“Ermənistanda parlament idarə quruluşunun saxlanması vacibdir” – Medvedyev





Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Karen Karapetyanla Rusiyanın baş naziri Dmitri Medvedyev arasında telefon danışığı olub. Lent.az tert.am-a istinadən bildirir ki, telefon danışığı Dmitri Medvedyevin təşəbbüsü ilə gerçəkləşib. Telefon söhbəti Ermənistandakı küçə hərəkatı, ölkədəki mövcud siyasi və ictimai durum, sabitliyin tez bir zamanda təmin olunmasını əhatə edib. Bu barədə məlumatı Ermənistan baş nazirinin mətbuat xidməti yayıb. Məlumata görə, rusiyalı baş nazir deyib ki, Kreml hər zaman Ermənistanın yanındadır. Medvedyev indiki halda konstitusiyanın tələbləri daxilində parlamentli respublika idarə quruluşunun qorunub saxlanmasının vacib olduğunu da dilə gətirib. Tərəflər telefon danışığı zamanı Avrasiya İqtisadi İttifaqı çərçivəsində inteqrasiya əməkdaşlığı məsələlərinə toxunub.


Qeyd edək ki, Ermənistanın keçmiş baş naziri Serj Sarkisyan on dörd günlük küçə hərəkatından sonra ötən gün istefa verdiyini açıqlayıb.