ETSN restoranlara qarşı maliyyə sanksiyalarını gücləndirir







"İctimai iaşə obyektləri və restoranlara qarşı maliyyə sanksiyaları son zərurət kimi tətbiq olunub və effekti olacaq”.

Bunu "Sherg.az”a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bakı şəhərinin inzibati rayonları ərazisində yerləşən ictimai iaşə obyektləri, şadlıq evləri və restoranlara cərimələr tətbiq etməsindən danışarkən "Konstitusiya” Araşdırmalar Fondunun eksperti Zaur İbrahimli söyləyib.

O qeyd edib ki, "Hamı qanun qarşısında bərabərdir” prinsipi tətbiq olunmalıdır:

"ETSN əvvəlcə müvafiq qaydada bu obyektlərin rəhbərlərinə xəbərdarlıq edib. Onlar bu xəbərdarlığa məhəl qoymadıqlarına görə, cəzalandırılıblar. Bu, müsbət haldır. Hansısa obyekt sahibləri kimlərəsə arxalanıb, müxtəlif maraqları təmsil edərək cəzalardan kənarda qalacaqlarsa, biz effektiv nəzarətdən danışa bilmərik.

Mütərəqqi praktika odur ki, maliyyə sanksiyaları ilə yanaşı maarifləndirmə tədbirləri, seminarlar və s. keçirilsin. Sahibkarlara izah olunmalıdır ki, ekologiyaya vurulan ziyan iş adamlarının özünə, ailələrinə, övladlarına vurulan ziyandır. Bu maarifləndirmələr genişmiqyaslı olmaqla yanaşı effektiv nəticəyə hesablanmalıdır. Cərimələmək ən asan yoldur. Amma bu şəxsləri düzgün istiqamətləndirmək daha düzgün addımdır və nazirlik buna diqqət etməlidir”.

Qeyd edək ki, nazirliyin məlumatına görə, müasir standartlara cavab verən təmizləyici qurğuların quraşdırılması barədə xəbərdarlığa əməl etməyən ictimai iaşə obyektlərinin sahibləri barəsində sərt tədbirlər görülməyə başlanılıb. "Atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin tələblərinin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinin 237.2-ci maddəsinə əsasən vəzifəli şəxsin 3500-4500, hüquqi şəxsin 20000-25000 manat məbləğində cərimə olunması nəzərdə tutulur" — deyə məlumatda bildirilir. Görülən tədbirlərdən sonra eyni vəziyyət davam edərsə nazirlik həmin obyektlərin fəaliyyətinin dayandırılması ilə bağlı müvafiq qurumlara müraciət edəcək.

Aysel Aslan