Paşinyanın mövqeyi həmsədrlər üçün heç də sürpriz olmayacaq
Həmsədrlərin iyun ayında İrəvana səfəri ona görə vacibdir ki, gedib oradakı vəziyyətlə tanış olsunlar və fikir mübadiləsi aparsınlar. Bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib. Nazir bildirib ki, danışıqların istiqaməti bilinsə də, İrəvana səfərdən sonra müzakirələrin hansı yolla davam edəcəyi bəlli olacaq: "Həmsədrlərin Azərbaycana səfəri nəzərdə tutulmayıb. Əvvəlcə Ermənistana gedib yeni hakimiyyətlə tanış olmalıdırlar.
Kimlə danışacaqlarını və işləyəcəklərini bilməlidirlər. Yeni hökumətin ağlında nə olduğunu öyrənsinlər. Bu, həmsədrlər üçün vacibdir”. E.Məmmədyarov əlavə edib ki, həmsədrlər tərəfindən Ermənistan və Azərbaycan XİN başçılarının görüşü təklif edilsə də, hələ tarix və görüş yeri müzakirə edilməyib. XİN rəhbəri separatçıların danışıqlarda iştirakı məsələsinə də münasibət bildirib: "Ermənistan rəhbərliyi separatçı Dağlıq Qarabağ nümayəndələrinin danışıqlar prosesində iştirakını təklif edirsə, deməli, sülh prosesini öldürmək istəyir. Bu yaxınlarda Parisdə keçirilən görüşdə vasitəçilərə söylədim ki, belə bir təklif gülməlidir”.
Nazirin açıqlamalarını "Şərq”ə dəyərləndirən millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov da bildirib ki, həmsədrlərin Ermənistana səfəri orada baş verən hökumət dəyişikliyi ilə bağlıdır. Professorun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Paşinyanla görüşü böyük əhəmiyyət kəsb edir:
"Vasitəçilər yeni hakimiyyətin münaqişənin tənzimlənməsi ilə bağlı mövqeyini öyrənməlidir. Lakin inanmıram ki, Paşinyanın mövqeyi həmsədrlər üçün heç də sürpriz olmayacaq. Paşinyan bu yaxınlarda qondarma Qarabağ rejimini qeyri-qanuni ziyarət etdi. Qarabağa səfər zamanı baş nazirin səsləndirdiyi fikirlər həmsədrlər üçün ciddi siqnal olmalıdır. Bir çox hallarda baş nazir sələfi Sarkisyandan da uzağa gedərək, münaqişənin həllinə zərbə vuran yanaşmalar ortaya qoyur. Paşinyan tələb edir ki, danışıqlar sadəcə Ermənistan və Azərbaycan arasında aparılmamalı, separatçılar da masaya oturmalıdır. Həmçinin, Dağlıq Qarabağ "respublikası” beynəlxalq səviyyədə tanınmalı, Azərbaycan tərəfindən legitimliyi qəbul olunmalıdır. Məsələ ondadır ki, qondarma rejimin dünyada tanıdılmasından sonra yenidən Ermənistana birləşdirilməsi nəzərdə tutulur. Bu cür bəyanatlar səsləndirən bir zehniyyətlə heç bir halda konstruktiv danışıqlara getmək mümkün deyil. Ermənistanın yeni rəhbərliyinin addımları danışıqlar prosesinin baş tutmasına əngəl törədir”.
Deputatın sözlərinə görə, həmsədrlər İrəvan hökumətinin düşüncələrinə bələddir:
"Vasitəçilər Ermənistana gedən zaman Paşinyana izah etməlidirlər ki, onun israrla üzərində durduğu mövqe danışıqlara böyük zərbə vurur. Danışıqların dalana dirənməsi isə gözlənilməz nəticələr doğurur. Aprel döyüşləri bütün dünyaya sübut etdi ki, Dağlıq Qarabağ iddia edildiyi kimi dondurulmuş münaqişə deyil. Heç kim təminat vermir ki, ikinci "aprel döyüşü” bir daha baş verəməyəcək. Həmsədrlər Paşinyanı məsuliyyətsiz bəyanatlar verməkdən çəkindirməlidir. Çünki yeni baş nazirin mövqeyi həmsədrlərin də bütün fəaliyyətini heçə endirir. Ona görə də son zamanlar danışıqlardan daha çox hərbi əməliyyatlar məsələsi müzakirə olunur. Xarici siyasətdə kifayət qədər naşı olan Paşinyan öz açıqlamaları ilə prosesi müharibəyə doğru istiqamətləndirir. Prezident İlham Əliyevin dediyi kimi, "Azərbaycan aprel döyüşlərində malik olduğu potensialın çox cüzi bir hissəsini nümayiş etdirdi, əgər hamısını işə salsaydı, Ermənistanda daş üstə daş qalmazdı”.
İsmayıl