Ermənistanda forma dəyişsə də, məzmun qalır - İşğalçılıq siyasətinə davam




"İstər Ermənistanın özündə, istərsə də onun yaratdığı qondarma rejimdə hakimiyyət dəyişikliyinin olması Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir göstərmir”.

Bunu "Sherg.az”a Azərbaycanın işğal altındakı torpaqlarında yaranmış qondarma "Dağlıq Qarabağ Respublikası”nın rəhbəri Bako Saakyanın 2020-ci ildə yeni "seçki”lərdə namizədliyini irəli sürməyəcəyi barədə açıqlamalarını şərh edərkən Qarabağ Azadlıq Təşkilatının (QAT) rəhbəri Akif Nağı deyib. 

Onun sözlərinə görə, rəhbərliyin dəyişməsi Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin dəyişəcəyi anlamına gəlmir:

"Çünki həmin ərazilərdə hər şey xaricdən idarə olunur, müəyyən mərkəzlər tərəfindən yönləndirilir. Onların işğal olunmuş ərazilərlə bağlı mövqeyi məlumdur. Heç bir halda ərazilərimizdən çəkilməyəcəklər. Hakimiyyətdəki qüvvələr də erməni siyasətinə xidmət edir.

Dağlıq Qarabağdakı qondarma rejim rəhbərinin elə bir çəkisi yoxdur. B.Saakyan separatçı qurumun başına qoyulan simvolik fiqurdur. Qondarma Dağlıq Qarabağda hakimiyyətdə olanların məqsədi Ermənistanın işğalçılıq siyasətini orada davam etdirməkdir”.

QAT sədrinin fikrincə, işğal edilmiş ərazilər Ermənistandan deyil, daha çox xaricdən idarə olunur. O qeyd edib ki, bu bölgələrə Rusiyanın təsiri daha çoxdur:

"Qondarma Dağlıq Qarabağda elə siyasətçi rəhbər seçilə bilər ki, Rusiyanın mənafeyini müdafiə etsin. Hətta Rusiya orada hakimiyyətə gətirdiyi şəxsdən Ermənistanın özünə qarşı təzyiq vasitəsi kimi istifadə edə bilər. İstənilən halda, bu, Azərbaycan üçün yaxşı heç nə vəd etmir”.

Qeyd edək ki, Bako Saakyan bu addımı demokratik prinsiplər və separatçı regionda sabitliyi saxlamaq üçün atdığını deyib. Buna qədər isə, separatçı lider 2030-cu ilə qədər daha 2 müddətə "prezident” postunda qalmağı planlaşdırırdı.

Aysel Aslan