Elman Məmmədov: “Mən onu deputat həmkarım kimi yaxşı tanıyıram, ona tapşırılmış vəzifədə çox yüksək fəaliyyət göstərəcəyinə əminəm”
Əyil, dərdə bax...
Rövşən Rzayevin qaçqınların zirzəmilərinə enməsi müsbət qarşılanıb
Elman Məmmədov: “Mən onu deputat həmkarım kimi yaxşı tanıyıram, ona tapşırılmış vəzifədə çox yüksək fəaliyyət göstərəcəyinə əminəm”
Elman Məmmədov: “Mən onu deputat həmkarım kimi yaxşı tanıyıram, ona tapşırılmış vəzifədə çox yüksək fəaliyyət göstərəcəyinə əminəm”
Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin yeni sədri Rövşən Rzayev fəaliyyətinə yataqxanalardan başladı. Yeni sədr paytaxtın Nərimanov, Binəqədi və Xətai rayonları ərazisində müvəqqəti məskunlaşmış qaçqın və köçkün ailələrini ziyarət etdi, bərbad və qəzalı vəziyyətdə olan yataqxana və inzibati binaların otaqlarına, dəhlizlərinə baxdı, hətta nəm, rütubətli zirzəmilərə də endi. Komitə sədrinin bu səfəri həm də onu göstərdi ki, qəzalı binalarda acınacaqlı vəziyyətdə yaşayan qaçqın və məcburi köçkünlərin sayı hələ çoxdur.
Bununla belə R.Rzayevin addımı əksəriyyət tərəfindən müsbət qarşılanır. Zirzəmilərə enməkdən çəkinməyən komitə sədrinin tapşırılan vəzifələri yerinə yetirəcəyinə inam yarandığı bildirilir. O da deyilir ki, sabiq sədr - baş nazirin müavini Əli Həsənovu yataqxana otaqlarında görmək qeyri-mümkün idi. Amma biz "gedənin ardınca danışmazlar” prinsipinə sadiqliyimizi qorumaq qərarı aldıq. Və sadəcə, yeni sədrdən gözləntilərin nələr olduğunu öyrənməyə çalışdıq.
Məsələ ilə bağlı "Şərq”ə danışan millət vəkili Elman Məmmədov qeyd etdi ki, Rövşən Rzayev deputatlıq fəaliyyəti dövründə də qaçqın və məcbur köçkünlərin problemlərinin içində olub:
- Amma öncə bunu deməyi də özümə borc bilirəm ki, sabiq sədr Əli Həsənov haqqında deyilənlərlə razılaşmıram. Ə.Həsənovun komitəyə sədrlik etdiyi müddətdə Azərbaycandakı bütün çadır şəhərcikləri, vaqon evlər aradan götürüldü. Əlbəttə, bütün bu işlər cənab Prezidentin bilavasitə nəzarəti, tapşırığı altında aparılırdı. Əli müəllim də qarşıya qoyulan vəzifələri yerinə yetirirdi. Əli müəllim problemli yerlərdə olurdu, qaçqın və köçkünlərin problemlərini bilirdi. Dövlət səviyyəsində onun əməyi yüksək qiymətləndirilib. Bunlar hamısı göz qabağındadır və deməsək, ədalətli olmaz. Rövşən müəllimsə deputatlıq fəaliyyəti dövründən qaçqın və məcburi köçkünlərin problemlərinin içində olan insandır. R.Rzayev Dağlıq Qarabağın Azərbaycan İcmasının İdarə Heyətinin fəal üzvüdür. Yəni, həm də bu təmsilçiliyi səbəbindən qaçqın və məcburi köçkünlərin problemlərinə yaxşı bələddir. Qaçqın və köçkünlərin məskunlaşdığı yataqxanalara, inzibati binalara getmək, vəziyyətlə yerində tanış olmaq R.Rzayevin vəzifə borcudur. Əlbəttə, getməlidir, vəziyyət və ya problemlərlə bağlı kiminsə dilindən eşitdiyinə deyil, gözü ilə gördüyünə inanmalı, etibar etməlidir. Belə də edir. Özü gedir, baxır, köçkünlərin fikirlərini, təkliflərini dinləyir. Mən onu deputat həmkarım kimi yaxşı tanıyıram, ona tapşırılmış vəzifədə çox yüksək fəaliyyət göstərəcəyinə əminəm.
E.Məmmədov R.Rzayevin əslən Qarabağdan olduğunu dedi:
- Təbii ki, biz burada bölgə söhbəti aparmırıq. Sadəcə, Rövşən Rzayevin Qarabağ bölgəsindən olduğunu deməklə, onun qaçqın və məcburi köçkünlərin problemlərinə daha yaxından bələdliyini önə çəkmək istəyirəm. R.Rzayev Avropa Şurasında Azərbaycan nümayəndə heyətinin üzvü kimi də, həmişə qaçqın və məcburi köçkünlərin problemini qaldırırdı. Rövşən müəllimin atası Şükür Rzayev hüquq-mühafizə sistemində çalışırdı. Şükür Rzayev 1991-ci ildə Dağlıq Qarabağa prokuror təyin edilib, ermənilər tərəfindən girov götürülüb, işgəncələrə məruz qalıb, çox çətinliklə girovluqdan azad edilib. Yenə də hüquq-mühafizə orqanlarında çalışıb.
Qəzalı və acınacaqlı durumda olan yataqxanalara gəlincə, E.Məmmədov vəziyyətdən xəbərdar olduğunu dedi:
- Nəinki acınacaqlı, hətta dözülməz vəziyyətdə yaşayan köçkünlərimiz var. Bu işlər mərhələli şəkildə həllini tapmalıdır və tapacaq. Ötən illər ərzində 250 min köçkün yeni mənzillərlə təmin edilib. Lakin yaşayış şəraiti dəyişdirilməli olanların sayı bundan 4 dəfə artıqdır. Son zamanlarda məlumdur ki, müəyyən maliyyə problemləri yaşandı, ona görə də bəzi layihələrin reallaşması ləngidi. Ötən il ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 1000 nəfərdən çox məcburi köçkünün qəzalı binadan köçürülməsi layihəsi gerçəkləşdi. Bilirəm ki, başqa layihələr də var. Məsələn, Abşeron yarımadasının Qobu kəndi ətrafında 90 min nəfərlik şəhərciyin salınması gözlənilir. Yəni, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində işlər davam edir. Təbii ki, hamımızın ən böyük arzusu, istəyi bu məskunlaşmanın doğma yurd yerlərində olması, yeni qəsəbələrin işğaldan azad olunacaq ərazilərimizdə salınmasıdır.
Məlahət