"Ermənistandakı seçkidə kütləvi saxtakarlıq edilib" - Əksəriyyət səs verməyib





"Ermənistandakı seçki Nikol Paşinyana bağlı siyasi qüvvələrin təzyiqi altında baş tutub”.

Bunu "Sherg.az”a açıqlamasında Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov deyib.

Analitik bildirib ki, seçkilərdə kütləvi saxtakarlıq edildiyinin bariz nümunəsi odur ki, seçicilərin yarısı seçki məntəqəsinə gəlməyib:

 "Əksəriyyət səs vermək istəməyib. Belə məqamda hansısa "qələbə”dən danışmaq yersizdir və reallıqdan uzaqdır. Ermənilər həm fiziki, həm də mənəvi cəhətdən tamamilə yorulublar. Çünki 20 ildən artıq hakimiyyətdə olan siyasi qüvvələr erməni xalqına müsbət heçnə vermədi. Dağlıq Qarabağ problemi həll olunmamış qalıb. Ölkə aclıq, səfalət içindədir, kasıblıq baş alıb gedir. Siyasi və iqtisadi problemlər erməniləri nəinki seçkidən, ümumiyyətlə həyatdan bezdirib. Paşinyanın populist bəyanatları nəyisə dəyişmək gücündə deyil. Bu vəziyyətdə baş nazirin ölkəni idarə etmək imkanları sıfıra bərabərdir. Ermənistanı çox çətin və mürəkkəb vəziyyət gözləyir”.

Qeyd edək ki, Ermənistanda aylardır gözlənilən parlament seçkisi saxtakarlıq və qanun pozuntuları ilə baş tutub. Budəfəki seçki Ermənistanın müstəqillik tarixində seçicilərin ən az iştirak etdiyi seçki kimi tarixə düşüb. Seçici aktivliyi 48,63 faiz olub və Paşinyanın bloku 70 faizdən çox səs toplayıb. Seçki barajını isə "Mənim Addımım Bloku”ndan başqa Çiçəklənən Ermənistan və İşıqlı Ermənistan partiyaları aşa bilib. Sarkisyanın Respublikaçılar Partiyası da daxil olmaqla, seçkidə iştirak edən 8 siyasi güc parlamentdən kənarda qalıb.

İsmayıl