"Düşmən hücum edəcək, Qars müqaviləsinə görə, Türkiyə Azərbaycana köməyə gələrək, erməniləri məğlub edəcək. Türkiyə ordusu Ermənistanın ərazisinə girəndə Rusiya hərəkətə keçəcək"
"Levon Şirinyan kimi siyasətçiləri aktivləşdirən Ermənistandakı "Məxməri inqilab”dır”.
Bunu "Sherg.az”a erməni politoloq Levon Şirinyanın bu il ərzində Naxçıvanın Ermənistan ərazisinə qatılacağı barədə iddialarına münasibət bildirərkən Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu söyləyib.
Onun sözlərinə görə, "Məxməri inqilab”dan sonra Ermənistana edilən maliyyə yardımları dayanıb:
"Levon Şirinyan isə bunları görməzliyə vurur. Ermənistanın Naxçıvan barədə dırnaqarası planları 6 aydan çoxdur aktivləşib. Hələ Serj Sarkisyanın prezident olduğu dövrdə müzakirələr ortaya atılırdı. Ermənistanın Naxçıvana hücum planını aktuallaşdırmasının səbəbləri var. Bu ərazidə qoşunların təmas xəttində, işğal olunmuş ərazilərdə erməni və Azərbaycan orduları təkbətək üz-üzə dayanıb. Ermənilər başa düşürlər ki, müharibə başlasa, məğlub olacaqlar. Vurğunun Naxçıvan üzərində qoyulmasının məqsədi isə böyük dava salmaqdır.
Onlar hücum edəcəklər, Qars müqaviləsinə görə, Türkiyə Azərbaycana köməyə gələrək, erməniləri məğlub edəcək. Türkiyə ordusu Ermənistanın ərazisinə girəndə Rusiya hərəkətə keçəcək, müttəfiqi olan Ermənistanı qorumağa çalışacaq. Bu zaman rəsmi Moskva Ankaraya müharibə elan etməlidir. Beləliklə, məsələ böyüyərək, təşkilatların – NATO və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müharibəsinə çevriləcək. Aydın görünür ki, ermənilərin bu planının məqsədi Rusiya və Türkiyə arasında gərginlik yaratmaqdır”.
M.Əhmədoğlunun fikrincə, yalnız Naxçıvandakı əlahiddə qoşun korpusu erməniləri məhv edə bilər:
"Tək Naxçıvan istiqamətində deyil, hətta Qarabağda da qoşunlarımız erməni qüvvələrindən üstündür. Ona görə, ermənilərin hücum planı olsa belə, heç bir nəticə verməyəcək”.
Qeyd edək ki, Levon Şirinyanın sözlərinə görə, ermənilər Naxçıvan məsələsini ilkin olaraq, siyasi-hüquqi mənada bağlayacaqlar:
"Xarici İşlər Nazirliyində hesab edirlər ki, vəziyyət dəyişib və Naxçıvanın "erməni torpağı” olması ilə bağlı siyasi-hüquqi sənədlər hazırlanacaq və beynəlxalq təşkilatlara veriləcək. Lazım olacaqsa, müharibəyə də başlayacağıq”.
Aysel Aslan