruyur. Belə məqamda hər fürsətdə Rusiyanın düşmənçiliyinə danışmaq sadəcə ermənilərin xeyrinə olur”.
Millət vəkili bildirib ki, Azərbaycanla Rusiya arasında iqtisadi əməkdaşlığın genişlənməsi digər sahələrdə də yaxınlaşmaya səbəb olacaq: 
"Şimal-Cənub Dəhlizinin layihəsinin ərsəyə gəlməsi və müxtəlif şirkətlər arasında əlaqələrin genişlənməsi müsbət haldır. İş o yerə çatıb ki, Rusiyanın "Baltik” markalı neftinin Azərbaycan zavodlarında emalı ilə bağlı razılıq əldə olunub. Rusiya öz resurslarının xaricə daşınmasında Azərbaycanı ən yaxın tərəfdaş hesab edir. İnkişaf edən Rusiya-Azərbaycan münasibətləri gələcəkdə bizə imkan verəcək ki, Dağlıq Qarabağ məsələsində Moskvanı erməni cəbhəsindən öz yanımıza çəkək. O zaman Rusiya Azərbaycan tərəfindən döyüşə atılacaq. Siyasət belə olur”.
İsmayıl